Modern.az

Telejurnalist Sevinc Osmanqızı ilə FOTOSÖHBƏT

Telejurnalist Sevinc Osmanqızı ilə FOTOSÖHBƏT

22 Avqust 2014, 14:23

Modern.az ANS-in Amerika bürosunun rəhbəri Sevinc Osmanqızı ilə FOTOSÖHBƏT layihəsini tədqim edir.

Sevinc Osmanqızı 1969-cu il iyunun 22-də Bakıda ziyalı ailəsində anadan olub. 1986-cı ildə Osman Mirzəyev adına 190 saylı orta məktəbi qızıl medalla, 1991-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diploma ilə bitirib.  “Assa-İradə” agentliyində və AzTV-də müxbir işləyib. 1994-cü ildə Azərbaycan XİN-də 3-cü katib işləməklə, müasir Azərbaycan tarixində diplomat vəzifəsinə götürülən ilk qadın olub. Londonda BBC radiosunun jurnalist-produseri,  ABŞ-ın Azərbaycandakı səfirliyində mətbuat katibi işləyib.  ANS TV-nin Xəbərlər Xidmətinin Baş Redaktoru, Vaşinqtonda xüsusi müxbiri çalışıb.  CNN və BBC-də Azərbaycana dair verilişlərin müəllifidir. Şəhid jurnalist Osman Mirzəyevin qızıdır. İki oğlu var.  

 

Bu şəkil 6 ayımda çəkilib.  Başımdakı “bant”ı görürsüz, özümdən böyükdür.  

Atam, anam və mən. Evin sonbeşiyi olmuşam. Deyirlər, atam 2 qızdan sonra oğlan gözləyirmiş, amma məni görüb, o qədər sevinib ki, adımı “Sevinc” qoyub. Doğrusu, adıma görə ona çox minnətdaram. Türkdillilər adımı biləndə məni “özününkü” kimi qəbul edirlər. 

 

Bu şəkildən çox xoşum gəlir.  Atam-anam mehriban cütlük olublar.  Atamın da yumor hissini bilməyən yoxdur.  Bu şəkilə baxanda uşaqlığımı xatırlayıram.  

Yenə atamın işində, redaksiyadayıq.  Nə qədər deyirdilər, kameraya bax, baxmırdım. Yəqin utanırdım.

 

Burda çox ciddiyəm.  Bu şəkli əlaçı kimi məktəbdə divara asılmaq üçün çəkilib.

Bu, bizim sinfimizdir.  Sağdan 3-cü mənəm.  İngilis dili müəlliməm, həm də sinif rəhbərimiz Rizvaniyə Qasımova ilə birgə.  Məktəbi,  müəllimlərimizi, sinif yoldaşlarımı ən isti hisslərlə xatırlayıram.  Məni xəstə olanda da məktəbdən saxlamaq mümkün deyildi.

 

Burda 19 yaşındayam.  Elə bil dünən idi, vaxt necə uçur.  O vaxt saçlarımı arxaya yığmağı xoşlayardım.

 

Burda atamın iş otağındayıq.  Atam saçımı darıyır.  Şəkil çəkdirməyə hazırlaşırıq.  Atam çox qayğıkeş insan idi.  İnanırsız, yeri indi də görünür. 

Bu şəkil düz 20 il əvvəl Londonda BBC-nin Orta Asiya və Qafqaz xidməti açılanda çəkilib.  Bütün xidmətimizin əməkdaşları BBC-nin yayımlandığı Buş Hausun qarşısındayıq. Bu, artıq tarixdir.  İndi nə Buş Haus qalıb, nə də BBC-nin Azərbaycan xidmətinin radioyayımları.   Amma hazırladığımız peşəkar verilişləri, ümid edirəm ki, xatırlayan çoxdur.

 

Bunu Amerikalı jurnalist Tomas Qolts çəkib. 1993-cü ildir, Parlamentin qarşısında piketin başlamasını gözləyirəm.    O vaxt AzTV-nin müxbiri idim.



Tələbəlik illərinin rəfiqəsi Aynur Sofiyeva ilə.  İndi mənə pul versən də, əynimə heyvan dərisi geyinmərəm.  İllər insanı dəyişir...

Anamla Londonda 2000-ci ili qarşılayırıq.  Yeni minilliyi.   Uşaq kimi sevinirəm.

 

Atamla toy məclisindəyik.  Son şəkillərimizdəndir. Atalı illərin ləzzəti bir başqa idi...

Bu isə Barak Obama ilə şəklimizdir.  Bakıda mətbuat konfransında çəkilib.  O vaxt senator idi.  4 il sonra prezident oldu.

Bu şəkil tamam yadımdan çıxıb.  Yenə Bakıda mətbuat konfransında çəkilib. Solda əyləşən indi ABŞ-ın Müdafiə Naziri Çak Heqeldir.  

Bu, ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldlə Amerikada görüşümüzdəndir.  Onun əyləşdiyi kreslonu görürsüz, arxasında bütün tutduğu vəzifələr yazılıb. 

 

Bu isə ABŞ-ın Dövlət Katibinin keçmiş birinci müavini Riçard Armiticlə görüşümdəndir.  Müsahibə o qədər maraqlı keçdi ki, bir saatın necə keçməsini hiss etməmişəm.

 

Zbiqnev Brzejinskinini adını uşaqlıqdan tanıyırdım. Onunla müsahibəni xüsusilə gözləyirdim. Sovet dövründə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri işləyib. Atam onun üçün deyərdi ki, güclü siyasətçidir. Ona görə onun bütün kitablarını oxumuşam.

 

Deyirlər, ən gözəl qrim yuxudur.  Bu şəkil çəkiləndə kiçik oğlum balaca idi, gecələri pis yatırdı. Yadıma gəlir, o gün gözlərimdən yuxu tökülürdü, amma şəkildə heç hiss olunmur. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi