Modern.az

Müsəlman ölkələrin dini işlər nazirləri bir araya gəlib

Müsəlman ölkələrin dini işlər nazirləri bir araya gəlib

Təhsil

7 Sentyabr 2010, 16:58

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov sentyabr ayının 5-də Türkiyənin  İstanbul şəhərində Qurani-Kərimin nazil olmasının 1400 illiyi münasibətilə təşkil olunan İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin dini işlər nazirlərinin görüşündə iştirak edib.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın himayədarlığı və iştirakı ilə keçirən görüşə bu ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu, İSESKO-nun Baş direktoru Əbdüləziz Ət-Tüveyciri, İKT-yə üzv ölkələrin dini işlər nazirləri və digər rəsmi şəxslərindən əlavə, İslam dünyasının nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçılar qatılıblar.

Tədbirdə rəsmi açılış mərasimindən sonra İKT-yə üzv ölkələrin dini işlər nazirlərinin çıxışları başlanıb və ilk söz Hidayət Orucova verilib. Azərbaycan Prezidenti İlham Əliyevin İslam dininə və Qurani-Kərimə yüksək münasibətini görüş iştirakçılarının diqqətinə çatdıran Dövlət Komitəsinin sədri müqəddəs kitabımızın müsəlmanların və İslam  dünyasının birliyi və həmrəyliyi baxımından böyük önəm daşıdığını qeyd edib.

O bildirib ki, elm və texnikanın sürətli inkişaf etməsinə, qloballaşma prosesinin dərinləşməsinə baxmayaraq, hələ də müsəlmanlar arasında nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi edilir, İslam dininin həmrəylik və hümanizm ideyalarına kölgə salınır. Təəssüf ki, müəyyən vaxtlarda bu cür hallar İslam dünyasının daxilində gedən proseslərdən, hətta bəzən müsəlmanların özlərindən qaynaqlanır.

“Belə problemlərin yaranmasının əsas səbəblərindən biri İslam dininin, xüsusilə Qurani-Kərimin mahiyyətini, bəşəri prinsiplərini düzgün anlayıb, insanlara doğru təbliğ edilməməsidir. Bu baxımdan Qurani-Kərimin düzgün təbliğ edilməsi, ümumiyyətlə, İslami maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsi ilə aparılması təkjə müsəlmanlar arasında mövjud fikir ayrılıqlarının aradan qaldırılması, həmrəylik və birlik hissinin güjləndirilməsi deyil, həm də dünyada İslamla bağlı həqiqətlərin yayılması, bu dinə qarşı olan mənfi fikirlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır”.

Hidayət Orucov müsəlman ölkələrinin dini problemlərdən əlavə, İslam dünyasında mövcud münaqişələrin həlli istiqamətində də səyələrini gücləndirmələrinin, təcavüzə məruz qalmış din qardaşlarını müdafiə etmələrinin zəruriliyini bildirərək, xüsusi qeyd edib ki, bu, Qurani-Kərimin müsəlmanların üzərinə qoyduğu mənəvi borcdur. “Buna görə də, İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycana qarşı təcavüzkar Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparması, bir milyondan artıq soydaşımızın məcburi köçkün həyatı yaşaması, eləcə də tarixi-dini abidələrimizin - məscidlərin, ziyarətgahların, türbələrin və digər mədəniyyət nümunələrimizin erməni vandalizminin qurbanına çevrilməsi təkcə Azərbaycanı yox, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, xüsusilə də qardaş müsəlman ölkələrini yaxından düşündürməli və təxirəsalınmaz tədbirlər görülməlidir”.

Eyni zamanda, Hidayət Orucov Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyilə Qurani-Kərimin yüksək zövqlə, möhtəşəm poliqrafik icrada işıq üzü gördüyünü, bunun müqəddəs kitabımızın nəşri, ümumiyyətlə, Azərbaycanda İslam mədəniyyəti ilə bağlı əlamətdar hadisə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qurani-Kərimin nəşri görüş iştirakçılarında böyük maraq və heyrət doğurub. Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı