Modern.az

Dünyanın ən bahalı 11 valyutası - SİYAHIDA manat da var

Dünyanın ən bahalı 11 valyutası - SİYAHIDA manat da var

17 Fevral 2015, 16:41

ABŞ dolları şübhəsiz, dünyada ən çox istifadə olunan valyutadır. Əksər beynəlxalq ticarət sövdələşmələri daha çox məhz dollar vasitəsilə gerçəkləşdirilir. Hətta dolları ümumdünya valyutası da adlandırmaq olar. Amma qeyd etmək lazımdır ki, dollar geniş istifadə olunsa da, məzənnə baxımından ən bahalı valyuta deyil.
Modern.az saytı hazırda dollara nisbətdə ən bahalı dünya valyutalarını və onların məzənnəsini təqdim edir.  

Küveyt dinarı – 3,38 dollar


Küveyt əmirliyinin rəsmi pul vahidi sayılan Küveyt dinarı birmənalı olaraq dünyanın ən bahalı valyutası hesab olunur. O 1961-ci ildən dövriyyədədir. 

Bəhreyn dinarı – 2,65 dollar


Bəhreyn krallığının rəsmi pul vahidi olan dinar isə dollara nisbətdə ikinci ən güclü valyuta sayılır. Bu pul 1965-ci ilin oktyabrından dövriyyədədir.

Oman rialı – 2,59 dollar


Oman sultanlığı 1974-cü ilin martından rialı rəsmi pul kimi istifadə edir.

Britaniya funt-sterlinqi – 1,53 dollar


Böyük Britaniya Avropa Birliyinin üzvü olsa da, funt-sterlinqdən imtina etməyib. 1694-cü ildə İngiltərə bankı funt-sterlinq banknotları çap etməyə başladıqdan bəri bu pul vahidi dollar və digər qlobal valyutalar qarşısında dəyərini itirmir. 

Cəbbəllütarik funtu – 1,53 dollar


Böyük Britaniyanın Pireney yarımadasında yerləşən kiçik müstəmləkəsi - Cəbbəllütarik krallığın tərkibinə daxil olsa da, öz valyutasına malikdir. 1927-ci ildən dövriyyədə olan Cəbbəllütarik funtu nominal dəyərinə görə həmişə 1 funt-sterlinqə bərabərdir və buna görə də dollardan bahadır.

İordaniya dinarı - 1,41 dollar


İordaniya krallığı 1950-ci ildən dinarı rəsmi pul vahidi kimi istifadə edir. Adətən, həm sikkə, həm də kağız pulların üzərində hakimiyyətdəki Haşimilər sülaləsinin üzvləri təsvir olunub.

Azərbaycan manatı - 1,27 dollar


Azərbaycan manatı dollara nisbətdə ən bahalı 7-ci valyutadır. 1992-ci il avqustun 15-dən dövriyyədə olan manat 2006-cı il yanvarın 1-dən 5000:1-ə nisbətində devalvasiya olunub.

Kayman adaları dolları – 1,21 dollar


Karib hövzəsində yerləşən Böyük Britaniyanın müstəmləkəsi olan Kayman adaları 1972-ci il mayın 1-dən yerli dollardan istifadə edir.

Avro - 1,13 dollar


19 Avropa ölkəsinin pul vahidi olan avro 1999-cu il yanvarın 1-dən istifadə olunur. Daha 9 ölkədə isə rəsmi valyuta ilə yanaşı, istifadə olunur. ABŞ dollarından sonra dünyada ən çox isitfadə olunan ikinci beynəlxalq valyutadır.

İsveçrə frankı – 1,07 dollar


İsveçrə frankı İsveçrə və Lixtenşteynin rəsmi pul vahididir. İlk banknot seriyaları hələ 1907-ci ildə çar olunub. Frank stabil kursuna görə dünya ölkələri tərəfindən rezerv valyuta kimi geniş istifadə olunur.

ABŞ dolları


Qeyd edək ki, ABŞ dollarının özü dəyərinə görə dünyanın 11-ci valyutası sayılır. Dollar ilk dəfə 1861-ci ildə Amerika bankları tərəfindən əskinas halında çapa buraxılıb.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi