Modern.az

İlham Əliyev "Kür qaçqınları"na yeni evlərin açarlarını təqdim edib

İlham Əliyev "Kür qaçqınları"na yeni evlərin açarlarını təqdim edib

Təhsil

7 Sentyabr 2010, 17:15

Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni mənzillər tikilib istifadəyə verilib. (AzərTAc)
Sentyabrın 7-də yeni mənzillərin orderləri sahiblərinə təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə təbii fəlakət nəticəsində dağılan evlərin və yeni mənzillərin fotolarına baxıb.

Prezident İlham Əliyev kənd sakini Mərhəmət Yaqubovun mənzilində olub, burada yaradılan şəraitlə maraqlanıb. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni evlər bütün zəruri avadanlıqla təchiz edilib.

Məlumat verilib ki, Kür çayının məcrasından çıxması nəticəsində Hacıqabul rayonunun Meyniman kəndində 35 ev tamamilə uçub, 64 ev qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, digər kənd və qəsəbələrlə yanaşı, meynimanlıların da problemləri diqqətdə saxlanılıb. Uçmuş evlərin yerində 22 ev tikilib. Bu evlərdə zəruri infrastrukturun yaradılması, həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirilib. Müasir üslubda tikilən evlərdən 15-i ikiotaqlı, 3-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Dağılmış evlərin ümumi sahəsi 1539 kvadratmetr olduğu halda, yeni evlərin ümumi sahəsi 2150 kvadratmetrə bərabərdir. Hazırda kənddə yeni evlərin inşası davam edir. Bununla yanaşı, kənddəki 21 evdə bərpa-gücləndirmə işləri aparılır. 43 evdə cari təmir işləri aparılması üçün ziyan çəkmiş sakinlərdən 110 nəfərinə 109 min manatdan çox yardım verilib. Həmçinin daşqın nəticəsində Meyniman kəndinin dağılmış infrastrukturunun yenidən qurulması istiqamətində də iş gedir. Kəndə yeni yol çəkilir.
Yeni evlərin sahiblərini təbrik edən Prezident İlham Əliyev mənzillərin orderlərini və açarlarını sahiblərinə təqdim edib.
Kənd sakini Talıb Hüseynov və Safuraxanım Gözəlova onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır