Modern.az

Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı köçkünlərin iddiasına baxmağa başlayıb

Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı köçkünlərin iddiasına baxmağa başlayıb

Təhsil

16 Sentyabr 2010, 14:35

Bu gün Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxılır. (AzərTAc)
Dinləmələrdən sonra məhkəmə iclası bağlı qapılar arxasında keçiriləcək. İddia əsasında qərarın növbəti mərhələdə çıxarılacağı bildirilir.
İddiaya baxan Böyük Palatanın tərkibinə Jan Pol Kosta (məhkəmənin sədri), Xanlar Hacıyev (Azərbaycan), Kristos Rozakis (Yunanıstan), Nikolaz Bratza (Böyük Britaniya), Pyer Lorensen (Danimarka), Frensis Tulkens (Belçika), Jozef Kasadevall (Andorra), Kornelio Birsan (Rumıniya), Bojan Zupanziç (Sloveniya), Nina Vajiç (Xorvatiya), Elizabet Fura (İsveç), Alvina Gülümyan (Ermənistan), Eqbert Mujer (Hollandiya), Sver Erik Jebens (Norveç), Giorgio Malinvemi (İsveçrə), Georgi Nikolau (Kipr), Luis Lopes Querra (İspaniya), Den Spelman (Lüksemburq), İzabel Berro-Lefevre (Monako) və David Byörkvinsson (İslandiya) daxildir.
İddiaçılar Azərbaycanın altı vətəndaşı – Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayonundan olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.
Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərəri kompensasiya etməyib.
İddia ərizəsi Birinci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə