Modern.az

"Lent.az" sirr vermədi...

"Lent.az" sirr vermədi...

29 İyul 2010, 19:53

“Redaksiyalardan reportaj” rubrikamızın bu dəfəki ünvanı 2008-ci il iyun ayının 25-dən fəaliyyət göstərən və artıq aparıcı media quruluşlarından biri sayılan “Lent.az” xəbər portalı oldu. “Lent.az” böyük qardaşı APA ilə eyni ofisdə fəaliyyət göstərir. Modern.az-dan yola düşəndə, tapşırdılar ki, geriyə mütləq “əlidolu” qayıdım. Yəni redaksiyadaxili sirlərdən,  dedi-qodulardan, əməkdaşlar arasındakı zarafatlardan az da olsa öyrənim. APA-nın “dəhlizdəki rəqibi” mən getdiyimdə gərgin işləyirdi. Baş redaktor Qabil Abbasoğlu, redaktor Səlim Əzizoğlu, redaksiyanın müxbir heyəti iş başındaydı. Amma işdə olmayıb məzuniyyətə gedənlər də vardı. Reportajıma elə baş redaktorla sorğu-sualla başladım.

“Lent.az” APA-ya rəqibdir

- Qabil müəllim, APA-yla birgə işləmək “Lent.az üçün hansı çətinlikləri və üstünlükləri yaratdı?

- Əlbəttə APA kimi böyük agentliklə işləməyin çətinliyi də, üstünlükləri də var. Çətinlik ondadır ki, “Lent.az” fəaliyyətə başlayan zaman APA artıq Azərbaycanda ən böyük informasiya agentliyi kimi işlək mexanizmə malik idi.  Bu baxımdan özümüzü bir az geridə hiss etsək də, qısa zaman keçdi və biz birgə işləməyin üstünlüklərini də gördük.  Belə ki, APA  kimi böyük agentliklə rəqabət şəraiti yarandı. “Lent.az”ın ən böyük uğuru APA kimi ən böyük informasiya agentliyi ilə qeyri-rəsmi rəqabət şəraitində böyüməyidir. “Lent.az”ın qısa zamanda böyük auditoriya toplamasının ən əsas cəhətlərindən biri əminəm ki,  məhz APA-yla aramızda gedən qeyri-rəsmi rəqabətdir.

Eşitmişik ki, saytın təsisçisi Vüsalə Mahirqızı APA-nı “Lent.az”dan daha çox istəyir, başaqa sözlə, birinciyə daha doğma, ikinciyə bir qədər ögey münasibət bəsləyir.

Qabil Abbasoğlunun deyilənlərə münasibəti belə oldu: - Vüsalə Mahirqızı deyərdim ki, bizim saytı öz əlləriylə yaradıb. Çox əməyi olub bizim saytın yaradılmasında. Necə ki, mənim üçün hər yerdən əvvəl “Lent.az” doğmadır, Vüsalə xanım üçün də APA elədir. Amma onu deyim ki, yeni başlayanda Vüsalə xanım əlində hansısa eksklüziv  xəbəri olanda öncə bizə verirdi, deyirdi uşaqların xəbəri olmasın (APA-nın işçilərinin-X.B.). Amma indi bizə rəqib gözüylə baxır. Vüsalə xanımı bir jurnalist kimi əvvəldən tanıyırdım, amma təşkilatçı rəhbər kimi onu burda müşahidə edə bildim, deyə bilərəm ki, işlərin öhdəsindən çox gözəl gəlir.  Amma bizim redaksiyanın işlərinə maksimum müdaxilə etməməyə çalışır. Maraqlıdır,  “Lent.az” yaranandan iki il ötür, sayt hələ də APA ilə birgə işləyir, görəsən portalın nə vaxtsa öz ofisi olacaq, yoxsa həmişə APA-ya sığınmaqla fəaliyyətini davam etdirəcək? Baş redaktor dedi ki, istənilən kütləvi informasiya vasitəsi kimi xəbər mübadiləsi uğrunda mübarizə aparan “Lent.az” da ayrıca ofisinin olmasını istəyir: “Bunun üçün ilk növbədə işin həcmi böyüməli, maddi-texniki baza güclənməlidir”. Qabil müəllim “Lent.az”ın qısa müddətdə aparıcı xəbər portalına çevrilməsinin sirlərini belə açıqladı: -Biz “Lent.az”ı o vaxt yaratdıq ki, Azərbaycanda bu kimi nümunələr çox az idi və yenilik olduğu üçün maraq doğurdu. İlk gündən yazılara heç bir qadağa qoymadıq. Mən bağıran mətbuatın tərəfdarı deyiləm, mətbuat cəmiyyətə qışqıramlı deyil, onunla danışmalıdır. Təbii ki “Lent.az”ın uğurlarının arasında kollektivin əməyi danılmazdır. Eyni zamanda uğuru tam kollektivin üzərinə yıxmaq da düz deyil. Səbəblərdən də biri bu idi ki, oxucular yeni mətbuat istəyirdi. İstədiyini bizdə tapdı”. Maraqlıdır, görəsən “Lent.az” iki il öncə deyil, indi – onlayn qəzetləırin çox olduğu vaxtda - yaradılsaydı, yenə belə “bərkgedən” portal ola bilərdimi? Amma bu sualı həmsöhbətimə ünvanlamağı unutduğumdan onun necə cavab verəcəyini konkret qeyd edə bilmirəm. Bəlkə “hə” deyərdi. Çünki maddi baxımdan rəqibləri ilə müqayisədə daha üstün mövqeyi, yaxşı ofisi, bacarıqlı işçiləri olan “Lent.az”  başqa portallardan elə irəlidə olmalıdı.

“Lent.az”ın şüarı: “Hər kəs axtardığını bizdə tapmalıdır”

 

Qabil Abbasoğluna növbəti sualım belə oldu: - Lent.azı bəyənməyənlərə sözünüz?

Həmsöhbətim bildirdi ki, artıq ən uğurlu köşə yazarları, telejurnalistlər, televiziya mütəxəssisləri, rəsmi dövlət qəzetlərinin rəhbərləri, müxtəlif sahələrin mütəxəssisləri, elm adamları məhz öz yazıların “Lent.az”a yerləşdirirlər. - Həmin şəxslərə çox təşəkkür edirik. Bizə hər gün onlarla oxucudan məktub, eləcə də zəng gəlir.  Saytda gedən elə bir reportaj, müsahibə, araşdırma, xəbər yoxdur ki, ona oxuculardan reaksiya gəlməsin. Təbii ki, bir yazını heç də hamı bəyənməyə bilər. Azərbaycanda klassik bir yanaşma var, məsələn, ciddi materialları sevən oxucu şou-biznes xəbəri görəndə tənqid etməyə başlayır. Onlara da təşəkkür. Amma bizim şüarımız belədir: “Hər kəs axtardığını bizdə tapmalıdır”. İnsan həyatının bütün tərəflərini əks etdirən materiallar bizim saytda verilməlidir. Oxucu ona lazım olan bütün informasiyanı bizdə tapmalıdır.  

- “Lent.az”ın informasiyasını başqaları oğurladığı hallar olubmu, yaxud “Lent.az” informasiya oğurluğunda günahlandırılıbmı?

- Bu, birbaşa jurnalist etikasının qorunmasıdır. 20 ildir ki, jurnalistikadayam, həmişə çalışmışam etikaya diqqət edim. Jurnalist etikası mənim üçün mücərrəd anlayışdır. Hansısa hərəkəti hansısa jurnalist etikaya zidd hesab edə bilər, kimsə də əksinə. Amma burda formalaşmış təməl prinsiplər var ki, hər kəs əməl etməlidir. İnformasiya oğurluğu da belə yolverilməz hallardandır. Dəfələrlə “Lent.az”ın materialını heç bir istinad olmadan götürənlər olur. Bəzən müsahibələri də götürürlər. Qəribədir ki, həmin müsahibələrin altında müəllifin imzası saxlanılır. Sanki müxbir informasiyanı onlara satıb. Bu cür hallar qanunvericilikdə tənzimlənmədiyindən məyus olmaqdan başqa əlimizdən heç nə gəlmir. Bəzən bilmədən bizdə hansısa informasiya gedir, sonra məlum olur ki, bizdən əvvəl başqa yerdə gedib. Belə hallarda ya ilkin mənbəyə instinad edirik, ya informasiyanı saytdan çıxardırıq. Əgər informasiyanın 50%-i bizim müxbirin yaradıcılığının məhsuludursa, saxlanılır.

 

“Deyə bilmərəm...”

 

Baş redaktora ünvanladığım növbəti sual ən qoçaq və ən tənbəl işçilərin kimlər olmasıyla bağlı oldu. Amma Qabil müəllim əməkdaşlarını ayağa vermədi: - Bilirsiniz, mən bunu deyə bilməyəcəm. Siz çıxıb gedəndən sonra mən onlarla bir yerdə qalacam. Ona görə də bunu deyə bilməyəcəm. Amma biz Səlimlə çox gözəl bilirik onlar kimlərdir. - Bəs xanımların sayı niyə belə azdır? Gender balansı hanı?

- Redaksiyada ümumi 9 müxbir var ki, onların  3-ü  xanımdır.  Amma sizi inandırım ki, onların hər biri 3 kişinin işini gördüyü üçün bizdə tarazlıq qorunur.

Əvəllər köşə yazıları ilə çıxış edən qabil Abbasoğluna nə olub, niyə yazmır? Baş redaktordan bu suala da cavab istədim. - Bəli, belədir, inzibati işlər çox olduğu üçün, vaxtım qalmır, həm də psixoloji yorğunluq da səbəblər arasındadır.

Sualıma əhatəli cavab verməyən baş redaktora növbəti sualla özüm kömək etməli oldum. - “Lent.az”ın baş redaktorluğundan əlavə, həm də QHT rəhbərliyiniz də var. İkisi bir yerdə çətin deyil ki?

- İki iş bir işdən daha çətindir. Amma mənə mane olmur. Əksinə “Media İnkişaf Mərkəzi” işimə müsbət təsir göstərir. Uzun müddət qəzetlərdə redaktor vəzifəsində işləyən, indi isə elektron mətbuatı yönləndirən Qabil Abbasoğluna hansı çətindir?

Müsahibim dedi ki, qəzetçilik fəaliyyəti ən çətin sahə olaraq qalır. Bu da tarixi ənənə ilə bağlıdır: - Qəzet hansısa informasiyanı  çapa verdisə, onu dəyişmək imkanı yoxdur. Amma sayt istənilən materialı hər an dəyişə bilər. Dünyada ən çoxu gündə 3  dəfə qəzet çıxır. Bunun üçün də minimum 4-5 saat vaxt tələb olunur. Amma saytda informasiya oxucuya bir neçə saniyədə çatır. Elə olub ki, oxucular hadisə yerindən bizə hadisə haqda məlumat veriblər, informasiyanı dəqiqləşdirib sayta yerləşdirməyimiz 3 dəqiqə çəkib. Oxucuya belə informasiya ləzzət eləyir. Amma qəzetdə bu sürət mümkün deyil. Məşhur Amerika fizikinin maraqlı bir fikri var: “Dünya o vaxt dağılacaq ki, informasiyanın sürəti işıq sürətinə bərabər olacaq”. Amma mən bunun əksini deyərdim”.

- “Lent.az” müxbirlərinin ən önəmli stimulu nədir?

- İşçilərin ən böyük stimulu əməyin ödənilməsidir, mən hesab edirəm ki, biz Azərbaycan standartlarından yaxşı əmək haqqı verə bilirik. Rəhbərliklə kollektiv arasındakı münasibət, eləcə də kollektiv işçiləri arasındakı səmimiyyət  yerindədi. Bunlar çox önəmli məsələlərdir, çünki bir yerdə ki yaradıcılıq var, orda münasibətlər çox önəmlidir. Bizdə bu sahədə problem görünmür.  Əmək haqqını lap yaxşı olmasa da, yaxşı formada ödəməyə çalışırıq ki, müxbirin gözü kənarda qalmasın, əks halda müxbirin enerjisi, fikri dağılır. Bu da işin keyfiyyətinə təsirsiz ötüşmür. Uğuru təmin etməyin başlıca prinsiplərindən bir də budur.

Redaktor çox ehtiyatla danışırdı

Qeyd edim ki, "Lent.az"ın əməkdaşlarında "Redaksiyalardan reportaj" rubrikamız barədə elə fikir formalaşmışdı ki, açıq danışmağa ehtiyatlanırdılar, sanki hər şey sirr imiş... “Lent.az”ın xanım baş redaktor müavini Gülşən Hacıyeva məzuniyyətdə idi, onunla görüşüb tanış ola bilmədik. Redaktor Səlim Əzizoğlu isə iş başındaydı. O, əvvəllər "Yeni Müsavat", "Gündəlik Azərbaycan" kimi radikal qəzetlərdə çalışıb, "Lent.az"da isə hiss olunurdu ki, yeri çox rahatdır. Səlim Əzizoğlundan da kollektivin fəal və tənbəl müxbirinin adını öyrənmək mümkün olmadı. Demək istəmədi: - Burdakı bütün müxbirlər ələkdən keçmiş jurnalistlərdir. Pis işləyən jurnalist “Lent.az”da qala bilməz. İnsanıq, bir-birimizi başa düşməliyik. Ola bilsin ki, mən naxoşam, bir gündə 40-50 yox, 10 materialı redaktə edə bilirəm. Təbii ki, yük digər həmkarıma düşəcək. Belə hallar ola bilər, ancaq  bu o demək deyil ki, həmin şəxs işinə can yandırmır. Redaktordan “Lent.az”ı digər portallardan, saytlardan fərqləndirən cəhətləri soruşanda ““Lent.az” yalnız xəbər portalı deyil. Xəbəri hər kəs verə bilər. Bizim üstünlüyümüz ondadır ki, burda reportajlar, araşdırma yazılar, köşə yazıları da işlənir” cavabını verdi. Səlim Əzizoğlu “Lent.az” işçiləriningündə neçə saat işləmələrinə də aydınlıq gətirmək istəmədi: “Mən iş saatını deməyəcəm. Amma onu deyə bilərəm ki,  hətta bəzən gecə 2-də, 4-də informasiya veririk. Keçən il elə bu vaxtlarıydı,  ailəmlə parkda gəzirdim. Gördüm ki, təcili yardım, polis maşınları, camaat bir-birinə qarışıb. Yanğın baş vermişdi. Gecə saat 4-ə kimi Qabil müəllimi də yuxusuz qoyub informasiyanı saytda yerləşdirirdik. Bu, jurnalist marağıdır”.

Müxbir heyəti

Məni portalın müxbir heyətilə ilə elə redaktor Səlim Əzizoğlu tanış etdi. Aparıcı müxbirlər Elxan Salahlı ilə Lalə Yusifqızının məzuniyyətdə olduğunu deyib, işdə olanları belə təqdim etdi:

- Ramiz Mikayıloğlu – "Lent.az"ın xəbər dirəyi.

Fərid Əkbərov – məhkəmələrdən yazan jurnalist. Məzuniyyətdə olduğu dövrdə bir daha sübut edib ki, o, bu işi görən ən yaxşı jurnalistdir. 

Elşən Məmmədov - idman yazarıdır, amma onun reportajları yeni kəşf olunub. Xüsusən də Ukraynadan, Moldovadan, Belarusdan hazırladığı reportajlar səs-küy yaradıb. Hətta onu idmandan ayırıb reportajlara yönəltməyi də düşünürük. Eduard Şevardnadzenin 1941-ci idə ölən qardaşının qəbrini tapıb. Azərbaycanlıların xaricdəki qəbrini tapıb. Maraqlı reportajlar hazırlayb. Səlim Əzizoğlu Elşən Məmmədovun qəbir tapmağından elə pafosla danışdı ki,  az qala məndə belə təəssürat yarana ki, bütün itən qəbirlərin axtarışını bu müxbirə tapşırmaqla rəhmətliklərin ruhunu şad eləmək olar.

Tanışlığa davam edək. Redaktorun müxbir heyətindən növbəti təqdimatı: - Pərvin Abbasov – ürək dağlayan hekayələrin müəllifidir. O, elə reportajlar hazırlayır ki, hər oxuyanın ürəyi dözməz.

Xəyalə Muradova – mədəniyyət yazarımız. Son zamanlarda yazdığı “Yeddi oğul istərəm” silsiləsi çox maraq doğurub. Həyat yoldaşı “Üç nöqtə” qəzetində redaktordur. Övladı mətbuat günü dünyaya gəlib.

Vüqar Baba – gənc jurnalistimizdir, əsas işi kriminaldan yazmaqdır. “Lent.az”a sonuncu gələn odur. Gürcüstanda magistr təhsili alıb, Bakı Dövlət Universitetində nəzəriyyənin, Gürcüstanda isə nəzəriyyə ilə paralel praktikanı öyrənib. Beləcə müxbirlərin tərifli təqdimatı yekunlaşdı. Əməkdaşların başına gələn şirinli-acılı hadislər

 

Redaktor Səlim Əzizoğludan maraqlı bir əhvalat istədim. Sağ olsun, danışdı:

- Bir gün işə gələndə Qabil müəllim məni yanına çağırıb dedi ki, gəl bu press-relizi sən işlə. Mən də fikirləşdim ki, axı niyə özü işləmir. Materiala baxanda məlum oldu ki, press-relizdə ancaq göndərən qurumun adı və tarix var. İçi boşdur. Uşaqların kefini açmaq üçün əməkdaşlardan birinə göndərdik ki, o işləsin. Qabil müəllim, ona tapşırdı ki, press-relizi işlə, o da dedi ki, oldu. Üstündən bir az keçdi, həmin müxbir gəlib dedi ki, axı bunun içi boşdur. Qabil müəllim, zarafatı hələ də davam elətdirdi. “Mənə nə, içini sən doldur”.

"Lent.az"ın əməkdaşlarını söhbətə çəkmək xeyli çətin oldu, doğrudan da "Redaksiyalardan reportaj" rubrikası onları yaman qorxudubmuş, sözü kəlbətinlə alırdım. Əvəllər "Vətəndaş həmrəyliyi", "Xalq cəbhəsi" qəzetlərində çalışmış Pərvin Abbasov “Lent.az”ın stajlı əməkdaşlarından sayılır.

Redaktoru onu ürək dağlayan hekayələr müəllifi kimi təqdim etdiyindən mənim əlavəm yoxdur. Pərvin

deyir ki, iş prosesində maraqlı hadisələr baş verir:

- Bir vəzifəli şəxsin məsələyə münasibətini öyrənmək istəyirdim. Zəng elədim katibəsi dedi ki, özü sizə zəng edər. Üstündüən yarım saat keçdi. Doğurdan da zəng elədi, məni, yazılarımı tərifləməyə başladı. “Mən həmişə sizin yazılarınızı oxuyuram, sizin cinlər haqqında yazınızı da oxudum, çox maraqlıydı, başqaları birtərəfli yazır, amma siz orda hətta cinlərin də mövqeyini bildirmisiniz”.

Bir müddət “Ciddi-ciddi” rubrikasını aparırdım, burda siyasətçilərlə müğənnilər haqda, şou-biznes adamlarıyla da siyasət barədə müsahibələr götürürdüm. Növbəti qonağım rəqqasə Fatiməydi. Müsahibəni olduğu kimi verdim, sonda məlum oldu ki, o “yəni ki” sözünü 100 dəfədən artıq işlədib. Dəqiq say yadımda deyil, oxuculardan biri saymışdı.

Əmək İslah Kaloniyalarından reportajlar eləyirdim. Ramazan, ya da məhərrəmlik vaxtıydı, müsahblərlə səmimiliyi qurmaq üçün müsahibədən öncə hər birinə konfet verirdim. Onalrın arasında biri var idi, soruşdum ki, nə üstündə həbs olunmusan. “Məni şərləyib bura salıblar deyib” danışmaq istəmədi. Amma sonralar onun nə cinayət törətdiyini biləndə konfeti ona verdiyimə görə peşmanam.

Redaksiyada adının çəkilməsini istəməyən müxbirlərdən biri yarızarafat-yarıgerçək dedi ki, ötən il Gürcüstanda magistr təhsilini başa vurub qayıdan Vüqar Babanın “qazlı” vaxtlarıymış. Azərbaycanda Avropa standartlarına uyğun media orqanı axtara-axtara gəlib “Lent.az”da qərarlaşıb. “Amma indi yumşalıb, əvvəlki Vüqar deyil” dedilər. Vüqar Babanın özünü söhbətə çəkdim. Dedi ki, redaksiyada həmişə onunla, bir də Fəridlə zarafat edirlər ki, mollalar kimi sizin çörəyiniz ölülərdən çıxır: - Axı kriminaldan yazırıq. Bir dəfə rayonlarının birinin prokuror köməkçisi zəng elədi ki, bəs hadisə var. Həyəcanlanıdm ki, yenə ölüm hadisəsidir yəqin. Sual verdim ki, evdə ölüb, yoxsa xəstəxanada? Dedi ki, ölüb-eləyən yoxdur. Zarafat bir yana, çox həyəcanlı işdir. Bəzən görürsən ən adı bir hadisə mənə çox pis təsir eləyir. Təəssüf ki, biz prokurorlar kimi soyuqqanlı ola bilmirik. Bir də görürsən prokurorla danışanda deyir: “Mən sənə bir hadisə borclu””.

Kriminaldan yazan və ancaq qanlı-qadalı hadisələr sorağında olan Fərid Əkbərov: -Bir dəfə prokurorlardan biri mənə zəng elədi. Soruşanda nə baş verib? Dedi: “Heç nə olmayub, elə-belə adi ölüm hadisəsidir, 35 yaşında biri özünü asıb”.

"Lent.az"ın xəbər dirəyini danışdıra bilmədim. "Mən özümü möhkəm tutmuşam" deyən Ramiz Mikayıloğlu sonra susdu, danışmadı. Elə Xəyalə Muradova da onun kimi. "Lent.az" onlayn rejimində çalışan xəbər portalı olduğundan redaksiyanın əməkdaşlarına maneçilik tərətmək istəmədim, işləri çox idi, ona görə də həmkarlarımla tez xudahafizləşdim.

 

 

"Lent.az" APA ilə eyni ofisdə fəaliyyət göstərir.

 

Çox möhkəm dayanmışdılar... 

 

İşgüzar kollektiv.

 

Baş redaktor: “Hər kəs axtardığını bizdə tapmalıdır”. 

 

 

  

 

"Biz ən qoçaq və ən tənbəl işçimizin adını deyə bilməyəcəyik".

 

Səlim Əzizoğlu əməkdaşları tərifləyir... 

 

Müxbirlərin təqdimatı.

 

Elşən Məmmədov - redaktorun qəbir tapmaqda mahir jurnalist kimi təqdim etdiyi oğlan. 

 

Mədəniyyət yazarı Xəyalə Muradova.

 

Bir vəzifəli şəxsin təbirincə desək, yazısında cinlərin də mövqeyini öyrənən müxbir - Pərvin Abbasov.

 

Ramiz Mikayıloğlu – "Lent.az"ın xəbər dirəyi.

 

Bizim "fotoqraf" peşəkar olmadığından Fərid Əkbərovu lazımi məqamda yaxalamayıb.

Vüqar Baba: "Prokuror ded ki, “mən sənə bir hadisə borclu””.

 

Qazanılan uğurlar...

 

Onlar üçün hər şey sirr imiş...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi