Azərbaycan həbsxanalarında 2014-cü ildə nə qədər cinayət işi qeydə alınıb? Cəza çəkənlərin yaxınlarının gətirdiyi sovqatın içindən həbsxanaya keçirilməsi qadağan olunan əşyaların aşkarlanması cinayət işi hesab olunurmu? Modern.az saytının suallarını Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Yaşar İsakov cavablandırıb.
Qurum rəsmisinin sözlərinə görə, bu il fevralın 3-də ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib: “Müşavirədə qeyd edilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 372 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilib və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.
Aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 203,5 litr spirtli içki, 162 mobil telefon, 656 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbirlər görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib. Eyni zamanda, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 347 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 36 əməkdaş tutduqları vəzifədən azad olunub, 34 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib”.
Həbsxanaya keçirilməsi qadağan olunan əşyalara gəlincə, qurumun sözçüsü bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinin müvafiq bəndləri var: “Maddə 317.1 - cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə — beş ilədək müddətə azadlıqdan məhrum etmə.
Həmçinin 317.2 bu məcəllənin 317.1-ci maddəsində göstərilən şəxslər barəsində onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulur”.
Yeganə OQTAYQIZI