Modern.az

İlham Əliyev iftar süfrəsində iştirak edib

İlham Əliyev iftar süfrəsində iştirak edib

7 Sentyabr 2010, 11:13


Sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə açıb. O, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu söyləyib.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə, o cümlədən Rusiyada da yüksək qiymətləndirildiyini bildirib.
O, dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfəyə görə Rus Pravoslav Kilsəsinin “Müqəddəs Apostol Varfolomey” qızıl medalını Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete ölkəmizdə dövlətlə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu söylədilər, təbriklərini çatdırıblar.

Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev ötən il “Şərəf” ordeninə layiq gördüyü şeyxülislam Allahşükür Paşazadənin Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını bildirib, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırıb.

Sonra Qurani-Kərimdən ayələr və Ramazan duası oxunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür