Sentyabrın 5-də Gürcüstan parlamenti qarşısında keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Tiflisə gəlişi ilə əlaqədar etiraz aksiyası keçirilib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, aksiyanı Gürcüstanın Xalq Cəbhəsi və Milli Hərəkat Partiyaları təşkil edib. Xalq Cəbhəsinin sədri Nodar Natadzenin sözlərinə görə, Qorbaçov 1989-cu il aprelin 9-da günahsız insanların güllələnməsi barədə əmr verib, onun bu cinayətdə iştirakı artıq sübut olunub.
Natadze qeyd edib ki, sovet dönəmində eyni zamanda həm ordu, həm DİN bölmələrinə əmr vermək səlahiyyəti SSRİ Ali Sovetinin sədrinə məxsus idi ki, bu vəzifə də Mixail Qorbaçovun əlində idi. Beləliklə də 9 aprel dinc mtinqlərinin tanklarla yatırılması barədə əmri yalnız Qorbaçov verə bilərdi.
“Gürcü hakimiyyəti qanlı cinayətlərdə əli olan Qorbaçuvu Gürücstan ərazisinə daxil olan kimi həbs edə bilər. Əgər Qorbaçov Gürcüstana gəlməyə qərar veribsə, bu o deməkdir ki, bizim hakimiyyət rus agentlərindən təşkil olunub”,-deyə Natadze bildirib.
Qeyd edək ki, Qorbaçov sentyabrın 6-da digər sabiq dünya liderləri ilə Tiflisə, o biri gün isə Bakıya gələcək.