Modern.az

Qafqaz Müsəlmanları İdarəsi: "Quranın yandırılması hiddət doğurur"

Qafqaz Müsəlmanları İdarəsi: "Quranın yandırılması hiddət doğurur"

Təhsil

13 Sentyabr 2010, 15:58

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ-da Qurani-Kərimin yandırılması və təhqir edilməsi barədə məlumatlara münasibət bildirb. İdarənin yaydığı açıqlamada bildirilib ki, İslamın müqəddəs kitabı Qurani-Kərimin təhqir edilməsi, ondan tonqal qalanacağı təhdidi ilə bağlı yayılan xəbərlər hədsiz narahatlıq və hiddət doğurur.
“Səmavi kitabların sonuncusu olan Qurana belə bir təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən bir ölkədə nümayiş etdirilməsi olduqca acınacaqlı və fəsadlıdır. Belə ki, demokratiya pərdəsi altında çirkin, insanlıqdan uzaq hərəkətlərin baş verməsi demokratiya adına ləkədir və ondan sui-istifadədən başqa bir şey deyil.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, həqiqi din xadimlərinin dünyada dinlərarası dialoq və əməkdaşlıq sahəsində real nəticələr əldə etmək yönündə böyük səylər göstərdiyi bir vaxtda etiqad etdiyi dinin daxilində də təfriqə salan üzdəniraqlar tərəfindən törədilən təxribat 2001-ci il 11 sentyabr terror hadisəsini mübarək İslam dini ilə bağlamağa cəhd edənlərin iflasından sonra islamafobiya dalğasını yenidən qabartmağa xidmət məramı daşıyır”.

Qafqaz Müsəlmanları İdarəsi milyonlarla müsəlmanın heysiyyətinə toxunan bu hadisəyə qəti etirazını bildirib və ABŞ dövlətinin rəhbərliyi və cəmiyyətini, milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını birgə səylərlə almağa çağırıb.

Xatırladaq ki, dünən Amerikada müqəddəs kitabımız Qurani-Kərimi yandırıblar. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, pastor Con Terri dini kitabımızı yandırmaq fikrindən imtina etsə də, Amerkanın Tennesi ştatında iki Quran yandırılıb. “Röyter” agentliyinin məlumatına görə, Tennesidən olan 2 pastor ən azı 2 Quran yandırıb. Pastorlardan biri  dini kitabımızı “yalançı din” adlandırıb. 
Quranla bağlı Nyu-York şəhərində də insidentlər olub. Şəhər sakinlərindən biri Quranın vərəqələrini cırıb, başqa birisi  kitabımızı ələ salmağa cəhd edib. Yoldan keçənlər onların bu hərəkətindən dəşhətə gəliblər.  Dinsizlərin həbsi ilə əlaqədar hər hansı məlumat verilmir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə