Modern.az

İrəvan məscidləri - FOTOLAR

İrəvan məscidləri - FOTOLAR

19 Yanvar 2015, 13:56

Vaxtilə bütün Qafqazda görkəmli və hündür qülləli məscidləri ilə məşhur olan İrəvan şəhərində bu gün “Göy məscid”dən başqa heç bir müsəlman ibadətgahından əsər-əlamət qalmayıb.  “Göy məscid”i isə ermənilər dünya ictimaiyyətinə  İran -fars məscidi kimi təqdim edirlər. 

Məşhur fransız səyyahı və etnoqrafı  İvan Şopen (1798-1870) XIX-əsrin 20-ci illərində Rusiyaya gələrək, Qafqaz canişinliyinə işə düzəldikdən sonra  general İ.F.Paskeviçin göstərişi ilə Qafqazda yaşayan xalqların, xüsusilə də İrəvan və Naxçivan  əhalisinin tarixi ilə əlaqədar tədqiqat işləri aparmağa başlayıb. İ.Şopen əsərlərində Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların tarixi, etnik tərkibi, dili, folkloru, ədəbiyyat və incəsənəti haqqında geniş məlumatlar toplayıb. O, 1832-ci ildə İrəvanda 12 məscid qeydə alıb. Onlardan “Came məscidi”, “Şah Abbas məscidi”,  “Zal xan məscidi”, “Novruzəli bəy mədcidi”, “Sərtib xan məscidi”, “Hüseynəli xan məscidi”, “Hacı İmamverdi bəy məscidi”, “Hacı Cəfər bəy məscidi”ni misal göstərmək olar. Bu məscidlərin bəziləri bir sıra alban abidələri ilə birlikdə erməni vandalları tərəfindən tədricən dağıdılıb və ya erməniləşdirilib.


İrəvandakı məscidlərin ən qədimi  “Sərdar məscidi”dir.  Köhnə məscid adlandırılan  bu ibadətgah Şah İsmayılın tapşırığı ilə onun vəziri Rəvanqulu Xan İrəvan qalasını tikdirdiyi dövrdə  inşa edilib. 1589-cu ildə isə Osmanlı türkləri tərəfindən yenidən bərpa edilib. İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün “Sərdar məscidi”  adlandırılıb.1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırıbıar. Məscid insanlarla birlikdə tamamilə yanıb külə dönüb.

Araşdırmalar göstərir ki, 1912- ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə  İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayının artması müşahidə  olunub. Burada 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

Hündür minarələri olan İrəvan məscidləri şəhərin möhtəşəm görüntüsünü  səciyyələndirən tikililərdən idi. Belə məscidlərdən 4-ü İrəvan qalasının “Səhər” məhəlləsində yerləşirdi. Bunlar “Novruzəli xan”, “Hüseynəli xan” (indiki “Göy məscid”), “Xoca Səfər bəy” və “Məhəmməd Sərtib xan” məscidləri idi.


İrəvan məscidləri arasında sənət dəyərı baxımından “Şah Abbas məscidi”nin əhəmiyyəti çox böyükdür. 1604-cü ildə 1-ci Şah Abbas İrəvan qalasını Osmanlılardan azad etdikdən sonra 1606-cı ildə İrəvan xanına məxsus Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirib. Məscidə xalq tərəfindən “Şah Abbas məscidi” adı verilib. Məscidin memarı o zamanın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidinə oxşarlığı olan “Şah Abbas məscidi”nin kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif obyektlər daxil idi. İrəvan xanlığı dövründə məscidin aş evində kasıblara gündə 3 pay yemək verilirmiş. Məscid dini məkan olmaqla bərabər, həm də ictimai qurumların toplandığı yer olması ilə də diqqəti cəlb edib. 1918- ci ilə qədər “Şah Abbas məscidi” yarımuçuq vəziyyətdə olsa da, sonralar  tamamilə məhv edilib.

İrəvandakı “Xudabəndə  məscidi” Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə  tərəfindən tikilib. Uzunluğu 9 metr, eni 6 metr, hündürlüyü isə 12 metr idi. Kiçik mehrabı olan məscid bişmiş qırmızı kərpicdən tikilmişdi. 1685-ci ildə Səfəvi hökmdarı Şah Süleyman tərəfindən məscidin giriş qapısı üzərində bir kitabə də yerləşdirilmişdi. (şəkli qalmayıb).


“Dəmirbulaq məscidi”
İrəvan şəhərinin azərbaycanlılar yaşayan məhəlləsində 17-18-ci əsrlərə aid müsəlman ibadət məkanıdır. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün “Dəmirbulaq məscidi” adlandırılıb. Məscidin üstündə düzəldilmiş günlüyə görə ona bəzən “Günlüklü məscid” də deyirmişlər. Məscid İrəvan şəhərinin varlı adamlarından olan Hacı Müzəffər Ağa tərəfindən 17-18-ci əsrlərdə inşa etdirilib.
1988-ci ilə kimi fəaliyytə göstərən və şəhərin dindar müsəlmanlarına xidmət göstərən məscid elə həmin ilin fevralında erməni millətçiləri tərəfindən hücuma məruz qalıb və talan edilərək yandırılıb.

“Rəcəb paşa məscidi”. 1725-ci ildə Rəcəb paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məsciddir. Ruslar İrəvanı işğal etdikdən sonda (1827) Rəcəb paşanın inşa etdirdiyi məscid dağıdılıb və yerində Rus pravoslav kilsəsi tikilib.


“Abbas Mirzə xan məscidi”
18-ci əsrdə Abbas Mirzə Qovanlı-Qacar tərəfindən İrəvan qalasında inşa etdirilib. 1827-ci ildə ruslar tərəfindən dağıdılıb. 2008-ci ildə isə tamamilə sökülüb.

“Şükürbəyli  məscidi” İrəvanda tikilib. 1827-ci ildə ruslar məscidin daxilini dəyişdirib və  adını “Svyatoy Boqoradiç” qoyublar. Hazırda “Şükürbəyli məscidi” rus kilsəsi kimi fəaliyyətdədir.

“Zalhan  məscidi” İrəvanda  tikilib. Məscid II Dünya müharibəsindən sonra arxitektura  xüsusiyyətləri pozularaq şəkil və sərgi binası kimi fəaliyyət göstərir.  


“Göy məscid”
hazırda Ermənistanın paytaxtı İrəvanda qalmış yeganə ibadətgahdır. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Azərbaycanın memarlıq nümunələrindən biri olan bu məscidin eni 66, uzunluğu 92,2 metrdir. “Göy məscid” İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyüdür. Bu ziyarətgah çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi.
Məscid 28 hücrə, kitabxana, ibadətgah və 3 həyətdən ibarətdir. Ümumilikdə, məscid 7000 kv.metrlik  ərazidə yerləşir. İkinci Dünya Müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-ci ildən məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə çevrildi. Məscid 20-ci əsrdə iki dəfə yandırılıb. Birinci dəfə 1918- ci ildə, ikinci dəfə isə 1955-ci ilin martında. Həmin vaxt azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən ermənilər tərəfindən yandırılıb.

“Göy məscid” 1995-2006-cı illərdə İran tikinti şirkətlərinin köməkliyi ilə  bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzinə çevrilib.

İrəvan və ətraf  ərazilərdə  yerləşən məscidlər haqqında ingilis tədqiqatçısı Tom de Vaal yazır: “Ermənilərin azərbaycanlılara məxsus məscidləri belə asanlıqla yer üzündən silməsini linqvistik oyun ilə izah etmək olar. Sən demə, Ermənistan Azərbaycanın tarixini məhv etməklə  bütövlükdə ölkəni məhv etmək fikrində imiş. Ona görə də XX əsrə qədər onlar azərbaycanlıları “tatar”, “müsəlman” və ya “türk”adlandırırdılar. Əslində isə onlar türkdilli şiələr idilər. Bir sözlə, onlar indiki azərbaycanlıların babaları olub. Beləliklə, ermənilər İrəvanda “fars məscidi” haqqında danışarkən, “fars” deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən “Göy məscid”də dua edənlər azərbaycanlılar olub”.


İsmayıl  Tanrıverdi
BDU-nun Erməni araşdırmaları laboratoriyasının böyük elmi işçisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!