"Siyasi partiyalar haqqında" qanuna əsasən partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir.
Artıq partiyalar hesabatlarını MSK-ya təqdim ediblər.
Modern.az 2025-ci il üzrə partiyaların nə qədər üzvlük haqqı toplamasını araşdırıb.
Yeni Azərbaycan Partiyası(YAP)
2025-ci ildə YAP-ın topladığı üzvlük haqqının məbləği 33 936 225 manat olub. Əvvəlki dövrlə müqayisədə 2 548 275 manat artıq üzvlük haqqı toplanıb. Belə ki, 2024-cü ildə toplanmış üzvlük haqqının məbləği 31 387 950 manat təşkil edib.
Müsavat Partiyası
Partiyanın təqdim etdiyi hesabatdan görünür ki, 2025-ci ildə üzvlük haqqı toplanmayıb. Ötən dövr ərzində toplanan üzvlük haqqının məbləği isə 14 063 manat olub. Hesabat dövrü üzrə partiyaya 20000 manat ianə edilib.
Haqq Ədalət Partiyası (HƏP)
Partiyanın 2025-ci ildə topladığı üzvlük haqqının məbləği 1323,28 manat təşkil edib. Əvvəlki dövr üzrə toplanmış üzvlük haqqının göstəricisi isə 1045 manatdır.
Demokratik İslahatlar Partiyası (DİP)
Hesabat dövrü ərzində DİP-ə üzvlük haqqı ödənilməyib. 2024-cü ildə də vəziyyət eyni olub.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
VHP-yə hesabat dövrü və əvvəlki dövr üzrə üzvlük haqqı ödənilməyib.
Ağ Partiyası (AğP)
AğP-yə ötən il 21500 manat üzvlük haqqı ödənilib. Əvvəlki dövr üzrə üzvlük haqqı toplanmayıb.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası
ƏHD-ə nə hesabat, nə də əvvəlki dövr üzrə üzvlük haqqı ödənilməyib.
Böyük Quruluş Partiyası (BQP)
Böyük Quruluş Partiyasına 2025-ci ildə ödənilən üzvlük haqqının məbləği cəmi 200 manat təşkil edib. 2024-cü ildə isə 260 manat üzvlük haqqı toplanıb.
Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
ADMP-yə ödənilən üzvlük haqqının hesabat dövrü və əvvəlki dövr üzrə məbləği cəmi 140 manat olub.
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
Milli Dirçəliş Hərəkatı Partiyasına nə 2024, nə də 2025-ci ildə üzvlük haqqı ödənilib.
Azərbaycan Xalq Partiyası (AXP)
Partiyanın MSK-yə təqdim etdiyi maliyyə hesabatında üzvlük haqqının toplanması barədə məlumat göstərilməyib. Partiyaya hesabat dövrü ərzində verilən ianənin məbləği isə 2345 manat təşkil edib.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
Partiyanın təqdim etdiyi hesabatda 2025-ci ildə toplanan üzvlük haqqı 10 431,0 manat göstərilib. Əvvəlki dövr üçün isə üzvlük haqqı ödənilməyib.
Respublikaçı Alternativ (REAL) Partiyası
Partiyanın MSK-yə təqdim etdiyi sənəddə 2025-ci il üzrə yığılan üzvlük haqqı 0,00 manat olaraq, göstərilib. Əvvəlki dövrdə isə partiya cəmi 12,00 manat üzvlük haqqı toplayıb.
Azad Vətən Partiyası (Azad Vətən)
Partiyanın hesabat və əvvəlki dövr ərzində yığdığı üzvlük haqqının məbləği 0 manat olaraq göstərilib. Bunun əvəzində hesabat dövrü ərzində partiyaya 15300 manat ianə edilib. Əvvəlki dövrdə partiyaya verilən ianənin məbləği isə 3500 manat təşkil edib.
“Ana Vətən” Partiyası (AVP)
Partiyanın təqdim etdiyi sənəddə 2025 və 2024-cü ildə ödənilən üzvlük haqqı barədə məlumat verilməyib.
Ədalət Partiyası
Ədalət Partiyası da 2025 və 2024-cü il üzrə üzvlük haqqı ilə əlaqədar hər hansı məğbləğ təqdim etməyib. Sənəddə partiyaya 2025-ci ildə 7905 manat ianə qəbul etdiyi göstərilib.
Böyük Azərbaycan Partiyasının (BAP)
Böyük Azərbaycan Partiyasının (BAP) təqdim etdiyi hesabatda isə nə üzvlük haqqı, nə də ianə bölməsində hər hansı rəqəm göstərilib.
Yeni Zaman Partiyası (YZP)
Partiyaya nə 2025, nə də 2024-cü ildə üzvlük haqqı ödənilməyib. 2024-cü ildə isə partiyaya 200 manat ianə verilib.
Azərbaycan Ümid Partiyası (ÜMİD)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2024-cü ildə 2336 manat üzvlük haqqı toplasa da, 2025-ci ildə üzvlük haqqı yığa bilməyib.
Vəhdət Partiyası
Vəhdət Partiyasına (VP) da 2024 və 2025-ci ildə üzvlük haqqı ödənilməyib.
Milli Cəbhə Partiyası (MCP)
Partiyaya 2024 və 2025-ci il üzrə üzvlük haqları ödənilməyib.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası (ADP), Müasir Müsavat Partiyası, Ümid Partiyası, Gələcək Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası isə Maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə Arayış təqdim ediblər. Yəni bu partiyaların maliyyə fəaliyyətlərinin göstəricisi sıfır olub.