Modern.az

Azərbaycandakı sanatoriyalara gedənlərin sayı, güzəştlər və qiymətlər AÇIQLANDI

Azərbaycandakı sanatoriyalara gedənlərin sayı, güzəştlər və qiymətlər AÇIQLANDI

Reportaj

8 Avqust 2014, 17:44

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)bu il  sanatoriya-kurort müəssisələrinin 99%-də təmir-abadlıq işləri aparıb. Təkcə “Şıx” sanatoriyasından başqa”. Bunu Modern.az saytına açıqlamasında AHİK Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən sanatoriyalar müxtəlif xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub:

“2013-cü ildə AHİK tərəfindən 8 sanatoriya, 1 müalicə pansionatı, 6 istirahət bazasına yollayışlar verilib. Sanatoriyaların  6-sı ilboyu, digər 2-si- müalicə pansionatı və istirahət bazaları mövsümü fəaliyyət göstərir.

Sanatoriyaların təyinatı müxtəlifdir: “Bilgə” kardioloji, “Abşeron” mədə-bağırsaq, “Günəşli” sinir sistemi, “Qaranquş” böyrək, “Şıx” sümük-əzələ sistemi, “Naftalan”, “Xəzər”, “Şəfa” (Qax) müalicə pansionatı  ümumi xəstəliklər üzrə ixtisaslaşıb”..

N. Ağamirov deyir ki, yollayışların qiyməti 450 manatdan başlayır:  “Sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların (“putyovka”) qiyməti 450-750 manat arasında dəyişir. Ötən illə müqayisədə yollayışların qiymətində demək olar ki, dəyişiklik baş verməyib. Sanatoriya və istirahət evlərinə yollayışlar məcburi dövlət sosial sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. Yollayışların ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam güzəştlə  pulsuz verilir”.

Müsahibimizin sözlərinə görə, yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır. İşçilər və tələbələr yollayışlar üçün  aidiyyatı qurumlara müraciət edə bilərlər:

“İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək, yollayışlar ala bilərlər. Müəssisələrin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq, müvafiq yollayışlarla təmin edir. Məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə - əgər ailə üzvü məcburi sosial sığorta haqqı ödəyirsə -  onda ailə üzvü üçün də yollayışın dəyərinin 15%-ni ödəyir. Əgər işləmirsə,  məcburi dövlət sosial sığorta ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə bilər”.

N.Ağamirov həmçinin bildirib ki, həmkarlar ittifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ var:

“2013-ci ildə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 22 min nəfərə yaxın şəxs, həmkarlar ittifaqı üzvü yollayışlardan istifadə edib. Bundan əlavə, həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına 28 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü də yollayışlardan istifadə edib. Ümumilikdə 50 min 500 nəfər sosial sığorta ödəyicisi yollayışla təmin olunub”.

Bu il 50 min nəfərdən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyi gözlənilir:
“AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri müasir tipli pansionatlarda işçilərinin istirahətlərini təşkil edirlər. Məsələn, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasındakı  istirahət mərkəzində mövsüm ərzində 400 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabrandakı  “Lokomotiv” istirahət mərkəzində 360 nəfərdən çox, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Nabrandakı “Ülfət” istirahət zonasında 1000 nəfərə yaxın insan istirahət edir”.

Nazim Ağamirov deyir ki, təhsil işçiləri Azad Həmkarlar İttifaqı yeni istirahət mərkəzi istifadəyə verib: “Ötən il Azad Həmkarlar İttifaqı təhsil işçiləri üçün Nabranda 288 nəfərlik “Təhsil” istirahət mərkəzi istifadəyə verib.  Bundan əlavə,  Səhiyyə İşçiləri Həmkarlar İttifaqı  Qusar rayonu ərazisində  istirahət bazası inşa etdirir, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da bu yaxınlarda öz vəsaiti hesabına 2 hektar torpaq sahəsi alaraq, orada öz işçiləri üçün sağlamlıq-istirahət mərkəzi yaratmağı planlaşdırır.

Daha bir müalicə-sağlamlıq ocağı - Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdindəki sanatoriya-profilaktoriya bu il də fəaliyyətini davam etdirir. Həmin sağlamlıq ocağında hər il 650 nəfər müalicə alaraq, sağlamlığını bərpa edir. Sanatoriyaya bir ədəd yollayışın qiyməti 220 manatdır. Məcburi dövlət sosial sığortasına cəlb olunmuş şəxslər, yəni metropoliten işçiləri yollayışın dəyərinin 15 faizini, yəni 33 manat ödəməklə əldə etmək hüququna malikdirlər, lakin bu vəsaitin ödənilməsini də Metropoliten İşçiləri HİB öz üzərinə götürüb və  işçilər yollayışları tam güzəştli olaraq pulsuz əldə edirlər”.

Qeyd edək ki, “Şıx” sanatoriyasında bu il və yaxud gələn il təmir gözlənilir.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!