Modern.az

"İndiki deputatların əksəriyyəti bu il də seçiləcək"

"İndiki deputatların əksəriyyəti bu il də seçiləcək"

9 İyul 2010, 17:22

st1:*{behavior:url(#ieooui) }

Modern.az saytı və Parlament Jurnalistləri Birliyi yeni bir layihəyə başlayıb. Bu layihə çərçivəsində Parlament Jurnalistləri Birliyinin üzvü olan KİV nümayəndələrinin Milli Məclisin komitə rəhbərləri ilə görüşü təşkil edilir. Bu gün Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü sayca ikinci görüşü Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovla keçiriblər. Görüşdə söhbət çox maraqlı alınıb. Hələlik bəzi məqamları oxucuların diqqətinə çatdırıq. Birliyin rəhbəri Elşad Eyvazlı bildirib ki, bundan öncə eyni məzmunlu görüşü parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə keçiriblər. O qeyd edib ki, bu cür görüşlər davamlı olacaq və jurnalistlər hər dəfə bir komitə rəhbəri ilə açıq şəkildə diskussiya edəcəklər: “Burada məqsəd üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibətini öyrənmək, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat əldə etmək, digər məsələlər barədə geniş diskusiya aparmaq, jurnalistləri maraqlandıran suallara cavab almaqdır. Nəzərdə tutmuşuq ki, parlament seçkilərinə qədər bu prosesi başa çatdıraq”.  Parlament Jurnalistlər Birliyinin üzvləri ilə görüş zamanı Milli Məclisin mədəniyyət komitəsinin sədri N.Cəfərov müxtəlif məsələlərdən danışıb. Məsələn, o, deyib ki, Azərbaycanda adqoyma mədəniyyəti, fantaziyası zəifdir. Bunu iddia edən millət vəkili Nizami Cəfərovun sözlərinə görə, Azərbaycanda qoyulan adların siyahısı çox dardır. Məsələn, hazırda ölkədə 40.500 Əli var, 35 minə qədər adamın adı Elçindir. İndi ölkəmizdə 33 min Vüqar, 31 min Anar, 30 min Elnur yaşayır. Samir, İlqar Elşən, Vüsal, Rəşad, Azər, Məhəmməd kimi adların sayı 25 minə yaxındır. Qadın adlarına gəlincə, liderlik Sevincdədir -

47 min. Bununla yanaşı, 40 min xanıma Günel, 35 mininə isə Leyla, Aygün adları qoyulub.

Deputat rəsmi statistikaya istinad edərək Azərbaycanda ad qıtlığının olduğunu deyib. Onun sözlərinə görə, komitə yeni adlar siyahısı hazırlayacaq: “Dağ, çay adları, dastanlarımız, yazılı ədəbiyyatımızdan müxtəlif ad seçib böyük bir siyahı tərtib etmişik. İndi elə adlar var ki, Azərbaycan 10-15 nəfərdə var. Bu cür adları genişləndirmək lazımdır. Biz insanlara ad qoymaq üçün seçim verməliyik”. Nizami Cəfərov nəvələrinin adını Alpər və Atilla qoyub. Onların soyadı da şəkilçisiz variantdadır.

 

Bu yaşdan sonra soyadımı dəyişsəm, yüngüllük olar

Soyadlara gəlincə, Nizami Cəfərov indi soyad dəyişmək üçün yaşının gec olduğunu deyib: “Bu yaşdan sonra soyad sonluğunu dəyişmək mənə bir az yüngül gəlir. Bəzi yazıçılarımız dəyişdi, amma mənə bir az qəribə gəldi. Cəmiyyətimiz maşallah hər şeyə alışır. Amma mən özüm hələ alışa bilmirəm”.

 

N.Cəfərovun sözlərinə görə, artıq Azərbaycan Respublikasının adlar və soyadlarla bağlı dövlət informasiya sisteminin yaradılması konsepsiyası hazırdır. Burada məsələyə sistemli yanaşma var: “Sənədin əsas mahiyyəti də odur ki, Azərbaycanda “-ov” və “-yev”lə bitən soyadlar minimuma endirilsin. Bu gün Azərbaycan əhalisinin 80 faizi “-ov” və “-yev”lə bitən soyad daşıyır. Məsələnin mürəkkəbliyi də ondadır ki, biz bunu yalnız sərəncamla edə bilərik. Gərək təkliflərimiz o qədər əsaslı olsun ki, tək 10 milyon yox, 50 milyona qədər azərbaycanlı qəbul etsin”.

 

Vacib deyil layihə mütləq qəbul edilsin

Nizami Cəfərov rəhbərlik etdiyi komitənin bir xüsusiyyətindən də danışıb: “Bizim komitə Hadi Rəcəblinin komitəsi deyil ki, nəyisə müzakirə ediriksə, mütləq qəbul edilsin. Məsələnin müzakirəyə çıxarılması da vacibdir. Beş ildir ki, “Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında” qanunu başa çatdıra bilmirik. O qanun üzərində işləməyə başlayandan bilirdim ki, belə olacaq. Amma hər halda təsiri oldu. Yaxud, biz şou-biznes haqqında qanun qəbul etsək də, etməsək də eyni şeydir. Əsas odur ki, diqqəti bu məsələyə cəlb edək”. 

 

Müəllim Nizami Cəfərov deyir ki, o dərsi bilən tələbəsinə “5”, bilməyənə “4” yazır. Hərdənbir lap faciəli vəziyyətdə olanına “3” qiymət verir: “Mənə elə gəlir ki, bundan əvvəlkinə nisbətən üçüncü çağırış Milli Məclis üzvlərinin intellekti kifayət qədər müsbətdir, yəni “5” vermək olar. İkinci çağırış parlamentdə biz çox mübahisə edirdik, sanki özümüzə də nəyisə sübut etmək istəyirdik. İndi hamı hər şeyi bilir. Birdən bir deputat çox mənasız çıxış edəndə daha heç kim ona açıq etiraz eləmir, elə baxıb gülür. İntellekt olan yerdə həmişə təmkin də olur. Məncə üçüncü çağırışda deputat olanların böyük əksəriyyəti bu il də seçiləcək”.

 

Kampaniya dostlarım ayrıdır

 

İndiki deputatlar arasında Hadı Rəcəbli, Ziyad Səmədzadə, Səyavuş Novruzovla dostluq etdiyini deyən Nizami Cəfərov parlamentdən olmayan, yeyib-içmək dostlarının olduğunu da deyib: “Bu dostlarımın dairəsi universitet vaxtı formalaşıb. Elə adamlar var ki, onlarla yol gedə bilərsən, polemika apara bilərsən, amma onlarla yeyib-içə bilməzsən, çünki onları görəndə iştahan qaçır”.

 

N.Cəfərov YAP üzvü kimi partiyanın məsləhətinə uyğun olaraq seçkidə namizədlik məsələsini dəqiqləşdirəcək: “Kimsə partiyanın məsləhətinin ziddinə namizədliyini verəcəksə, partiya onu müdafiə etməyəcək. Partiya səni müdafiə etmirsə, deməli 70-80 faizlik gücə qarşı müqavimət göstərirsən”.

 

Qalstuk taxmağı xoşlamıram, bilmirəm niyə...”

 

Görüş zamanı bir çox məsələlərə münasibət bildirən Nizami Cəfərov qalstuka marağı olmadığını da söyləyib: “Amma vacib rəsmi tədbirlərə taxıram. Hələ müəyyənləşdirə bilmirəm ki, niyə xoşlamıram. Məndə nəsə alınmır da...”.

 

Röyanı yaxşı sənətkar hesab edən deputat deyir ki, onun bəzi mahnıları, bəzi hərəkətlərini bəyənmir. “Amma kimsə desə ki, intellekti olan ciddi adam Röyanı istəyə bilməz, düz deyildi. Azərin ayrı bir sənətkardır. Hər bir müğənnidə nəsə bir üstün cəhət var. Aygün Kazımovanın elə mahnıları var ki, çox gözəldir. Səs gözəl, istedadı var. Amma maraqsız mahnıları da var. Yaxud da Murad Dadaşov. Müxtəlif verilişlər aparır. Dünyanın məşhur şoumenləri öz üzərilərində çox işləyir. Amma bizdə bazarın darlığı imkan verir ki, şoumenlər öz üzərilərində işləməsinlər. Amma Murad Dadaşov istedaddır, öz də nəhəng istedaddır. Bunu heç kim dana bilməz”.

 

 

Modern.az 

P.S. Nizami Cəfərovla görüşdən hazırlanan söhbət  və şəkillər bütövlükdə sabah saytımızda yerləşdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir