Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klublarının gündəmindəki təcrübəli və məşhur məşqçi Mirca Lucesku gələcəyi ilə əlaqədar flaş açıqlama verib.
Ukraynada 2014-cü ilin əvvəlində reallaşan xalq qiyamının nəticəsi bu ölkədə həm ictimai həyata, həm də idmana təsir edib. Bu təsir Mirça Luçeskunun baş məşqçisi olduğu Donetskin “Şaxtyor” klubundan da yan keçməyib. Rusiyanın dəstəklədiyi separatçıların Ukraynanın şərqində vəziyyəti müharibə həddinə çatdırması səbəbindən “Şaxtyor” Donetskdən didərgin düşdü, bu klub hazırda ev oyunlarını Lvovda keçirməyə məhkumdur. Rumıniyalı baş məşqçinin isə bu mövsümün sonunda müqaviləsi bitir. Elə bu səbəbdən onun həm “Fənərbağça”, həm də “Beşiktaş”la müqavilə imzalayacağı iddia olunur.
Modern.az saytı bildirir ki, Türkiyənin “Milliyyət” qəzetinə danışan Mirça Lucesku Ukraynanı nəzərdə tutaraq deyib: “Burada vəzifəmi başa vurduğumu düşünürəm. Bu mövsüm mənim üçün Ukrayna artıq sondur. 11 ildir buradayam. Özümü yeniləməm lazımdı. Mövsüm bitər-bitməz “Şaxtryor”dan ayrılaram... Türkiyəyə gəlirəmmi, inanın bunu indidən söyləmək çox çətindir, amma gələcək təklifləri qiymətləndirə bilərəm. Niyə də olmasın”.
Luçesku Türkiyədə ilk dəfə Fateh Terminin yerinə gəldiyi “Qalatasaray”da çalışıb. Sarı-qırmızılı komanda ilə 15-ci çempionluğu yaşayıb.
“Qalatasaray”dan sonra 2002-ci ildə “Beşiktaş”a keçən rumıniyalı Mirça Luçesku, o dövrün ən yaxşı performanslarından birini bu klubda sərgiləyib. O, ağ-qaralı komandanı yaranmasının 100-cü ilində çempionluğa daşıyıb.
“Beşiktaş”dan tələm-tələsik ayrılan Mirça Luçesku 2004-2005-ci il mövsümünə Ukraynanın “Şaxtyor” komandasında baş məşqçiliyə başlayıb. O tarixdən bu yana komandadan ayrılmayıb. Burada 8 liqa çempionluğu, 5 Ukrayna Kuboku, 5 Ukrayna Super Kuboku qazanıb. 2009-cu ildə “Fənərbağça”nın Kadıköydəki stadionunda ı UEFA Kubokuna sahib olub.
Modern.az