Modern.az

Beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi müzakirə edilib

Beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi müzakirə edilib

Təhsil

10 Aprel 2015, 11:30


Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Saziş (EPAS) tərəfindən  Belçikanın Brüssel şəhərində aprelin 8-də Beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı seminar keçirilib.

Modern.az xəbər verir ki, seminarda Azərbaycan Milli Məclisinin üzvü, millət vəkili Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak ediblər. Seminarın əsas məqsədi müxtəlif ölkələrdə beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi barədə qabaqcıl təcrübələrin toplanacağı məlumat kitabçasının hazırlanmasıdır. Tədbiri Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İcraçı Katibi Stanislas Frossard  acaraq EPAS-ın fəaliyyəti barədə geniş məlumat verib. İlk olaraq seminarda  “Avropa Şurası Nazirlər Komitəsinin kişi və qadın idmançılara viza verilməsi ilə bağlı üzv dövlətlərə Tövsiyəsi N(99)10” və  “Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi ilə bağlı N2.1 Qətnaməsinin müzakirələri olub.

Daha sonra  EPAS-ın  beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı araşdırmaların nəticəsi və  hazırlanacaq məlumat kitabçası layihəsinin geniş müzakirəsi olmuşdur.

Müzakirələrdə   Macarıstanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Katalin Vizi və  Avstriya  Xarici İşlər Nazirliyinin nümayəndəsi Edwin Ferner Şengen qaydalarının tətbiqi barədə təqdimatlar ediblər.

İclasda Beynəlxalq Güləş Federasiyası, Beynəlxalq Voleybol Federasiyası, Beynəlxalq Paralimiya Komitəsi və  Serbiya Avarçəkmə Federasiyasının rəhbərləri beynəlxalq yarışların təşkil zamanı vizaların verilməsi ilə bağlı rastlaşdıqları problemlər və görülməsi vacib işlər barəsində məlumat veriblər.

Seminarda Rusiya Federasiyasının, Fransa  və Azərbaycan Respublikalarının idman nazirliklərinin nümayəndələri öz ölkələrinin  bu sahədə olan ən qabaqcıl təcrübələri və  ölkədə keçirilən iri miqyaslı beynəlxalq idman tədbirlərində iştirak edən idmançı və rəsmi nümayəndə heyətlərinə viza verilməsi işinin asanlaşdırılması  üçün görülən tədbirlər barədə geniş məlumat vermiş və konkret nümunələr göstəriblər.

İclasda xüsusi ilə qeyd edildi ki,  son illər hər üç ölkədə  iri miqyaslı idman  tədbirlərinin sayı xeyli  artmış və buna müvafiq olaraq həmin ölkələrdə viza rejiminin asanlaşdırılması üçün dövlət səviyyəsində xeyli müsbət addımlar atılıb. Seminar çərçivəsində Azərbaycan Milli Məclisinin üzvü, millət vəkili Rauf Əliyev və İlham Mədətov  EPAS-ın icraçı direktoru Stanislas Frossard ilə  Avropa Şurası və ölkəmiz arasında  idman əlaqələri və gələcək perspektivləri  müzakirə ediblər. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə