Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin İdarə Heyətinin sədri, əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu Milliyətçi Hərəkat Partiyasının deputatlığa namizədləri siyahısına daxil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumatda bildirilib ki, Səfər Qaraqoyunlu MHP-nin İğdır bölgəsi üzrə siyahısında ikinci yerdədir. Onun namizədliyi deputatlıq iddiası olan 11 nəfər partiya üzvü arasından seçilib. MHP-nin namizədlər siyahısı aprel ayının 7-də Yüksək Seçim Kuruluna təqdim olunub.
Əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu 1963-cü ildə Türkiyənin İğdır bölgəsinin Qaraqoyunlu ilçəsində doğulub, Anadolu Universitetinin ictimaiyyətlə əlaqələr bölümünü bitirib.
Hazırda İstanbulda yaşayan diaspor fəalı 2010-cu ildə İstanbul Türkiyə Azərbaycan Dərnəyini (“İS-TAD”) təsis edərək Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətə başlayıb. Bu illər ərzində Səfər Qaraqoyunlunun rəhbərlik etdiyi təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və onun nəticələrinin Türkiyə ictimaiyyətinə çatdırılması, həmçinin Azərbaycan mədəniyyəti, incəsənətinə həsr olunmuş onlarla müxtəlif səpkili tədbirlər həyata keçirib.
Türkiyə Böyük Millət Məclisinə seçkilər 2015-ci il iyun ayının 7-də keçiriləcək.
Gülşən RAUFQIZI