Arxiv
23 Fevral 2015, 11:27 | MÜSAHİBƏ
“Dinini dəyişənlər arasında deputatların, yüksək vəzifəlilərin övladları da var” - MÜSAHİBƏ

“Azərbaycanda nurçuların hakimiyyətə gəlmək imkanları çox real idi”


”Qafqaz Müsəlmanları İdarəsinin sədrinə bizim bu işləri həzm etmək çətin idi”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Modern.az saytına müsahibə verib.

- “İrşad” İslam Araşdırmaları Mərkəzinin təsisçisi və direktorusunuz. Məlumatlara görə, rəhbəri olduğunuz təşkilat Azərbaycanda dini durumu araşdırır. Amma fəaliyyətinizi mətbuatla intensiv uzlaşdırmırsınız və mediada bu mərkəzin fəaliyyəti demək olar nəzərə çarpmır. Bunun səbəblərinə necə aydınlıq gətirərdiniz?

- “İrşad” İslam Araşdırmaları Mərkəzi 1990-cı ildə yaranan ilk özəl təşkilatdır. Bu, “Bilik” Cəmiyyətinin nəzdində yaranıb. 1994-cü ildə isə “İrşad” İslam Araşdırmaları Mərkəzi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Direktoru olduğum mərkəz bu vaxta qədər təxminən 50-yə yaxın kitab buraxıb. Bundan başqa, jurnallarımız da var və “Yeni Hikmət” qəzeti də bizə məxsusdur. Bu kitablar satış üçün buraxılmır, paylanır. Bütün bu işlər gedir, sözümüzü deyirik, amma fəaliyyətimizi təbliğ etmirik. Biz insanlara İslam dininin anlamını başa salırıq. Biz əsasən, dinlə imanın fərqini başa salmağa çalışırıq. “İrşad” özünü təbliğlə məşğul olmur, ancaq çox yerdə müəllifi olduğum kitabları görə bilərsiniz. Bu kitablar bir neçə dəfə nəşr olunub və paylanıb. Bəzi kitablar var ki, 5 min nüsxə ilə çap edilib.

- Bu kitabları çap etmək üçün vəsait lazımdır. Deyirsiniz ki, maddi mənfəət güdmürsünüz. Bu kitabların nəşri üçün maliyyə qaynaqlarınız var?

- Bunlar hamısı özümüzün hesabına çap olunur və bizə heç kim maddi yardım göstərmir. Ümumiyyətlə, heç kimə maddi yardım üçün müraciət etmirik.

- Dini sahədəki vəziyyətlə bağlı hesabatlarınıza da rast gəlmirik. Bu nə ilə bağlıdır?

- Biz ölkədəki dini vəziyyətlə bağlı hesabat yazmırıq. Çünki ölkədə dini durumla bağlı hesabat yazanlar çoxdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,  xarici təşkilatlar, ABŞ Dövlət Departamenti də dini sahədəki durumla bağlı hesabatlar yazır. Ölkədə dinlə bağlı hər hansı hadisə olanda şəxsən mən buna mətbuat vasitəsi ilə münasibətimi bildirirəm. Ekspert kimi dini sahədəki vəziyyətlə bağlı mənə çoxlu suallar verilir.

- Ölkədəki dini vəziyyətdən söz düşmüşkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri kimi Azərbaycandakı dini durumu necə dəyərləndirirsiniz?

- O vaxtla indiki dini durumu müqayisə etsək, deyə bilərik ki, vəziyyət gərginləşib. Vəziyyətin gərginləşməsi yeni yaranan beynəlxalq situasiya və bizə qonşu olan ölkələrdə gedən proseslərlə bağlıdır. Azərbaycan bu proseslərdən yan keçə bilmir. Azərbaycandan Suriyaya, İraqa gedib ekstremist qüvvələrin tərkibində döyüşənlər var. Bu faktlar onu göstərir ki, Azərbaycanda dini vəziyyətdə müəyyən dondurulmuş bir hal yaranıb. Azərbaycanda dini durumda problemlər var. Bu problemlərin çoxu öz həllini tapmayıb. Problemlərin həll edilməməsinin ən böyük səbəblərindən biri də ölkədəki dini durumu tam dəqiq öyrənməməkdir. Bu dini vəziyyəti öyrəndikdən sonra onu yaxşılaşdırmaq üçün tədbirlər görülməlidir. Bu tədbirlər heç vaxt güc vasitəsi ilə həyata keçirilməli deyil. Təbliğat əsas vasitədir. Biz dini aludəçiliyə qapılıb, terrorizmə, radikalizmə gedən insanların şüurunu dəyişdirməliyik. Azərbaycanda şüura təsir məsələsində isə kəsirlər çoxdur. Həm din xadimləri, həm də bu işlə məşğul olan digər insanlar radikallığa meyl edənlərin şüurlarında dəyişiklik aparmaqda çətinlik çəkir.

- Azərbaycan vətəndaşının radikal dini qruplaşmalara qoşulmaması üçün şüurda dəyişiklik aparılması mexanizmləri nədən ibarət olmalıdır?

- Terror təşkilatlarına qoşulan insanların çoxunun sosial vəziyyəti çox gərgindir, onların əksəriyyəti işsizdir. Onların əksəriyyəti vəhhabilik radikal cərəyana qoşulan şəxslərdir. Cəmiyyətdə və hakimiyyətdə isə vəhhabilərə münasibət birmənalı deyil. Onların xarici görünüşü belə insanlarda qıcıq yaradır. Bu isə siyasətə də təsirini göstərir.

Hesab edirəm ki, onların radikal olmasında həm cəmiyyətin, həm də ayrı-ayrı insanların təqsiri var. Çünki bu adamlar Suriyaya döyüşməyə gedirsə, bilir ki, orada ölüm var. Amma ailəsini götürüb, həyatlarını riskə atıb Suriyaya gedirlər. Biz “niyə gedir” sualına cavab versək, deyə bilərik ki, bu insanlar cəmiyyətdə özünə yer tapa bilmir, sosial və ailə problemlərini həll etməyib. Onların çoxuna cəmiyyətdə özünün ideologiyasına münasib yer tapmaq çətindir. Buna görə də həmin adamlar radikallığa meyl edir. Çünki onlara ekstremist, terrorçu qüvvələr ümidlər verirlər.

Biz həmin adamları öz təbliğatımızdan, təsirimizdən kənarda saxlayanda onları kimsə tapır, pul verir, iqtisadi-sosial cəhətdən təmin edir, ailələrinə kömək edir. Bu işlə məşğul olan xüsusi qruplar var, onlar da xaricdən maliyyələşir. Həmin qruplar radikallığa meyl edən insanlara xaricdə döyüşməsi müqabilində ümidlər verirlər. Deyirlər ki, döyüşəcəklər, xilafət qurulacaq və həmin radikallar üçün münbit şərait yaranacaq.

- Sosial problemlərin insanların cihadçı qruplara,  ekstremist cərəyanlara qoşulmaq üçün şərait yaratdığını dediniz. Amma bəzən yüksək səviyyəli məmurlar, onların övladları arasında da radikal təmayüllü dini sektalara meyllənmə hallarının olduğu iddia edilir. Bəs, sosial şəraiti, maliyyə durumu yaxşı olan həmin adamlar niyə görə belə bir addım atırlar?

- Burada ideya məsələsi ortaya çıxır. Sosial şəraiti yaxşı olan və cəmiyyətdə müəyyən mövqeyə sahib adamların övladlarının dini cərəyanlara qoşulmasının kökündə inanc, ideya dayanır. Bu uşaqların pulları, maşınları, evləri var. Ancaq onların mənəvi qidaya ehtiyacı var. Onlar həmin mənəvi qidanı nə evdə, nə də cəmiyyətdə tapa bilir. Bundan başqa, elə bir ideoloji forma yoxdur ki, onlar özlərini orada tapsınlar. Hazırda cəmiyyətdə elə bir polyarizasiya gedib ki, insanlar bir-birinə çox fərqli münasibətdədirlər. Cəmiyyətdə ən kasıb, kasıb, ən varlı, varlı, orta təbəqə var. Lakin onları bir-birinə bağlayan vahid ideologiya yoxdur. Bu ideologiyanın yoxluğu sosial şəraiti yaxşı olan insanları mənəvi təminatını yerinə yetirmək üçün dini cərəyanlara qoşulmağa vadar edir.

- Azərbaycandakı dini vəziyyətin daha dəqiq araşdırılmadığının da  radikallığa köklənməyin bir səbəbi kimi göstərdiniz. Ümumiyyətlə, Azərbaycandakı dini cərəyanlarla bağlı araşdırma aparılırmı? Ölkədəki dini təriqətlərlə bağlı dəqiq statistik məlumatlar bizim rastımıza çıxmır...

- Dini cərəyanların araşdırılması istiqamətində komitə sədri olanda da iş aparılırdı və bu, indi  də davam edir. Siz dediyiniz statistika isə təhlükəsizlik orqanları tərəfindən aparılır. Dini cərəyanlar və onların mənşəyi statistikalarda göstərilir. Bu gün İslam dininə bağlı olan təriqətlərlə yanaşı, xristian dininə mənsub olan cərəyanın nümayəndələri də var. Xristian dininə məxsus cərəyanları Azərbaycan üçün o qədər də böyük təhlükə hesab etmirəm. Ola bilər ki, haradasa şərait yaransa, onlar nəsə edə bilərlər. Ancaq onların fəaliyyəti haqqında kifayət qədər məlumatlar var.

- Azərbaycanda İslam dinindən imtina edib, başqa dinləri, əsasən də xristianlığı qəbul edən şəxslər var. Onları buna nə vadar edir? Bu, ölkədəki missionerlik fəaliyyətinin,  yoxsa, sadəcə, xristian inanc sisteminə olan güclü inamın nəticəsidir?       

- Bu daha çox missionerlik fəaliyyətindən irəli gələn məsələdir. Bizdə İslam dinini dərindən başa düşməyən insanlar var və onların sayı çoxdur. Bu da onların missioner təşkilatlarının təsirinə düşməsinə şərait yaradır. Mən komitə sədri olanda da o cür insanlarla tanış idim. İndi də vaxtı ilə missionerlərin içərisində olub, sonradan oranı tərk edən adamlara rast gəlirəm. Həmin adamları ora cəlb edən, o dinlərin onlar üçün maraqlı və cəlbedici olmasıdır. Onlar orada yeni bir şey görürlər və ilkin anda özlərinə olan qayğını hiss edirlər. Bu qayğı yavaş-yavaş insanları cəlb edir. Cəlb edilmə isə burulğan kimidir, insanlar onun içərisində düşəndən sonra oradan çıxmaq üçün çətin olur. Həm də həmin adamları missioner təşkilatların içərisindən buraxmaq istəmirlər, onları izləyirlər, yola gətirmək istəyirlər. Söhbət etdiyim insanlar deyir ki, onları missioner qurumlara cəlb edən Allaha yaxınlıq, ona qovuşmaq ideyasıdır. 

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olarkən missioner təşkilatların fəaliyyətinə cəlb edilən insanlarla görüşdüyünüzü dediniz. Komitə sədri kimi elə adamlarla görüşürdünüzsə, hər halda onlar sıradan vətəndaşlar olmazdı...         

- Dinini dəyişənlər içərisində həm adi insanlar, həm də ziyalılar var idi. Deputatların övladlarından da bu təsirə düşənlər olub. İndi də cəmiyyətdə yüksək mövqe tutan insanların övladlarından da radikalların təsiri altına düşənlər var.

- Azərbaycanda yumşaq islam modeli də mövcuddur və buna əsasən nurçuluq dini cərəyanının nümunə göstərə bilərik. Vəhhabilik, sələfilik, İrana bağlı şiə cərəyanlarının nümayəndələrindən fərqli olaraq nurçular elə də radikal ideyalarla insanları cəlb etmirlər. Onların təbliğat mexanizmində daha çox maarifləndirici amillər dayanır. Ancaq nurçular Türkiyədə dövlət içərisində “paralel hökumət” qurur və bunun qolları Azərbaycana qədər şaxələnir. Azərbaycandakı nurçular həqiqətən də “paralel hökumət” yaratmaq gücünə malikdirlər?

- Azərbaycanda hələ ki belə bir təhlükə yaranmayıb. Amma belə bir ehtimal var idi. Nurçuların Azərbaycanda fəaliyyəti çox geniş idi, onların liseyləri mövcud idi. Onlar sakit və dinc üsulla hakimiyyətə gəlmək istəyirlər. Nurçuların təhsil ocaqlarında oxuyanların bəziləri orada işləyən müəllimlərin timsalında nümunəvi müsəlmanın necə olduğunu görürlər. Bunlara tam şəkildə bilik verəndən sonra, onlar hazırlanandan sonra, şüurları nurçuluq ideologiyası ilə formalaşır. Amma nurçuların təsirinə düşən şagirdlərin çoxu bilmir ki, nurçuluq şəbəkəsi hakimiyyətə gəlmək iddiasındadır. Ali məktəblərə bitirdikdən sonra isə nurçuluq ideyası onları o qədər cəlb edir ki, artıq onun quluna çevrilirlər.

Nurçular ali məktəblərdə yaxşı təhsil aldıqlarına görə savadlı olurlar və bu baxımdan onları dövlət orqanlarında yerləşdirmək də asan olur. Çünki biliyə qiymət verilir. Nurçular öz kadrlarını Azərbaycanın dövlət orqanlarında da yerləşdirmişdilər. Mən dəfələrlə demişəm ki, nurçulara məxsus məktəblər Təhsil Nazirliyinin tabeliyinə verilməlidir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olanda da bu məsələni qaldırmışdım və müəyyən uğurlar da var idi.

Nurçular Türkiyədə siyasi mübarizədə qələbə çalsaydılar, onlar üçün hakimiyyətdə dəyişiklik etməyə ehtiyac yox idi. Çünki onların hökumətdə, dövlətin strukturlarında adamları var idi. Türkiyədə nurçu şəbəkəsi qalib gəlsəydi, Azərbaycanda olan nurçuların da hakimiyyətə qarşı çıxmasının ehtimalı çox böyük idi. Bu zaman Azərbaycan üçün çox ciddi bir təhlükə yarana bilərdi.

- Nurçuluq Azərbaycana 1990-cı illərdə yol açıb. Özünüz də deyirsiniz ki, hələ dövlət komitəsinin sədri olanda nurçuluqla mübarizə metodları barədə mövqe sərgiləmisiniz. Bəs, niyə görə nurçuluq məsələsi Türkiyədəki rüşvət və korrupsiya əməliyyatlarından sonra Azərbaycanda ictimai müzakirə predmetinə çevrildi? Hər halda, o vaxta qədər də Azərbaycanın dövlət strukturları nurçuların ehtimal edilən təhlükəli iddialarından xəbərsiz deyildilər.

- Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Kəmalə adlı bir dissertantım nurçular haqqında kitab yazdı və onu müdafiə etdi. Mən 2001-2002-ci ildə nurçular haqqında mətbuatda məqalələrlə çıxış edirdim və bildirirdim ki, nurçular təxminən 8-10 ildən sonra Azərbaycan üçün təhlükə yaradacaqlar. Mənim dediklərim yazılı formada dövlət orqanlarına arayış şəklində də çatdırılmışdı. Mən həm də deyirdim ki, nurçular Türkiyədə daha böyük problemlər yaradacaqlar. Nurçuların ən ciddi  şəbəkəsi Azərbaycan və Türkiyədə olub. Azərbaycanda onların hakimiyyətə gəlmək imkanları çox real idi.

- Sizin dissertantın yazdığı kitab qadağan olunmuşdu?

- Xeyr, qadağan olunmamışdı. Sadəcə, 500 nüsxə çap edildi və paylandı.  


- Sizinlə Azərbaycandakı  İslam dininin radikal cərəyanlarından və xristianların missionerlik fəaliyyətindən danışdıq. Amma ölkədə bunlarla paralel olaraq “şeytana tapınan”lar, yəni satanistlərin olduğu da bəllidir. Siz komitə rəhbəri olanda onlar necə aşkara çıxarılırdı?

- O zamanlar onların sayı elə də çox deyildi, təxminən 6-7 nəfər olardılar. Amma müşahidələrimə görə 2007-2014-cü illər arasında satanistlərin sayı çoxalıb. Mən onların kitablarını, loqolarını da görürəm. Hətta onların yazdıqları əsərlər kitab müsabiqələrində mükafata da layiq görülür. Yazıçılar Birliyinin keçirdiyi kitab müsabiqəsində medal alan kitablar siyahısında satanizm ideyasını təbliğ edən əsərlər var. Yazıçılar Birliyinin üzvləri həmin kitablara rəy verirlər. Yazıçılar Birliyinin üzvləri müsabiqə üçün yazılan kitablarda ola bilsin ki, satanizm ideyalarını görmürlər. Çünki yazılan mətnlərin içərisində satanizm ideyaları çox gizli şəkildə qoyulur. Satanistlər deyilən qrupların əksəriyyətini cavanlar təşkil edir. Onlar təxminən 18-30 yaş arasındadır. Onlar özlərini sərbəst aparır və cəmiyyətdə müəyyən yer tuturlar. Satanistlər açıq şəkildə divarlarda öz şüarlarını yazırlar və ideyalarını təbliğ edirlər, öz kitablarını nəşr etdirib ölkədə yayırlar.

- İddia edirsiniz ki, Yazıçılar Birliyinin kitab müsabiqələrində satanizm ədəbiyyatı olan əsərlərə mükafat verilir. Məsələn, hansı müəllifin adını çəkə bilərsiniz?

- Ad çəkmək istəmirəm. Çünki onlar çox narahat olarlar. Deyə bilərəm ki, onların çoxu təxminən 30 yaşına qədər olan gənc yazarlardır. Müsabiqədən keçən kitabları oxuyuram, müsabiqə üçün verilən kitabların hansı mövzuda və istiqamətdə olduğunu bilirəm. Yazıçılar Birliyinə üzv olmaq kimi bir fikrim yoxdur. Mənim publisistik fəaliyyətim də var və buna görə də Yazıçılar Birliyinin keçirdiyi müsabiqədən keçən kitabları oxuyuram.

İngilis dilində olan kitablarımın 7-si ABŞ-da çap olunub və onların bir neçəsi ABŞ-da medal da alıb. Bu sahədə sözünü açıq deyən biri olduğuma görə istəmirəm ki, yazdıqlarımı böyük bir mühazirə şəklində deyim. Mən, sadəcə olaraq insanlara maarifləndirici ideyalar çatdırmağı qarşıma məqsəd qoymuşam. İdeya özü ayaq açsa, o yeriyəcək. Kifayət qədər insan mənim fikirlərimdən, istiqamətimdən məlumatlıdır. Buna görə də mənim satanizm ədəbiyyatı nümunələrinə qiymət vermək imkanım var.

- Mətbuat səhifələrində bəzən sizin haqqınızda kompromatlar da yayılır. Yayılan informasiyalarda iddia edilir ki, rəhbəri olduğunuz “İrşad” oteli və  Səudiyyə Ərəbistanındakı dini dairələr tərəfindən maliyyələşdirilir...

- Bu cür iddialara fikir vermirəm. “İrşad” otelinin tikilməsində Səudiyyə Ərəbistanının və ya başqa dövlətin heç bir rolu yoxdur. Dövlət komitəsində sədr olduğum zamanlarda hakimiyyət orqanları da bunu kifayət qədər yoxlayıblar. Burada heç bir kompromat tapılmayıb. Mənim özüm üçün də kompromatlar axtaranlar çox olub, amma bir şey tapa bilməyiblər. Kim nə yazır yazsın, onlara heç reaksiya da vermirəm.

- “İrşad Telekom”un da sizə məxsus olduğu söylənilir...

- “İrşad Telekom”un mənimlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, onlar “İrşad” adını götürüblər.

- Keçmiş dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandı və siz ora sədr təyin olundunuz. Bu vəzifənin icrası üçün özünüzü hazır hiss edirdinizmi?

- Mən o zamanlar Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda şöbə müdiri və Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Qafqazda İslam tədqiqatları mərkəzinin direktoru vəzifəsində çalışırdım. 1998-ci ildə İslam araşdırmaları ilə məşğul olmağı daha da dərinləşdirmək üçün akademiyadan getdim. Hesab edirəm ki, hakimiyyətdə də bilirdilər ki, mən İslam dini haqqında araşdırmalar aparıram, məqalələr yazıram. 2001-ci ilə qədər çap olunan 6 kitabım onlara imkan verirdi ki, İslam dini haqqında hansı bilgilərə sahib olduğumu anlasınlar. İdeyamın və siyasi mövqeyimin nə cür olmağı hamısı göz qabağında idi. 1990-cı ildən başlamış və 2001-ci ilə qədər gedən siyasi proseslərdə heç bir çılğınlığım, sapmam olmamışdı. Həmişə ölkənin və xalqın maraqlarından çıxış edirdim və  bu da düzgün mövqedir. Həm yazılarım, həm də “İrşad” kimi bir mərkəzin yaranması, onun fəaliyyəti göz qabağında idi. Mənim o zaman “Heydər Əliyev və İslam” adlı bir kitabım da var idi. Ağlıma da gəlməzdi ki, bu kitablar nəyəsə yarıyar.

- Yəni komitə sədri olmaq sizin üçün sürpriz oldu...

- Həqiqətən də mənim üçün sürpriz oldu. Ümumiyyətlə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranması özü sürpriz idi. Komitənin yaradılması barədə cəmi 3-4 gün ərzində qərar verildi. Dövlət komitəsinin sədri olacağımı 3 gün əvvəldən bilirdim. Məni Prezident Administrasiyasına çağırıb söhbət etdilər. Fatma Abdullazadə, Ramiz Mehdiyevlə söhbətlər etdim. Bundan sonra Ramiz Mehdiyev məni prezidentə təqdim etdi. Prezident Heydər Əliyev mənimlə danışdı və vəzifələrimi xatırlatdı, fikirlərimi öyrəndi. Bundan bir neçə gün sonra sədr təyin olundum.

- Sədr olarkən, hər halda yeni yaranan komitə olduğuna görə çətinliklərlə də üzləşmişdiniz?

- Komitə çətinlikləri, problemləri dəf etmək üçün yaradılmışdı. O zaman dini situasiya çox gərgin idi və dindən istifadə etmək istəyənlərin sayı çox idi. Qonşu ölkələrin Azərbaycana təsiri böyük idi. Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranması çox zəruri idi. Biz iki il ərzində çox böyük dəyişikliklərə imza atdıq. Bütün məscidləri dövlət qeydiyyatına götürdük. O zaman “Əbu Bəkr” başda olmaqla, xarici ölkə vətəndaşlarının adına olan məscidlər var idi. O məscidlərin hamısını onların əlindən aldıq və hamısını rayon icra hakimiyyətlərinin mülkiyyətinə çevirdik.

- 2006-cı ildə siz komitə sədri vəzifəsindən gedəndən sonra yerinizə Hidayət Orucov təyin olundu. Hidayət Orucov komitə sədri olanda sizinlə onun arasında bir qalmaqal da yaşandı və onu savadsızlıqda suçladınız. Hidayət Orucov komitə rəsmiləri vasitəsi ilə bəyan etdi ki, radikal dini cərəyanlar sizin sədr olduğunuz zamanlarda ölkəyə ayaq açıb. Sələf və xələf arasında olan problemin kökündə nə dayanırdı?

- Hidayət Orucov 2005-2006-cı illərdə Milli Azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləyəndə hesab edirdim ki, o, dini situasiyanı tam dolğun başa düşmür. Ona görə də bizim dövlət-din münasibətləri ilə bağlı fikirlərimiz üst-üstə düşmürdü. Mən bu məsələdə incəlikləri bilirdim. Ona görə də “Hakimiyyət, cəmiyyət və din” kitabım dünyada qəbul olunub. Həmin kitab ingilis dilində çap olunub, Nyu-Yorkda mənim iştirakım olmadan sərgiyə qoyulub və medal alıb. Hakimiyyət, cəmiyyət və din bir sütundur. Bunların heç birini ortadan çıxarmaq olmaz. Elm inkişaf, incəsənət rahatlıq, din isə hakimiyyətdən, cəmiyyətdən küsəndə özünə sığınacaq tapmaq üçündür. Bu üç amil cəmiyyətdə ən vacib elementlərdir. İndinin özündə də bunu lazımınca dəyərləndirən yoxdur. Din cəmiyyətə lazımdır. Amma dinin cəmiyyətə necə çatdırılması məsələsini dərindən bilən yoxdur. Bizdə dinə bəzən qorxulu element kimi baxırlar.

- Hidayət Orucov komitə sədri olanda aranızda olan mübahisələrə son qoymaq üçün birgə müzakirəniz oldumu?

- Məni heç elə şey maraqlandırmırdı. Bu gün də elə bilirlər ki, guya məni hansısa səhvimə görə komitə sədri vəzifəsindən azad etdilər. Amma elə deyil. 5 il dövlət komitəsinin sədri işləmək mənim üçün kifayət idi. Mən 3 ildə qarşıma qoyulan məqsədləri yerinə yetirmişdim. Bunu birinci dəfədir deyirəm, işdən çıxarılandan sonra çoxlu vəzifələr təklif olunub. Hətta mənə səfir getmək də təklif olunub. Ancaq heç birini qəbul etməmişəm. 5 ildə özümə olan inamı doğrultdum. Belə olmasa idi, məni 5 il komitə sədri vəzifəsində saxlamazdılar. Halbuki, vəzifədən getməyimi istəyənlər çox idi.

- Hidayət Orucovdan sonra Elşad İskəndərov, ondan sonra isə Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri oldular. Elşad İskəndərov və Mübariz Qurbanlını fəaliyyətini necə dəyərləndirirsiniz?

- Onlara qiymət vermək etik cəhətdən düzgün deyil. Hesab edirəm ki, dinlə siyasət arasında müəyyən qovuşma əmələ gəlib. Ona görə də bu komitənin sədri dinşünas yox, siyasətçi olmalıdır. Mübariz Qurbanlı özü yaxşı siyasətçidir. Elşad İskəndərov üçün isə bu vəzifə epizodik oldu.


- Komitə rəhbəri olarkən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə aranızda dini icmaların qeydiyyatı məsələsində ciddi fikir ayrılığı yaranmışdı. İstərdik bu məsələlərə aydınlıq gətirəsiniz...

- Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda yeganə dini mərkəzdir ki, onun üstün statusları var. Dini işlərin çoxuna bu idarə baxırdı və dini icmaların qeydiyyatı da onların tabeliyində idi. Şeyxülislam uzun müddətdir dini işlərə rəhbərlik edirdi və öyrənmişdi ki, din məsələlərində Qafqaz Müsəlmanları İdarəsi ilə hesablaşmaq lazımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranması isə Qafqaz Müsəlmanları İdarəsinə paralel strukturun olması demək idi. Məscidləri dövlət komitəsi götürüb özəlləşdirib, onları icra hakimiyyətinə verəndə, əlbəttə, Şeyxülislam bundan narazı qalacaqdı. Pirləri biz ayrı qeydiyyatdan keçirəndə, Qafqaz Müsəlmanları İdarəsi bununla barışmaq istəmirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədrinə bizim bu işləri həzm etmək çətin idi. Mənim şeyxlə həmişə yaxşı münasibətlərim olub. İndinin özündə də qəbullarda, təbdirlərdə görüşürük və yenə də yaxşı münasibətlərimiz var. Biz mehriban görüşürük, söhbətlər edirik. Əvvəlki problemlər isə işlə bağlı idi.

- Azərbaycan hökuməti ehsan, yas məclislərində israfa yol verməmək üçün tədbirlər görmək istədi. Amma görünür, cəmiyyət özü buna hazır deyildi. Bu barədə nə deyə bilərsiniz?

- Əxlaqı, mənəviyyatı qanunla tənzimləmək olmaz. Əxlaq, mənəviyyat özü-özünə yaranan strukturdur. Kiminsə yaxını rəhmətə gedirsə, o öz borcunu verməlidir. Mən o vaxt da dedim ki, ehsanlarla bağlı siz dediyiniz təklif qeyri-konstruktivdir. Çünki onun həyata keçməsi üçün ən azından nümunə göstərmək lazımdır. Nümunəni də cəmiyyətdə özünə mövqe tutan adam göstərməlidir. Amma bizdə elə deyil.

- Standart qəbir daşlarının qoyulması  və özəl qəbiristanlıqların yaradılması barədə də təkliflər zaman-zaman gündəmə gəlir...

- Həmişə qəbirlərin üstündə mavzoley düzəldilməsinin, heykəl qoyulmasının əleyhinə olmuşam. Çünki bütün bunların dəfn olunan adamla heç bir əlaqəsi yoxdur. Bu məsrəfə başqa savab işlər görmək olar. Amma bunu qadağan etmək üçün qanun yoxdur. Buna görə də deyə bilərik ki, bu, insanların öz şəxsi işidir. Qəbir sadə olmalıdır. Özəl qəbiristanlıqlara gəlincə, deyə bilərəm ki, bu, heç vaxt yaranmayacaq. Çünki özəl qəbiristanlıqlarda qəbirlərə xidmət etmək üçün insanlardan pul alacaqlar. Özəl qəbiristanlıqları yaradanlar kapitalizmin ruhuna uyğun olaraq oradan pul qazanmaq istəyəcəklər.

- Mollaların da dini savadsızlığının qarşısını almaq mümkün deyil. Qafqaz Müsəlmanları İdarəsi mollaların attestasiyadan keçirilməsinə başladı, amma nəticə etibarilə bir şey dəyişmədi. Qəbiristanlıqlarda da pul qazanmaq üçün mollalar dayanır və onların çoxunun savadı yoxdur. Bu məsələləri necə tənzimləmək olar?

- Təkcə mollalar savadsız deyil. Ölkədə kifayət qədər savadız müəllim, həkim və məmur var. Mollalar savadsız kəsimin bir hissəsidir. Amma mənə elə gəlir ki, son zamanlar mollaların səviyyəsi bir qədər yüksəlib. Attestasiya ilə mollaların səviyyəsini birdən-birə qaldırmaq olmaz. Mollalar müəyyən bir mərhələ keçdikdən sonra savadlanacaqlar. Amma hazırlığı aparan adamlar da lazımdır.

- İslam dini ilə bağlı araşdırmalarla  məşğul olan və əxlaq kodeksləri haqqında cəmiyyəti maarifləndirməyə çalışan Rafiq Əliyev ailə cəhətdən özünü xoşbəxt hiss edirmi?

- Ailəm dörd nəfərdən ibarətdir. Mən, xanımım, qızım və oğlum. Xanımım  riyaziyyat elmləri namizədi, dosentdir. O, akademik Firudin Köçərlinin qızıdır və ziyalı ailəsində böyüyüb. Hazırda Kooperasiya Universitetində dərs deyir. Qızım həkim işləyir və iki övladı var. Oğlum BDU-nun hüquq fakültəsini bitirib və indi də “İrşad” oteldə və firmalarda hüquqşünas kimi çalışır, reklam biznesi də var.  4 nəvəm var, ailə cəhətdən özümü xoşbəxt hiss edirəm. Çünki bu xoşbəxtlik olmasa, adam onu başqa yerdə tapa bilməz. İnsan özünü daxildə rahat hiss etmirsə, onu xaricdə tapa bilməyəcək. Buna görə də bu rahatlıq ailədən başlamalıdır. Ailə cəhətdən xoşbəxt olanlar cəmiyyət içərisinə çıxanda da özünü yaxşı aparacaq, üzündən təbəssüm əksik olmayacaq.


Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13