Modern.az

Cazibədar ərəb qızlarının şeyxlərə ərə verilməyi - Ərəb Əmirliklərində toy adətləri - II YAZI

Cazibədar ərəb qızlarının şeyxlərə ərə verilməyi - Ərəb Əmirliklərində toy adətləri - II YAZI

Reportaj

14 Oktyabr 2014, 22:59

Abu-Dabi Dövlət Universitetinin əməkdaşı

"Min bir gecə" nağıllarındakı kimi...

Könül verdiyi şəxslə əhd-peyman bağlayaraq rəsmi izdivaca qədəm qoyan bəşər övladının həyatında toy günü ən unudulmaz, xöşbəxt günlərindən biridir və bu əlamətdar günü hər bir insan mənsub olduğu xalqın, yaşadığı bölgənin adət-ənənəsinə uyğun olaraq, toy-büsatla, şadyanalıqla qeyd edir. Bu baxımdan toy-nişan mərasimləri dünya xalqlarının adət-ənənələrində özünəməxsusluğu ilə seçilir. Modern.az saytının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) əməkdaşı bu ölkədə əsrlərdir mövcud olan evlilik adət-ənənələri, toy-nişan mərasimlərindən bəhs edən növbəti yazını oxuculara təqdim edir.

BƏƏ-də islam dininin dəyərləri əsasında formalaşan evlilik adət-ənənələri qədimliyi və özünə xas xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Ərəbistanda toy mərasimləri bir neçə mərhələdə həyata keçirilir. Bu mərhələ qız bəyənmədən başlayaraq elçilik, kəbin kəsdi (nikah), xına gecəsi və s. daxil olmaqla toy günü mərasiminə qədər davam edir.

Məlum olduğu kimi, toy mərhələsinin bünövrəsi elçiliklə qoyulur. BƏƏ-də adətə görə, "youm əl-xutuba" adlanan elçilikdə ailə qurmaq istəyən şəxs şəriət qaydalarına riayət edərək, gələcək həyat yoldaşını mütləq görməlidir və bu görüşdə qarşılıqlı olaraq bir-birini bəyənən cütlüyün valideynləri, ailə üzvləri ümumi razılığa gələrək nikah gününü təyin edirlər.

"Youm əl-milça" – nikah günü


Ölkənin şəriət məhkəməsinin rəsmi nümayəndəsi olan "əl-məlliç" adlanan din xadimi qızın və "vali amr" adlanan şəxsin (qıza məsul olan şəxs: atası və ya böyük qardaşı) razılığı, hər iki tərəfdən olan şahidlərin iştirakı ilə ailə quran cütlüyün kəbinini kəsir. "Akd əl-zəvac" adlanan nikah aktı imzalanarkən islam dininin evlilikdə qoyduğu şərtə uyğun olaraq, "əl-mahr" adlanan nikah pulu (kəbin kəsilərkən kişinin öz həyat yoldaşı qarşısında götürdüyü öhdəçilik, el dilində desək "başlıq pulu") və qızıllar gəlinə təqdim olunur. Ərəblərdə qədim adətə görə, nikah məhz cümə günü kəsilməlidir. Cavanların həyatındakı bu əlamətdar gün "haflətil-milçə" adlı şadyanalıq mərasimi ilə xüsusi qeyd olunur.

Toy tədarükü

Nikahdan sonra oğlan evi toy tədarükünə başlayır və düyün hazırlıqları ən azı iki aya yekunlaşır. Toyqabağı oğlan və qız evində şadyanalıq, müxtəlif qonaqlıq mərasimləri təşkil olunur. Onu da qeyd edim ki, BƏƏ-də ramazan ayı istisna olmaqla, ilin bütün aylarında toy mərasimləri keçirilir.

Toydan bir həftə öncə bəyin yaşadığı villa al-əlvan işıqlarla bəzədilir və gün batandan sonra yandırılan bu işıqlar məhəlləyə xüsusi gözəllik verməklə yanaşı, eyni zamanda bəyin ailəsinin sevincini təcəssüm etdirir.

Toyqabağı bəyin evi qonaq-qaralı olur, nəinki qohum-qardaş demək olar ki, bəyin mənsub olduğu qəbilənin bütün nümayəndələri kişili-qadınlı bu xoş günü paylaşmağa gəlirlər. Bəyin və gəlinin adına təbrikə gələnlər üçün heyvanlar (dəvə, dana, qoyunlar) kəsilir.

"Əl-zəhbə" tədarükü

BƏƏ-də gəlinin adına alınan qızıl-zinət əşyaları, yerli və xarici ətirlər, müxtəlif növ parçalar, əlbisələr, ayaqqabılar, əl çantaları, kosmetik ləvazimatlar və s. "əl-zəhbə" adlanır. "Əl-zəhbə"də qızın ailə üzvləri də yaddan çıxmır. Adətə görə, bəy gəlinin anasına və bacılarına müxtəlif hədiyyələr (qızıl və təbii mirvaridən zinət əşyaları, yerli ətirlər) almalıdır.

Gəlinə və ailəsinə alınan ətir hədiyyələrində "əl-oud","aenbar", "dehn-əl-vard", "əl-məxməriyyə" adlı yerli ərəb ətirləri üstünlük təşkil edir.

"Əl-mir" - Ərzaq tədarükü

Adətə görə, toyqabağı oğlan evi qız evi üçün "əl-mir" adlı ərzaq tədarükünə başlayır. Dəvə, dana, qoyun əti, düyü, yağ, un, şəkər, çay və s. kimi zəruri ərzaq məhsulları, eləcə də xurma, müxtəlif növ şirniyyatlar alınaraq qız evinə göndərilir.

"Əl-miksar" – paltarkəsdi mərasimi



Toydan bir həftə əvvəl qız evində "əl-miksar" adlı paltarbiçdi məclisi təşkil olunur. Gəlinə bəzəkli iri sandıqlarda "bu-teyra","sultani", "bu-niyra", "miydə" adlı parça növləri, "cəlləbiyə", "fıstan", "əl-bədlə" adlı üst geyim əlbisələri gətirilir.

Mərasimə xüsusi dəvət olunan dərzilərə işlənməmiş iynə, ipək sap, oymaq, təzə paltarkəsən qayçı və digər tikiş ləvazimatları təqdim olunur və gəlinin zövqünə uyğun parça seçilir.


Adətə görə, ortalıqda əyləşən gəlinin ətrafına cavan qızlar toplaşır. Milli libaslar geyinmiş qızlar "əl-hərir" adlı zərli-naxışlı ipək parçanı növbə ilə gəlinin başı üstündə çətir şəklində tutaraq dövrə vurur, rəqs edirlər. Mərasimdə iştirak edən çalğıçı dəstəsi də öz musiqi töhfəsini əsirgəmir, ərəb zərb alətləri olan dəf və qavalların müşaiyəti ilə milli folklordan dini nəğmələr ifa edirlər.


Bəyin və gəlinin anası dərzilərə, çalğıçılara, evdəki qulluqçulara pul, hədiyyələr paylayırlar. İşinin ustası olan dərzi qadınlar parçanı kəsərək, "cəlləbiyyət-arus" adlanan gəlin paltarını tikməyə başlayırlar. Paltarbiçdi günündə tikilən əlbisəni gəlin toydan bir gün sonra oğlan evində düzənlənən üzəçıxdı məclisində geyinir.

"Nakl əl-zəhbə" – Qızıl aparma mərasimi

Oğlan evinin gəlin üçün aldığı almaz, mirvari, firuzə ilə bəzədilən müxtəlif növ qızıl dəstləri qız evinə aparılır. Bu mərasim BƏƏ-də "nakl əl-zəhbə" adlanır. Adətə görə, təqribən 700 qr-lıq yerli qızıldan hazırlanan və başa taxılan "əl-tasa" adlı bəzək əşyası, "abu şok" adlı qolbaq, "əl-kavaşi" adlı sırğa, "əl-mertaişə" adlı sinəbənd, "hizəm" adlı qızıl kəmər yerli gəlinlərin toy mücrüsündə mütləq olmalıdır.


Çox bahalı və nəfis tərtibatla hazırlanmış bütün bu sadaladığım qızıl zinət əşyaları BƏƏ-nin qədim zərgərlik sənətinə xas olan nümunələridir. Gəlinə alınan qızıllar, bahalı ərəb ətirləri qız evinə xüsusi iri mücrülərdə gətirilir və oğlan evindən olan iki qadın zinət əşyalarını məclisdəki qonaqlara göstərərək sandıqların açarlarını gəlinin anasına təhvil verirlər.


Aşə (şam) namazından sonra qadınlardan ibarət musiqiçilər dəstəsi çalıb-oxuyaraq məclis əhlini şənləndirirlər.

"Leylətil-henna" – Xına gecəsi

BƏƏ-də toydan iki gün qabaq qız evində "leylətil- henna" adlı xına mərasimi keçirilir. Xanımların, qız uşaqlarının əl-ayaqlarına naxışlı xına çəkməkləri BƏƏ-nin ən qədim adətlərindən biridir. Bütün mərasimlərdə, bayramlarda, müxtəlif tədbirlərdə xanımlar, qız uşaqları sevinc və səadət rəmzi olaraq əllərini xına ilə bəzəyirlər. Sanki rəssam dəqiqliyi ilə çəkilən xına naxışları ərəb xanımlarının əllərinə xüsusi gözəllik verir.


Xınayaxma hazırlığına səhər saatlarından başlanılır. Gəlinin saçına, əl və ayaqlarına xına qoymaq üçün "əl-məşşata" və "əl-mihenniyə" adlanan qadınlar dəvət olunur. "Əl-mihenniyə" gəlinin əllərini və ayaqlarını müxtəlif naxışlarla bəzəyir, "əl-məşşata" isə tərkibində zəfəran və qızılgül suyu olan xınanı gəlinin saçına qoyur. Ərəbistanda bitən sidr ağacının yarpaqlarından hazırlanan təbii məhlul ilə xınalı saçı yumaq BƏƏ-də ən qədim xına adətlərindən biridir. Gəlinin və bəyin ailəsi "əl-mihenniyə" və "əl-məşşata"ya zəhmət haqqından əlavə, müxtəlif hədiyyələr, xələt verirlər.

Günbatandan sonra isə şadyanalıq, çal-çağır başlayır. Xınayaxdı məclisində gəlinin və bəyin qohum-əqrabası, ailəyə yaxın tanışlar, qonşular iştirak edirlər. Xına gecəsində iştirak edən qonaqlara xüsusi tərtibatla bəzədilən yaşıl rəngli bağlamalarda yerli ətirlər, şirniyyatlar paylanılır.

"Leylətil- henna"da gəlin qədim ərəb adətinə uyğun olaraq, "əl-soub" adlanan və bahalı ipək parçadan hazırlanan, xüsusi qızılı saplarla bəzədilən, əl işi olan yaşıl rəngli milli libas geyinir.

Qadınlardan ibarət musiqi qrupunun çıxışı xına gecəsinə xüsusi abu-hava qatır. Onlar ifa etdikləri şən, oynaq ərəb musiqiləri, folklor nəğmələri ilə məclisi daha da rövnəqləndirirlər.

Hammam Məğribi – "Gəlin hamamı"

Toydan bir gün qabaq gəlin "hammam məğribi" adlanan mərakeş hamamına, yəni toy hamamına gedir.


"Hammam məğribi" hələ qədim zamanlardan nəinki şərqdə, hətta bütün dünyada məşhur olan ərəb hamamıdır. Qaynar mərmər üzərində isti buxarda "əl-liyfə məğribiyyə" adlı xüsusi hamam kisəsi ilə başdan-ayağa təmizlənən bədənə təbii meyvə və bitkilərdən hazırlanan soyuq maskaların qoyulması mərakeş hamamının özəlliyidir.

Gəlin hamamına gedən qızlara bəyin anası xələt, ətir dəsti, şirinlik paylayır.

Ərəb gəlininin cehizi


BƏƏ-də gəlinə cehiz verilmir. Ev üçün vacib sayılan əşyalar, məişət avadanlığı və mebel dəstləri gəlinin zövqünə və istəyinə uyğun olaraq bəy tərəfindən alınır. Bir sözlə, gəlin ər evinə köçəndə atası evindən özü ilə heç bir şey aparmır.

Ərəbistanda milli və dini amillər ciddiliklə nəzərə alınaraq, kişi və qadın məclisləri ayrı-ayrılıqda keçirilir. BƏƏ-də yerli ərəblərin toyu böyük şadyanalıq, təm-təraqla qeyd olunur. Əvvəllər yerli toyları "xeymət əl-ars" adlanan iri toy mağarlarında keçirilirdi və belə çadırlar bəyin yaşadığı villaya yaxın geniş ərazidə qurulurdu. Müasir dövrdə isə yerli əhalinin toyları adətən 5 ulduzlu otellərin möhtəşəm ziyafət salonlarında keçirilir.


"Youm əl-zəffə" – Toy günü

Ərəbistanda toylar "aşə" (şam) namazından sonra başlayır. Məclisə daxil olan qonaqları ziyafət salonunun qapısının önündə hörmət əlaməti olaraq gəlinin və bəyin anası qarşılayır. Əllərində yerli ərəb ətirləri və "baxur" (insanı bihuş edəcək qədər özünəməxsus xoş iyə malik, tərkibində müxtəlif gül və efir yağları, ətirli maddələr qarışığı olan xüsusi növ ağac qabığı) qabı tutan qadınlar dəvətliləri ətirlərə qonaq edirlər. BƏƏ-də qədim adətə görə, toya təşrif buyuran qonaq mütləq ona təklif olunan ətirdən vurmalı, yandırılan "baxur"un tüstüsü ilə ətirlənməlidir.

Toy başlayandan təqribən bir saat sonra "dəxlətil-arus" (gəlin gəlmə) məqamı olur. Ağ duvaq, bəmbəyaz gəlinlikdə sanki şahzadəyə bənzəyən gəlin ziyafət salonuna daxil olur və "zəffə" (ərəb toylarında gəlinlər üçün ifa olunan məxsusi nəğmə) adlanan mahnının sədaları altında qonaqları salamlayaraq nəfis tərtibatla bəzədilən "koşə" adlı taxtda əyləşir.


Gəlin gəldikdən sonra məclis daha da canlanır. Bir-birindən fərqli, gözəl geyimləri ilə diqqət çəkən cazibədar ərəb qızlarına baxan insan özünü sanki Parisin moda həftəsində hiss edir.

Ərəb toylarını musiqisiz təsəvvür etmək çətindir. Musiqiçilərin və müğənnilərin ifa etdikləri şux ərəb musiqiləri el diliylə desək, hamının "sümüyünə düşür". Oğlan və qız evindən olan xanımlar iki dəstəyə bölünərək şən ərəb mahnılarının sədaları altında rəqs edirlər. Ərəb qızlarının çılğın rəqslərini seyr etmək insana xüsusi zövq verir. Həqiqətən ərəb rəqslərini ərəblərin özləri qədər heç kim gözəl oynaya bilmir.

Lakin onu da qeyd edim ki, bəzi yerli toylarında islam dininin şərtlərinə uyğun olaraq musiqi haram sayıldığı üçün, toyda yalnız ərəb qavallarının müşaiyəti ilə musiqisiz mahnılar, ilahi nəğmələr ifa olunur.

Mərasim boyu qonaqlara hədiyyə olaraq xüsusi bağlamalarda ətir, buxur, şirniyyatlar paylanılır.

Toyun sonuna yaxın bəy anasının və bacılarının əhatəsində məclisə daxil olur. Mərasimdə iştirak edən xanımların yaşmaqlanması, örtünmələri üçün bəyin gəlişindən on dəqiqə qabaq məclis əhlinə mütləq xəbər verilir.

Ərəb toylarının süfrəsində nələr var?



BƏƏ-də toy süfrələri zəngin və ləziz təamlı ərəb mətbəxinə aid müxtəlif çeşidli nemətlərlə dolu olur. Toy süfrələrində spirtli içkilər istisna olmaqla, ərəb nağıllarında deyildiyi kimi, "quş südü, can dərmanı" nə istəsəniz var.

"Fəttuş", "tabbulə", "babağannuc", "hommos", "muttəbl" adlı salatlar, "haris", "maçbus", "biryani", "srid" adlı aş növləri, müxtəlif növ kabablar (ət, toyuq, balıq), "um Ali", "liqeymət" adlı şirniyyatlar, isti (ərəb qəhvəsi, çay) və soyuq (təbii meyvə şirələri) içkilər, bir sözlə saymaqla bitməyən hər cür təamlar toy süfrələrini bəzəyir.

Toyda nəmər pulu

BƏƏ toylarında "toy pulu" və ya "toya pul salmaq" adlı adət yoxdur. Toy-nişan məclislərinə çağırılan qonaqlardan heç bir maddiyyət (pul, hədiyyə) tələb olunmur.

"Ars əl-riyayil" - Kişi toyu

Qeyd etdiyim kimi, BƏƏ-də kişi və qadınların məclisləri ayrı-ayrılıqda keçirilir və toy iki gün davam edir. Əsas toydan bir gün qabaq bəyin evində toy mağarı qurulur. Bəyin qohum-əqrabası, dost-tanışı, oğlanın mənsub olduğu qəbilənin üzvləri "ars əl-riyayil" adlanan kişi toyunda iştirak edirlər.

Toy günündə bəy yerli ərəblərin qədim adətinə uyğun olaraq, ağ rəngli "kandora" adlanan milli libas və üstündən "beşt" adlı qara rəngli xüsusi növ xəfif parçadan əba geyinir.


Adətə görə, oğlanın anası, ailə üzvlərindən olan yaşlı qadınlar: xalalar, bibilər bir otaqda yığışaraq "baxur" yandıraraq tüstüsü ilə bəyi ətirləndirir, başına ruzi əlaməti olaraq pullar səpir, xələt, şirniyyat paylayırlar. Daha sonra bəy yaxın dostlarının əhatəsində musiqiçilərin müşaiyəti ilə toy çadırına daxil olur.

Kişı toylarında əsasən ən azı 25-30 nəfərlik ansambl "tabl" və "dəf" adlanan ərəb zərb alətlərinin müşaiyəti ilə xorla mahnılar oxuyur, rəqs edirlər. "Harbiyya", "əl-rizfə", "əl-liyva", "əl-aeyyalə", "əl-youlə" adlı bədəvi rəqsləri ifa olunarkən, bu rəqslərin atributları olan müxtəlif silah növlərindən: tüfəng, qılınc və xəncərdən istifadə olunur.


Yerli ərəb rəqslərinin əsas atributu isə "xeyzarane" adlı ərəb əsasıdır. Rəqs edən kişilər, uşaqlar əllərindəki əsanı başlarının üstündə ustalıqla fırladır, müxtəlif rəqs elementləri ilə ifalarına rəngarənglik qatırlar. Ümumiyyətlə, "xeyzarane" ən qədim zamanlardan yerli ərəb kişilərinin vazkeçilməz əşyasıdır.

"Şahr əl-asal" – Bal ayı

Toydan sonra bəylə gəlin "şahr əl-asal" adlanan bal ayına yollanır.

Toy edən cütlüyə dövlət dəstəyi

BƏƏ-də yeni ailə həyatı quran cütlüklərə hədiyyə olaraq "Sanduq əl-Zavac" (Evlilik Fondu) tərəfindən iri məbləğdə pul verilir, dövlətin maliyyə dəstəyi ilə kütləvi toy mərasimləri keçirilir. "Aras-camaiyə" adlanan kütləvi toy tədbirlərində şeyxlər, nazirlər, hökümət nümayəndələri fəxri qonaq qismində yaxından iştirak edirlər.

Hər bir əmirlikdə yerli ərəblər üçün xüsusi şadlıq evləri fəaliyyət göstərir ki, bu saraylarda keçirilən ziyafət məclislərində toy sahibləri necə deyərlər, əllərini ciblərinə salmırlar. Şadlıq saraylarının icarə haqqı və menyu şeyxlərin şəxsi vəsaiti hesabına ödənilir.

Bundan əlavə, BƏƏ höküməti tərəfindən yeni evlənən vətəndaşlar ev və torpaq sahəsi ilə təmin olunurlar.

***
Həmçinin oxu:

Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi - I YAZI
//modern.az/articles/64484/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir