Modern.az

Zərərçəkənlər “AMAY”ın rəhbərindən zərər görmədiklərini bəyan etdilər

Zərərçəkənlər “AMAY”ın rəhbərindən zərər görmədiklərini bəyan etdilər

Təhsil

9 Aprel 2015, 15:27

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.

Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə “Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan altı nəfər dindirilib:

“Onlar Abdulla Abdullayevə qarşı heç bir tələb və şikayətlərinin olmadığını, müqavilə əsasında ev aldıqlarını, bəzisi də aldıqları evdə təmir işləri apardıqlarını bildirib”.

Vəkilin sözlərinə görə, prosesdə mülki iddiaçı Orxan Cəfərov da dindirilib: “O da ifadəsində Abdulla Abdullayevə qarşı heç bir tələb və şikayətinin olmadığını, iddiasının “Xudafərin” MMC-dən tələb etdiyini dedi. Məhkəmə bu qərara gəldi ki, Orxan Cəfərovun tələbində anlaşılmazlıq var və bunu aradan qaldırsın. Doğrudur, ona sahə satılıb, növbəti proseslərdə “Xudafərin” MMC-də onunla müqavilə bağlayan şəxslər dindiriləcək. MMC-dən Orxan Cəfərova satılan sahənin ona təqdim olunduğu bildirilib. Bununla bağlı məhkəmə qətnaməsi var. Razılaşdıq ki, növbəti prosesdə həmin qətnamələr məhkəməyə gətirilib yenidən araşdırılsın”.

Orxan Cəfərov 2 milyon 120 min manat mülki iddia tələbi irəli sürüb. O, iddia edir ki, nənəsi Minarə Quliyeva 2003-cü ildə müqavilə əsasında “Xudafərin” MMC-dən torpaq sahəsi alıb. Ancaq satılan sahə onlara təqdim olunmayıb. Nənəsi də 2011-ci ildə rəhmətə getdiyi üçün məhkəmə onu hüquqi varisi kimi tanıyıb.

Əkbər Bağırov onu da əlavə edib ki, Orxan Cəfərovu çıxmaq şərti ilə bu günə qədər dindirilən zərərçəkən şəxslər Abdulla Abdullayevin onlara zərər vurmadığını deyib: “Bu iş cinayət xarakterli məsələ deyil. Buna görə də bu məsələ mülkü məhkəmələrdə araşdırılmalıdır. Bu, öhdəlik hüququdur. Məhkəmə ittiham aktına əlavə olunmuş siyahıda olan şəxsləri dindirməkdə israrlıdır. Bu işdə biz də maraqlıyıq. Növbəti proses aprelin 13-nə təyin olunub”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. 

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Yeganə OQTAYQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə