Modern.az

“Polyaniçko mənimlə erməni dilində danışdı” - Ermənistanda vəzifə tutmuş azərbaycanlı ilə MÜSAHİBƏ

“Polyaniçko mənimlə erməni dilində danışdı” - Ermənistanda vəzifə tutmuş azərbaycanlı ilə MÜSAHİBƏ

15 Yanvar 2015, 13:07

Məhəddin Aydınov: “Vaqif Hüseynova Ermənistanın Qarabağ siyasəti haqqında danışdım, amma dediklərimə çox səthi yanaşdı”

Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda Ermənistanda az qala toy-bayram edirdilər

İnternasionalizm atmosferinin hökm sürdüyü SSRİ adlı imperiyada anti-Azərbaycan xarakteri daşıyan millətçi dalğa da gah açıq, gah da qapalı şəkildə özünü büruzə verir. Erməni millətçiliyinin genişlənməsinə xidmət edən addımların atılması, Sovet İttifaqı tərkibində beynəlxalq millətçiliklə paralel olaraq radikal milli şüurun inkişafı proseslərin sonrakı gedişində qanlı hadisələrə səbəb olur.

Söhbət əsasən, SSRİ tərkibində olan Ermənistanın Azərbaycana qarşı yeni hərəkat başlatması və bunun erməni siyasətinin bacarığı sayəsində uzun müddət gizli xarakter almasından gedir.

Təəssüf ki, erməni millətçiliyi hələ də o vaxtkı Azərbaycan rəhbərliyini və xalqını o qədər də ayıltmadı, xalq oyananda isə artıq gec idi. Çünki illərlə davam edən mənəvi və maddi təşkilatlanma, psixoloji hazırlıq qarşısında qısa müddətə formalaşan Azərbaycan milli şüuru böyük hazırlıqların qarşısında etiraf edək ki, o qədər də güclü deyildi. 

Lakin müxtəlif millətlərin nümayəndələri Sovet İttifaq tərkibində olan başqa dövlətlərdə vəzifə tutur, yüksək postlara gətirilirdi və bu proses az da olsa Ermənistanda da özünü göstərirdi.

Modern.az saytının müsahibi də elə SSRİ zamanında Ermənistanda vəzifə tutan azərbaycanlıdır. Ermənistan SSR hakimiyyət dəhlizlərində vəzifədə olan Məhəddin Aydınovla söhbətimizdən məlum olur ki, erməni millətçiliyinin inkişaf etməsində və nəticədə ərazilərimizin bir hissəsinin itirilməsində Azərbaycanın da müəyyən qədər təqsiri olub.

ARAYIŞ: Məhəddin Aydınov 1956-cı ildə Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndində doğulub. 1981-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (hazırkı Dövlət İqtisad Universiteti) bitirib. 1979-1981-ci illərdə Ermənistan Komsomolunun Amasiya rayon komitəsinin katibi və ikinci katibi vəzifələrində çalışıb. 1981-1983-cü illərdə Ermənistan Komsomolu Mərkəzi Komitəsinin təşkilat şöbəsində təlimatçı olub. 1983-1989-cu illərdə isə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsində təlimatçı, təşkilat şöbəsində müfəttiş və məsul təşkilatçı vəzifələrində çalışıb.

- Məhəddin müəllim, bilirik ki, SSRİ zamanında azərbaycanlılar Ermənistanda elə də çox böyük vəzifələrə gətirilmirdi. Bəs, necə oldu ki, siz Ermənistanda vəzifəyə təyin olundunuz?

- Sovet vaxtı Ermənistanda təxminən 400 minə yaxın azərbaycanlı yaşayırdı. Amma rəhbər vəzifələrə təyinat əhalinin sayına mütənasib qaydada aparılmırdı. Ermənistanda cəmi bir rayonda rayon partiya komitəsinin katibi vəzifəsinə azərbaycanlını seçirdilər. Bir-iki regionda isə rayon icraiyyə komitələrinə sədr vəzifəsinə azərbaycanlılar təyin edilirdi.  Mənə gəlincə, hərbi xidmətdən qayıtdıqdan sonra  komsomol təşkilatının katibi seçilməyim karyeramın başlanğıcı oldu. Ermənistanda vəzifə tutmaq üçün şərtlərdən biri də, erməni dilini bilmək, yazmaq və bu dildə fikirlərini sərbəst ifadə etmək idi. Erməni dilini orta məktəbdə oxuyarkən öyrənmişdim. Ermənistan komsomolunun Amasiya rayon təşkilatına işə götürüləndə, mənə bir qələm, bir də ağ vərəq verdilər. Tələb etdilər  ki, zəhmət çəkib erməni dilində tərcümeyi-halımı yazım. Tərcümeyi-halımı erməni dilində yazdım. Komsomol komitəsinin birinci katibi vərəqi götürüb qırmızı qələmlə bir-iki düzəliş etdi. Amma yazdıqlarım onu qane etdi.



- Kənddən birdən-birə paytaxt Yerevana getmək sizin üçün çətinlik yaratmadı?

- Həmişə öz gücümə, zəhmətimə güvənmişəm. Rayon komsomol komitəsində işləyəndə mərkəzdən kuratorlar gəlib bizi yoxlayırdılar. Tanışlıqlar olurdu, işlərimizə baxırdılar, müəyyən dəyərləndirmələr edirdilər.  Komsomolun Mərkəzi Komitəsinə işə götürülməzdən qabaq sözün düzü, Bakıya gəlmişdim. İki-üç dəfə teleqram vurub bildirdilər ki, məni Komsomol Komitəsinin katibi axtarır. Bir neçə gündən sonra Ermənistana qayıtdım. Evdə dedilər ki, Komsomol Komitəsinin birinci katibi neçə gündür məni axtarır. Onun yanına getdim. Dedi, qərara gəliblər ki, məni Ermənistan komsomolunun Mərkəzi Komitəsində işə götürslər və təsdiq üçün Yerevana getməyim lazımdır. Bunu evdəkilərə bildirdim. Anam Yerevana getməyimə etiraz etdi. Dedi ki, mənim üçün Yerevanda çətin olacaq. Amma anamın keçirdiyi həyəcan mənə təsir etmədi. Komsomolun Mərkəzi Komitəsində işləyəndə iki il kirayədə qaldım. Birinci il tək yaşadım. Sonra həyat yoldaşımla övladımı da yanıma gətirdim. 160 manat məvaciblə həm kirayə haqqı verirdim, həm də özümü dolandırırdım. Yerevanda əvvəllər azərbaycanlıya məxsus olan evdə kirayədə yaşayırdım. Komsomolun Mərkəzi Komitəsinin birinci katibi məni ermənilərə nümunə göstərirdi. Deyirdi ki, erməni dilində təhsil almasam da, erməni dilini yaxşı bilirəm.

Ermənilər həmişə qeyri-erməni əhali arasından seçilən kadrların erməni dilini yaxşı bilməsinə diqqətli idilər. Mən tələblərə cavab verirdim. Amma vəzifələrə gətirilmə əhalinin sayına mütənasib deyildi. Doğulduğum rayonda yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Amma rəhbər vəzifələrin əksəriyyətində ermənilər işləyirdi. Vəzifələrə gətirilməyim operativ baş verirdi...

- Bu operativlik sizi 1983-cü ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinə qədər aparıb çıxardı. Mərkəzi Komitədə vəzifəyə gələcəyinizə inanırdınız?

- Bir gün komsomolun Mərkəzi Komitəsinin yeməkxanasında nahar edirdim. Bir də gördüm ki, ümumi şöbənin müdiri məni axtarır. Dedi ki, komsomolun birinci katibi məni yanına dəvət edir. Çaş-baş qaldım ki, görəsən nə olub, məni kabinetinə çağırır. Onun yanına getdim. Bildirdi ki, onlarda işləməyim bəsdir. Dedi ki, Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi olan Karen Dəmirçiyan məni işə götürmək istəyir. Sözün düzü, mənim üçün gözlənilməz oldu. Kommunist Partiyası Mərkəzi Komitəsində məni yoxladılar, suallar verdilər və yeni vəzifəyə gəlməyin cəmi iki gün çəkdi. Mən artıq Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində işə başladım.

- Orada işləriniz necə gedirdi?

- Yaxşı idi. Elə oldu ki, hətta Moskvaya kənd təsərrüfatı ilə bağlı məlumatları göndərirdim. Bir neçə ildən sonra məni təşkilat şöbəsinə gətirdilər. Bir neçə rayonu mənə tapşırdılar və həmin rayonlar üzrə kurator oldum. İşləyirdik, amma çox çətin bir şəraitdə və həmişə bir təhlükə altında...

- Təhlükələr nədən ibarət idi?

- Ermənilərdə millətçilik hamının canında, qanında idi. Elə bir məclis olmazdı ki, orda türkün ünvanına xoşagəlməyən ifadə işlətməsinlər. Məndə də milli hisslər güclü idi. Dözmürdüm, cavab verirdim.


- Türkün ünvanına rəhbərlik səviyyəsində hər hansı xoşagəlməz fikir söylənilirdi, yoxsa həmkarlarınız belə bir addım atırdı?

- Mənim yanımda rəhbərlik səviyyəsində elə bir söz işlənmirdi. Amma həmkarlarım azərbaycanlılar,  türklər əleyhinə mütəmadi olaraq fikirlər səsləndirirdi. Konfranslarda və digər böyük tədbirlərdə rəhbərlik səviyyəsində Azərbaycana olan münasibətin şahidi oldum.

Qarabağ hadisələrinin qızğın vaxtı idi. İş otağında həmkarım Lala Qrantovna adlı erməni xanımla bir kabinetdə çalışırdıq. Bir dəfə evə zəng etdim, ailəmlə azərbaycanca danışdım. Telefon dəstəyini yerinə qoyandan sonra erməni xanım dedi ki, bir də Azərbaycan dilində danışmayım. Dedim, bəs hansı dildə danışım? Dedi, “ya erməni, ya rus dilində danışın2. Mən isə evdəkilərin bu dildə bilmədiklərini söylədim Dedi, “o zaman heç danışmayım”. Mən onun səhvə yol verdiyini bildirdim.

- Mərkəzi Komitədə sizdən başqa azərbaycanlı olub?

tən Təşkilat şöbəsində olarkən Basarkeçər rayonundan Adil Əliyev adlı bir oğlanı əvvəl mən oturan kabinetə gətirdilər. O, yaxşı insan idi. Əvvəllər Mərkəzi Komitədə həmişə bir azərbaycanlı olurdu. Təşkilat şöbəsində isə SSRİ zamanında demək olar ki, uzun müddət azərbaycanlı işləmirdi. Qarabağ hadisələri başlamamışdan qabaq ümumi şöbə ilə intensiv əlaqədə idim. Məktublar şöbəsi həmişə məni dəvət edirdi ki, yazılanları tərcümə edim.

- Azərbaycanlıların çox yaşadığı rayonların arasında əlaqəni qurmaq məsələsində hansı addımlar atılırdı və ermənilər daha çox hansı rayonlardan çəkinirdilər?

- Kurator olduğumdan müəyyən mənada əlaqə qurmağa çalışırdım. Birmənalı şəkildə deyirəm ki, ermənilər türklərdən çox pis qorxurlar. Qorxduqlarına görə qəddarlıqlara imza atdılar. Onların ən çox qısqanclıqla yanaşdığı insan Heydər Əliyev idi. Heydər Əliyevdən həm də qorxurdular. Ermənilər azərbaycanlılar yaşayan bütün rayonlardan qorxurdular.

- Mərkəzi Komitədə işlədiyinizdən Ermənistandakı siyasi həyatı da müşahidə edirdiniz.   “Daşnaksütyun” Partiyasının fəaliyyəti nəzərə çarpırdı?

- Onların açıq fəaliyyəti yox idi. Gizlin fəaliyyət göstərirdi. Bunu isə Ermənistan hakimiyyəti açıb-ağartmırdı.



- 1988-ci il SSRİ-də erməni millətçiliyi kəmiyyət və keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Siz isə Ermənistan cəmiyyətinin fikirlərinə heç şübhəsiz yaxşı bələd idiniz. Ermənistan ictimaiyyətinin Qarabağla bağlı məkrli niyyətləri barədə Azərbaycana hər hansı məlumat vermişdinizmi?

- Hadisələrin qızğın vaxtında təyyarə ilə Bakıya gəldim. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov idi.  Məqsədim Azərbaycan rəhbərliyini gözlənilən Qarabağ böhranı ilə bağlı xəbərdar etmək idi. Mərkəzi Komitədə işləyən yoldaşlarla görüşüb onları xəbərdar etmək  istəyirdim ki, ermənilərdə isterika baş qaldırıb. Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko ilə görüşə bildim.

İçəri girən kimi Polyaniçko mənimlə erməni dilində danışmağa başladı. Fikirləşdim ki, yəqin nəyisə düzgün başa düşməyib. Amma erməni dilində danışmağa başlayanda ona deyəcəyim sözləri gizlətməli oldum. Düşündüm ki, yəqin bunun ermənilərlə hansısa münasibəti var. Bir də Polyaniçko ilə o, Qarabağda təşkil olunan xüsusi komitənin başçısı olanda Xankəndidə görüşmüşəm.

Mən Bakı Şəhər Partiya Komitəsinin təşkilat şöbəsində işləyəndə Xankəndinə ezam olunmuşdum. Biz erməni dilində sənədlər hazırlayıb yayırdıq. 

- Bəs, Azərbaycana erməni təxribatları ilə bağlı məlumat verməyə gələndə yüksək vəzifədə olan azərbaycanlılarla görüşmədiniz?

- Azərbaycan  Kommunist Partiyasının Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Vaqif Hüseynovla görüşmüşdüm. Ona Ermənistanın Qarabağ siyasəti haqqında danışdım, amma Vaqif Hüseynov dediklərimə çox səthi yanaşdı. 

- Siz deportasiya zamanı Azərbaycana gələndən sonra Bakı Şəhər Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı işləmisiniz. Bakıya birdəfəlik gəlməyinizlə bağlı hansı xatirələri danışa bilərsiniz?

- Azərbaycana gəlmək niyyətim yox idi. Ermənistanın paytaxtı Yerevanı sonuncu azərbaycanlı tərk edən mən olmuşam. Fikirləşirdim, sadə camaat  düşünər ki, vəzifədə olan azərbaycanlılar Ermənistanda yaxşı mühafizə edildiyi halda, niyə görə ölkəni tərk edir. Bunu nəzərə alaraq 1989-cu ilin avqust ayının axırına qədər Yerevanda qaldım. Artıq hadisələrin çox kəskin vaxtları idi. Bakıdan Yerevana teleqram göndərdim və qeyd etdim ki, yaranmış vəziyyətlə əlaqədar  Ermənistana qayıda bilmirəm. Teleqramda yazmışdım ki, sənədlərimi Bakıya göndərsinlər.

Deportasiya vaxtı doğma kəndimizə getmişdim, gördüm ki, evimizi yandırıblar. Bundan başqa, mənim Yerevandakı evim də, yoldaşım içərisində ola-ola yandırılmışdı. Amma ermənilər dedi ki, guya evi mənim xanımım özü yandırıb.

Hadisə belə olmuşdu. İşdə idim, xanımım zəng edib dedi ki, ev yanır. Gəlib görüm ki, həyətə haradasa 5 min adam yığışıb. Yaxşı ki, övladım evdə yox idi. Yanan evdə qalan həyat yoldaşım çarəsizlikdən mənzilin pəncərələrini sındırmağa başlayıb. Əlləri doğram-doğram olub. Onu birtəhər xilas etdim.



- Erməni millətçiliyinin baş qaldırdığı vaxtlarda Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əməkdaşı kimi, azərbaycanlı olduğunuzu nəzərə alıb sizə hansı tapşırıqlar verilirdi?

- Məni azərbaycanlılar yaşayan regionlara göndərirdilər və tapşırıq verilmişdi ki, onlarla söhbətlər aparım. O dövrdə bütün azərbaycanlıların yaşadığı yerlərdə oldum. Mehriyə gələndə gənclər fürsət tapıb məni danışdırırdılar. Soruşurdular ki, Qarabağı ermənilərə verirlər, ya yox?

- SSRİ-nin ən böhranlı və dağılmağa doğru getdiyi zamanlarında, eyni zamanda erməni şovinizminin alovlandığı bir vaxtda Ermənistanda müxtəlif vəzifələrdə çalışmısınız. Hadisələrin gərginləşməsindən sonra Ermənistan rəhbərliyinin sizə qarşı hər hansı ayrı-seçkiliyi və provakasiyaya cəlb etmək cəhdləri olurdu?

- Etiraf edək ki, ermənilər o dövrdə siyasəti daha yaxşı bilirdilər. Ona görə də onların hərəkətlərində açıq şəkildə bir şey müşahidə etmək olmurdu. Gecə bir yaşayış məntəqəsini yandırırdılar, səhər durub mətbuata məlumat verirdilər ki, bunu azərbaycanlılar edib. Onlara heç nəyi sübut etmək olmurdu. Vəziyyət pisləşəndə Araratın Şirazlı kəndində yaşayan azərbaycanlı əhaliyə əziyyət verirdilər. Azərbaycanlı əhali isə Türkiyə sərhədinə axışırdı. Mən də Ararat rayon Partiya Komitəsinin birinci katibinin kabinetində aparılan müzakirələrdə iştirak etmək üçün ora getdim. Dedilər ki, azərbaycanlılar guya, erməniləri gecə ikən qıracaqlar. Buna görə həmin regiona qoşun yerləşdirilməsi barədə fikirlər səsləndirirdilər. Təsəvvür edin, bu söhbətlər rayonun birinci katibinin kabinetində gedirdi. Onların məqsədi bütün azərbaycanlıların Ermənistandan qovulması idi.

Bir dəfə iqtisadi məsələlərlə bağlı Ermənistan Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçiyan müşavirə keçirirdi. Mən də həmin iclasda idim. Ermənistan Statistika Komitəsinin sədri iqtisadi məsələlərlə bağlı hesabat verərkən Ermənistanın iqtisadi göstəricilərini Azərbaycanla müqayisə etməyə başladı. Dedi ki, Ermənistanın uğurları daha çoxdur. Karen Dəmirçiyan əlini qaldırıb əsəbi halda bildirdi: “Saxla! Sən utanmırsan, bizi Azərbaycanla müqayisə edirsən. Azərbaycan nədir ki, Ermənistanı onunla müqayisə edirsən?! Sən bizi Ukrayna, Belarusla müqayisə elə!”. Statistika Komitəsinin sədri “baş üstə” dedi.

- Ermənistanın hakimiyyətində vəzifədə olmusunuz, Yerevanın Qarabağla bağlı rəsmi səviyyəli məxfi planları ilə bağlı sizdə hər hansı informasiya var idimi?

- Birinci olaraq Ermənistanda yaşayan erməni əhalidən Mərkəzi Komitəyə kütləvi şəkildə müraciətlər gəlirdi. Bu, daha sonra ziyalılara keçdi. Daha sonra ermənilər Moskvadakı adamlarını işə salmağa başladılar. Gəldim Bakıya, Azərbaycanda yüksək vəzifə tutan birinə bu barədə xəbərdarlıq etdim. Adını çəkmək istəmirəm. Dedi ki, ermənilər kimdir ki?! Başladı lağ-lağı etməyə.

- Zori Balayan kimi erməni ziyalıları erməni millətçiliyinin ideoloji yönləndiricisi rolunu oynayırdı. Onunla görüşmüsünüz?

- Zori Balayanı çox görmüşəm. Müşavirlərin birinə o da qatıldı. Həmin zaman Xocalıda azərbaycanlılar çox mətin idilər. Yerevanda isə  komendant saatı elan edilmişdi. Zori Balayan müşavirədə çıxış edərkən dedi ki, Xocalıda azərbaycanlılar qırğın törədir. Mən onda  hiss etdim ki, Xocalı çox möhkəm dayanıb. Sonralar Bakı Şəhər Partiya Komitəsində işləyəndə rəhmətlik Əlif Hacıyevlə görüşdüm. Mənə kədərli notlarla dedi ki, “belə getsə, Qarabağ əldən verəcəyik”.

- Uşaqlıq illəriniz Türkiyə ilə sərhəddə keçib. Maraqlıdır, nənələr, babalar, erməni-türk münasibətləri haqqında nələri danışırdılar?

- Biz orada yaşayanda qohumlarımız çox idi. Sonradan Türkiyədəki qohumlarımızı da tapdıq. Onlar deyirdilər ki, erməni qəddarlığının qorxusundan uşaqları odun peçlərinin içinə qoyub sərhəddən keçiriblər. Amma düzünü deyim, mən bizimkilərdən çox ermənilərin danışdıqlarını eşitmişəm. Bir müddət Gümrüdə yaşayan ermənilər deyirdi ki, Türkiyə ilə münasibətlərin pozulmasında erməni siyasətçilər təqsirkardır. Anam həmişə deyirdi ki, qonşuluğumuzdakı Cələb kəndi ilə bizim kənd arasında daim münaqişə olur. Deyirdi, elə həftə olmazdı ki, insan itkisi ilə üzləşməyəsən. Biz şagird olanda dərslikləri rayon mərkəzindəki kitabxanadan alırdıq. Rayon mərkəzində də erməni əhalisi çox yaşayırdı. Rayon mərkəzinə gedib kitab almaq çox vaxt qanla nəticələnirdi. Belə düşmən münasibətin şahidi olmuşdum.

- Yerevanda və Ermənistanın digər bölgələrində Azərbaycanın tarixi abidələrinə, qəbiristanlıqlarına münasibət necə idi? Mərkəzi Komitədə işləyən vaxt hər hansı barbarlığın şahidi olmuşdunuz?

- Bir dəfə Basarkeçər rayonuna yolum düşmüşdü. Basarkeçərin Qanlı kəndindəki azərbaycanlıların məzarı olan qəbiristanlıqdan keçirdim. Bir də gördüm ki, qəbiristanlıqdakı erməni qədim qəbir daşlarının üzünü yonur, ora ermənicə yazılar yazır. Bunu şəxsən öz gözümlə görmüşəm . Amma o zaman hələ çox gənc idim və heç bir vəzifədə deyildim. Bunu kənd camaatına dedim.

Ermənistan hökuməti hər sessiyadan-sessiyaya yer adlarını da erməniləşdirirdi.  Yerevanda İrəvan xanlığına məxsus məscidlər var idi. Yerevana gələn qonaqları isə qondarma erməni soyqırımı abidəsini ziyarət etməyə aparırdılar.

- Azərbaycanlılar Ermənistandan kütləvi şəkildə deportasiyası olunanda soydaşlarımıza həm də işgəncələr verilir, onlar öldürülürdü. Siz Mərkəzi Komitənin əməkdaşı olaraq bu cür hallara etiraz edirdiniz?

- Bir dəfə zəng vurdular ki, Masisdə azərbaycanlılar yaşayan küçəni yandırırlar və kömək lazımdır. Mərkəzi Komitəyə zəng edib yaranmış vəziyyəti danışdım. Sonra bizi Masisə göndərdilər. Gördük ki, azərbaycanlılar yaşayan evləri od vurub yandırıblar. Sabahısı gün Ermənistan hökuməti bəyanat verdi ki, evləri türklər özləri yandırıb.

Spitak rayonu ərazisində azərbaycanlı uşaqları böyük diametrli metal boruların içərisinə salıb yandırmışdılar. Bunların siyasəti belə idi. Vəzifədə olduğum müddətdə bütün müşavirələrdə iştirak edirdim. Müşavirələrdə adamın gözünün içinə baxa-baxa yalan danışırdılar ki, azərbaycanlılar özləri evləri yandırır, təxribat törədir. Açıq-aşkar deyirdilər ki, türklər Ermənistandan qovulmalıdır.

- Vəzifədə olduğunuz vaxtlarda, 1984-cü ildə Qazaxdakı torpaq sahələri Ermənistana verilib və yerli sakinlər buna sərt şəkildə etiraz ediblər. Məlumatlara görə, hətta Ermənistan Nazirlər Soveti sədrinin birinci müavini Movsesyan Qazax ərazisində möhkəm döyülüb. Bu haqda sizdə hansı xatirələr var?

- Bircə onu bilirəm ki, bu hadisələrdən sonra Ermənistanın bütün həmsərhəd rayonlarının əhalisi hadisə baş verən yerə axışdılar. Hətta Yerevanda yaşayan qonşularım da həmin yerə getdilər. Yəni bunlarda millətçilik hissləri çox qabarıq idi. Əslində biz azərbaycanlıların da təqsiri az olmayıb.

- Bu təqsirlər nə idi, konkret deyə bilərsinizmi?

- Bir epizodu danışım. Proseslərin gərginləşdiyi zaman Ermənistandan qovulan azərbaycanlıların bir hissəsi Naxçıvanda məskunlaşmışdı. Bu məqamda Azərbaycan və Ermənistan dövləti Moskvanın təşəbbüsü ilə qərara gəlib ki, nümayəndə heyətləri Naxçıvanda əhalinin geri qaytarılması üçün görüş keçirsin. Axşam mənə zəng edib dedilər ki, görüşdə iştirak etmək lazımdır. Gedib gördüm ki, Ermənistan Ali Sovetinin birinci müavini, Nazirlər Sovetinin sədrinin birinci müavini və həmin tərkibdə Azərbaycan nümayəndə heyəti müzakirələrə hazırlaşır.

O zaman Naxçıvanda partiya komitəsinin birinci katibi Nurəddin Mustafayev idi. Lakin biz onu görmədik. Naxçıvanda ikinci katib, milliyyətcə rus olan Qolubev bizi qarşıladı. Deməli, görüş keçirilir, Qolobev oturub başda, Azərbaycan və Ermənistan nümayəndə heyətləri üzbəüz oturublar. Ermənilər oturan kimi Azərbaycanın əleyhinə təhqiramiz ifadələr işlətməyə başladılar. Bir o qalırdı ki, orda oturan azərbaycanlıların şəxsən üzünə söysünlər. Gözləyirdim ki, bizimkilər də bir cavab verəcəklər.

Amma daşdan səs çıxdı, onlardan yox. Bizimkilər mədəni formada da olsa, cavab vermədilər. Nəhayət, dözmədim, Ermənistan nümayəndə heyətinə cavab qaytardım. Onlara başa saldım ki, Sumqayıt hadisələrində Azərbaycan xalqı günahkar deyil.

Bayaq dediyim kimi, 1989-cu ilin avqust ayının axırlarında artıq Bakıda idim. Artıq özümə Bakıda iş axtarırdım. Viktor Polyaniçkonun Rüstəm adlı köməkçisi var idi, ona iş axtardığımı bildirdim. Rüstəm dedi ki, Qolobevin yanına gedim. Qolobev artıq Bakı Şəhər Partiya Komitəsində işləyirdi. 

Getdim onun qəbuluna. Söz verdi ki, öz yanında mənə iş verəcək. Sənədləri verdim, amma azərbaycanlılarımız deyirdi ki, iş yoxdur. Həmin vaxt Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Müslüm Məmmədov idi. Mən onunla Heydər Əliyev arasında narazılığın olduğunu bilmirdim. Müslüm Məmmədov həm də Ermənistandan olan azərbaycanlılara qarşı aqressiv idi. Onun yanına girdim, məni görən kimi Əliyevin əleyhinə danışmağa başladı.

Ona irad bildirdim, məndən tez kabinetini tərk etməsini tələb etdi. Mən Qolubevin yanına gedib baş verəni ona danışdım. Mənə narahat olmamağı məsləhət gördü. İki aydan sonra  Qolobev dedi ki, Müslüm Məmmədova heç cürə başa sala bilmir ki, Azərbaycan nümayəndə heyəti ermənilərə cavab verməyəndə azərbaycanlıların müdafiəsinə mən qalxmışam. Düzü elə bilirdim, Qolobev heç məni xatırlamır. İki aydan sonra Qolubev məni yanına çağırdı və iş verdi.

Biz milli şüur məsələsinə diqqət yetirməliyik. Biz içimizdə milli hissləri yaşatmaya-yaşatmaya müasir olmaq istəyirik. Bu isə mümkün deyil. Mən Bakıya köçüb gələndə əhalinin rusca danışması mənə təəccüblü gəlirdi.

Mən Ermənistan Mərkəzi Komitəsində işləyərkən bir dəfə də olsun, rus dilini bilib-bilməməyimlə bağlı nəsə soruşmadılar. Ermənistanda işlədiyim vaxtlarda heç vaxt rus dilində protokol yazmadıq. Hamısı erməni dilində idi. Amma mən Azərbaycana gələndən sonra vəzifədə olanların rus dilində danışığını görüb məəttəl qaldım. Bütün dillərə, mədəniyyətlərə, kəşflərə hörmət qoymaqla, biz milliləşməliyik.

Başqa bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunanda Ermənistanda az qala toy-bayram edirdilər. Əslində Vəzirovun hakimiyyəti illərində onun bacarıqsızlığı və siyasətçiyə xas olmayan davranışları mənə qəribə gəlirdi. Vəzirov rəhbərliyə təyin ediləndə ermənilər çox sevinirdilər. Sən demə ermənilər bunun qabiliyyətsizliyini bilirlərmiş



- Evlilik məsələsində azərbaycanlılar daha çox erməni qızı almağa da üstünlük verirdilər. Buna münasibətiniz necə idi?

- Ermənistanda bu tendensiya yox idi. Bu tendensiya Azərbaycanda müşahidə edilirdi. Kim hansı millətdən evlənir evlənsin, amma öz milli kimliyini, mənliyini unutmasın. Mən Ermənistanda ana dilini bilməyən erməniyə rast gəlmədim. Halbuki, onların da təhsilində rus bölməsi var idi.

- 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində qaçqınlar və məcburi köçkünlər şöbəsinin müdiri işləmisiniz. Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşması ilə əlaqədar nələr edirdiniz?

- Mən qaçqın və məcburi köçkünləri qarşılayırdım. Çox adam qorxusundan onların qarşısına çıxa bilmirdi. Çox əzablı iş idi, amma bununla fəxr edirdim. Çünki qaçqınlara və məcburi köçkünlərə kömək edirdim. Mən bu vəzifədə olanda qaçqın və məcburi köçkünlərin vahid qeydiyyat sistemini yaratdım. Siyahıda onların ailə durumunda olan dəyişikliklər, problemləri, itkilər əks olunmuşdu. Lakin mən Prezident Aparatında işləyəndən sonra həmin siyahının taleyindən xəbərim olmadı.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir