Modern.az

Yol polisinin evakuatorları: cərimələr və ayrı-seçkilik

Yol polisinin evakuatorları: cərimələr və ayrı-seçkilik

8 Sentyabr 2010, 15:52

Bakıda evakuatorların tətbiqi şəxsi avtomobil sahiblərinin yaralı yeridir. Saxladığı maşını bir neçə dəqiqədən sonra yerində tapa bilməyən sürücülər onu evakuatorların apardığı cərimə dayanacağından geri almalı olurlar. Maşın sahibləri deyirlər ki, Baş Dövlət Yol Polisi İdarəsinin cərimə dayanacağında onların hərəsindən fərqli cəriməhaqqı tələb olunur. Həm də deyirlər ki, evakuatorlar yolların kənarında dayanan avtomobillərə ayrı-seçkilik qoyur. Yəni hər maşını cərimə meydançasına aparmağa cürət eləmirlər.

 

Qanunla evakuatorların cərimə meydançasına apardığı avtomobilin sürücüsü neçə manat cərimə ödəməlidir? Avtomobillərə niyə ayrı-seçkilik qoyulur? Modern.az bu suallarla Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.

Qeyd edək ki, bir ara Bakıda evakuatorların tətbiqi minimuma endirilmişdi, Amm son günlər yollarda evakuatorların “fəallığı” yenidən müşahidə olunmaqdadır.

Modern.az-ın sürücülər arasında apardığı sorğu nəticəsində məlum olub ki, avtomobil sahiblərinin böyük əksəriyyəti evakuatorla maşını cərimə dayanacağına aparılan şəxsin neçə manat cərimə ödəməli olduğunu bilmir. Avtomobilləri evakuatorla cərimə meydançasına aparılan bəzi sürücülər onlardan minimum 50 manatdan başlayaraq cərimə tələb olunduğunu deyiblər. Sürücülərin (söhbətləşdiyim avtomobil sahibləri israrla adlarının və maşınlarının nömrələrinin yazılmasını istəmədilər-V.A.) sözlərinə görə, evakuatorlara nəzarət edən yol polisləri bir çox hallarda pusquda durur, avtomobil sahibi düşüb harasa gedən kimi maşını “oğurlayırlar”. Onu da deyirlər ki, evuakatorlar “zerkalnı” nömrəli avtomobilləri, nazirliklərdə işləyənlərin maşınlarını yol kənarında necə dayanmasından asılı olmayaraq cərimə meydançasına aparmır, yol polislərinin bundan qorxub-çəkindiyi iddia olunur. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az saytına açıqlamasında deyib ki, şəhər daxilində təxliyyə avtomobili ilə nəqliyyət vasitəsinin duracağa aparılması üçün 20 manat məbləğində rüsum ödənilməlidir. Əlavə olaraq, «Yol hərəkəti haqqında» Qanunun 52-ci maddəsinin IV-cü hissəsinə və İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsinə müvafiq olaraq 15-20 manat miqdarında cərimə nəzərdə tutulub. Bu cəriməni Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq qrumu müəyyənləşdirir. Müvafiq cəriməhaqqı alındıqdan sonra avtomobil sürücüyə qaytarılır. Beləliklə, bu o deməkdir ki, avtomoboli evakuatorla cərimə meydançasına aparılan maşın sahibi minimum 35 manat, maksimum 40 manat cərimə ödəməlidirlər.

Evakuatorların yol kənarında dayanan avtomobillərə ayrı-seçkilik qoyması barədə deyilənlərə gəlincə K.Əliyev bunu təkzib edib: “Maşın maşındır. Kim olursa olsun, vəzifəsindən asılı olmayaraq, qaydanı pozubsa, həmin sürücü cəriməni ödəməldir. Qaydalar hamı üçün yazılıb və bizim əməkdaşlar heç bir avtomobilə fərq qoymurlar”.

Vüqar Ağamalıoğlu

  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır