Modern.az

"Bulvarda Şaxta baba və Qar qız olmaq istəyən lisenziya almalıdır" - Bulvar İdarəsi

"Bulvarda Şaxta baba və Qar qız olmaq istəyən lisenziya almalıdır" - Bulvar İdarəsi

2 Dekabr 2014, 13:26


“Bu il də Milli Park ərazisində dekabr ayının 15-dən sonra şam ağacları quraşdırılacaq və təxminən dekabrın 23-nə qədər bütün hazırlıqlar tamamlanacaq. Hər şam ağacının yanında Qar qız və Şaxta baba olacaq”.

Bu barədə Modern.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Yeni il ərəfəsində bulvar ərazisində tətil səbəbi ilə insanların sayı daha çox olur. Dənizkənarı Bulvar İdarəsi bunu nəzərə alaraq həmin günlərdə gücləndirilmiş iş rejimində çalışacaq:

“Bu, həm Bulvar İdarəsinin, həm mühafizə xidmətlərinin əməkdaşlarına, həm də təcili tibbi yardım xidmətinin iş fəaliyyətinə aiddir.

Yeni il ərəfəsində bulvar ərazisində fəaliyyət göstərən kafe, restoran, kinoteatrlar, atraksionlar və digər obyektlər insanların istəyi nəzərə alınaraq həmişəki vaxtdan tez açılıb, gec bağlanacaq”.

İdarə rəsmisi bundan başqa pulsuz atraksion aksiyasının da bayram ərəfəsində davam etdiriləcəyini vurğulayıb: “Dekabrın 15-dən sonra, təxminən bayrama bir neçə gün qalmış pulsuz karusel aksiyamız davam edəcək. Gün indidən müəyyən olunmasa da, keçirilməsi nəzərdə tutulub və həmin günlərdə ictimaiyyətə elan edəcəyik”.

Nazim Məcidov bulvar ərazisində fəaliyyət göstərəcək Qar qız və Şaxta babaların hər il olduğu kimi lisenziya əsasında fəaliyyət göstərəcəklərini də söyləyib: “Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Deportamentindən aldıqları lisenziya əsasında bizə müraciət edir və biz də müaviq olanları seçirik. Şaxta baba və Qar qızların sayı da şam ağaclarının sayı qədər olacaq. Təxminən 10-13 şam ağacı, bir o qədər də Şaxta baba və Qar qız olacağı nəzərdə tutulub, amma sayın artıb-azalması da istisna edilmir”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu