Modern.az

Çörək muzeyinin “Sünbül”ü

Çörək muzeyinin “Sünbül”ü

Təhsil

4 Sentyabr 2014, 21:02

Saleh Muradov ağdamlıdı. Onu digər həmyerlilərindən fərqləndirən cəhət Çörək muzey-komleksinə aid “Sünbül” kafesini 1985-ci ilin yayından işğal gününədək işlətməsidir.  1965-ci ildən 1983-cü ilədək diş texniki işləyib. 1983-cü ildən, o vaxtki  “OBXSS” adlı qurumun əməkdaşlarının “səyi” nəticəsində bu sahədən uzaqlaşmalı olub.

Nəticədə Saleh Muradov bazarda yeməkxanaya müdir düzəlir. Bu sahədə texnikumu bitirən Saleh  iki il ərzində ticarətçilər arasında müəyyən hörmət-izzət qazanır. 1985-ci ilin yayında isə İstisi sanatoriyasında müalicə alarkən dostlarından biri onu  “Sünbül”ü işlətməyə dəvət edir. Belə təklifi isə rədd etmək olmazdı. Onadək isə “Sünbülü” iki nəfər işlətmişdi. Amma ürəkaçan hərəkətlər edilmədiyindən onlar işlərini təhvil verməli olmuşdular. “Sünbül” kafesi və Çörək Muzeyinin yerləşdiyi dəyirman  Ağdam Rayon İctimai İaşə Müəssisəsinin balansında idi... 

“Sünbül” kafesi orjinallığı ilə digərlərindən seçilirdi. Ağdamlı rəssam-dizayner Zakir Rüstəmovun sayəsində hər tərəf milli üslubda ornamentlərlə bəzəldilmişdi. Qarğıdan hörülmüş laylarla həm tavan, həmdə divarlar bəzədilmişdi. Ayaqaltı hissəyə  palaz və kilimlər döşənmişdi. Üstəlik kafedə dörd ədəd təndir quraşdırılmışdı. Muzeyə gələn qonaqların əksəriyyəti burada çay içməmiş getməzdilər.

Muzeylə “Sünbül”ün arasında yay zalı var idi. İki yüz kvadratmetrlik ərazidə çərhovuz, taxtadan müxtəlif ölçülü üstü örtülü  günəş  işığının qarşısının alınması üçün qurğular quraşdırılmışdı. 

Məhz həmin  ərazidə Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə  ədəbi-bədii məclislər təşkil olunar, konsertlər verilərdi. Gələn qonaqlara, o cümlədən məhsul bayramları ərəfəsində təşkil edilən görüşlərdə yüz nəfərədək adam rahat şəkildə otura bilərdi.

Mədəniyyət Şöbəsinin  xüsusi olaraq yay zalı  üçün proqramı tərtib olunardı... 

Beləliklə, Saleh Muradovla “Dostluq”da oturub  “Sünbül” haqqında danışırıq.  Müəyyən adları unutsa da bir çox maraqlı faktlar barəsində fikirlərini bizimlə bölüşür:

- Muzeyin binası ilə üzbəüz tanınmış uşaq həkimi Ədalət Heydərovun mənzili idi.  Muzeyin qarşısından isə dəyirman həyətinə gedirdin...

Yay zalına girərkən sol tərəfdən muzeyə, sağ tərəfdən isə “Sünbül”ün qış zalının giriş qapısı gəlirdi. Sünbülün qış zalı 90 kv/metr olardı.  Zalın içərisindən mətbəxə, ordan da təndirlərə gedirdin...

Rayon rəhbərliyi başda Sadiq Murtuzayev olmaqla hamısı “Sünbül”də nahar edərdilər...

İndiki icra başçımız Raqub Məmmədov da o zaman komsomolda işləyirdi. Sonradan komsomola birinci katib seçdilər. O da tez tez “Sünbül”də nahar edər, gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı təkliflərini  verərdi...

“Sünbül”ün mənimlə bərabər səkkiz nəfər işçisi var idi. Onlardan üç nəfəri xanım idi. Onların hər birinə maaşlarından artıq üç yüz rubl verirdim. Aylıq planım isə beş min rubl idi.

Muzey sanki bir ziyarətgaha çevrilmişdi. Muzeyə mərmi düşsə də,  buradakı çıl-çıraq öz möhtəşəmliyini itirməmişdi...

1993-cü ilin  iyulun iyirmisinədək “Sünbül” fəaliyyət göstərdi...

Əvvəldən burada əsasən xəmir xörəkləri verilirdi. Sonuncu iş günümü unuda bilmirəm. İyulun iyirmisində vəziyyət çox gərgin olsada, işə Firuzə,  Asif və mən gəlmişdik. Yadımdadı ki, “piti asmışdıq”. Amma onu yemək bizə qismət olmadı...

Hay nətər düşdüsə bir də gördük ki, “İldırımın pavilyonu”nu keçmişik...

Ağdama qayıtmaqla bağlı hərə bir niyyət edir. Saleh Muradovun niyyəti isə belə oldu:

- Niyyət etmişəm ki, Ağdama Uzundərəyə qədər maşınımla gedəcəyəm. Ordan evimizə qədər dizin-dizin sürünəcəyəm...

Ağdam Çörək Muzey kompleksini “Sünbül” tamamlayırdı. Muzeyin pannosundan başlamış, “Sünbül”ün ad seçiminədək hər şey yerli-yerində idi.  Hec bir natamamlıq yox idi...

İnanıram ki,  gün gələcək biz o yerlərə qayıdacaq və daha yüksək səviyyəli muzey kompleks tikib istifadəyə verəcəyik...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır