Modern.az

Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Sammiti: yekun səndə imzalanıb

Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Sammiti: yekun səndə imzalanıb

Təhsil

16 Sentyabr 2010, 17:57

 

Sentyabrın 16-da Türkiyənin İstanbul şəhərində Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısı keçirilib. Tədbirdə Türkiyə prezidenti Abdulla Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qazağıstan prezidentu Nursultan Nazarbayev, Qırğızıstanın müvəqqəti prezidenti Roza Otunbayeva, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edib.
Zirvə toplantısında çıxış edən Abdulla Gül bildirib ki, tədbirdə məqsəd türk dilində danışan xalqların ortaq problemlərini həll etmək, onların ortaq kökə söykənən tarixini gələcək nəsillər üçün qorumaqdır.

Toplantı mətbuat üçün bağlı qapılar arxasında davam edib. Daha sonar dövlət başçılarının birgə mətbuat konfransı keçirilib. Abdulla Gül bildirib ki, Zirvə Toplantısında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib. Onun sözlərinə görə, türkdilli ölkələrin Koordinasiya Şurasının katibliyi İstanbulda yerləşəcək və bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcək. Katibliyə Türkiyənin Rusiyadakı sabiq səfiri Xəlil Akınçı rəhbərlik edəcək. Şuranın baş katibinin hər ölkədən bir köməkçisi olacaq.

Zirvə toplantısında müzakirə dilinin «Ali Türk dili» olan Türkiyə Türkcəsi olmasına qərar verilib.

Sammitin yekununda İstanbul Bəyannaməsi imzalanıb. Bəyannamədə 3 oktyabr tarixinin Türk Dilində Danışan Ölkələr Günü elan edilməsi, Türk Əməkdaşlıq Şurasının yaradılması, Bakıda Türk Mədəni İrsinin Qorunması Fondunun yaradılması, elmi araşdırma və fəaliyyətlər üçün fond yaradılması, universitetlərarası birliyin qurulması məsələləri öz əksini tapıb.

Qərara alınıb ki, növbəti zirvə toplantıları 2011-ci ildə Qazaxıstanda, 2012-ci ildə Qırğızıstanda keçirilsin.

Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, ötən il isə Naxçıvanda keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə