Modern.az

Özəl ali məktəblər köçkün tələbələrə təhsilhaqqı güzəşti edirmi? - Deputatlar fərqli fikirdədirlər

Özəl ali məktəblər köçkün tələbələrə təhsilhaqqı güzəşti edirmi? - Deputatlar fərqli fikirdədirlər

Təhsil

10 Aprel 2015, 15:43


Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə prezident İlham Əliyevin sərəncamı var. Sərəncamda qeyd olunub ki, “məcburi köçkünlər” sözü “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” ölkə qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan vətəndaşları” sözləri ilə əvəz edilsin. Bu, dövlət ali və orta ixtisas təhsili müəssisələrinə 2011-2012-ci tədris ilindən etibarən qəbul olunan şəxslərə şamil edilməlidir.

Modern.az saytı Qarabağ bölgəsindən olan deputatlardan özəl ali təhsil müəssisələrində ölkə daxilində köçürülmüş şəxslərin təhsil haqqından azad edilməsi ilə bağlı müraciətlərinin olub-olmadığını soruşub.

Bəxtiyar Sadıqov 14 il öncə Ağdam dairəsindən Milli Məclisə deputat seçiləndə seçicilərin istəyi əsasında məsələni dəfələrlə qaldırdığını bildirib: “Qəzetlərdə də bu məsələni qaldırdım və ictimai dəstək də aldıq. Amma o dövrdə bunu həyata keçirmək mümkün olmadı. Sonrakı dövrlərdə prezident bu istəyi nəzərə aldı və məcburi köçkünlərin təhsil haqqından azad edilməsi barədə sərəncam verdi. Amma bu azad etmə müəyyən mənada dırnaqdadır. Yəni həmin tələbələr təhsil haqqından azad edilsə də, dövlət həmin təhsil müəssisələrinə təhsil haqqını ödəyir. Prinsip budur ki, tələbə oxuduğu müddətdə müəyyən məbləğ ödəməlidir ki, ali məktəb müəllim heyətini saxlasın, müəyyən xərcləri ödəsin. Dövlətimizdən çox razıyıq. Ötən il Ağdamdan 100-dən çox məzun tələbə olub. Eyni zamanda, məcburi köçkünlər dövlət hesabına xaricdə təhsil alırlar.

Özəl təhsil müəssisələrinə gəldikdə, onlara demək istəyirəm ki, bu sahədə nə kömək edə bilərlərsə, hansı addımı ata bilərlərsə, atsınlar. Təbiidir, qanunlar var, demokratik cəmiyyətdə yaşayırıq və xüsusi mülkiyyəti qəbul edirik. Biri istehsal sferası ilə məşğuldur, digəri ali məktəb açıb. Bu da biznes fəaliyyətinin bir növüdür. Dövlət məcburən deyə bilməz ki, məcburi köçkünü təhsil haqqından azad et. Ancaq onu da nəzərə almaq lazımdır ki, hər şeyini itirən insanlar niyə təhsil almaq imkanını itirsin? Təəssüf ki, heç bir özəl ali məktəblərdən belə bir addımı görmədik. Məsələni fərqli variantlarda qoyub, işi tədricən də etmək olardı. Məsələn, ilk olaraq şəhid olmuş məcburi köçkün uşaqlarının təhsil haqqından keçmək olardı və sair.

Dəfələrlə bizə olunan müraciətlərlə bağlı bir sıra universitet rəhbərlərindən xahiş etmişik ki, mümkünsə güzəştə getsinlər. Ancaq bu müraciətimizə reaksiya verən olmayıb. Heç kim məcburi köçkün övladının təhsil haqqının müəyyən qismini bağışlamaq istəmir. Arzu edirəm ki, mətbuat bu məsələni diqqətdə saxlasın. Özəl qurumlar kifayət qədər vəsait qazanıblar. Onlar öz gəlirlərindən bu xeyirxah işə kömək etməyə sərf etsin”.

Xocalı dairəsindən Milli Məclisə deputat seçilmiş Elman Məmmədov bildirib ki, bu, ağrılı problemlərdən biridir: “Təxminən 7-8 il bundan öncə məsələ ilə bağlı parlamentdə ciddi fikrimi bildirdim. O vaxt müəyyən adamlar bunu yaxşı qarşılamadı. Belə fikir səsləndirdim ki, imkanı olmayan adamın istedadlı övladı pulsuzluq ucbatından təhsil almamalıdırmı?! Məcburi köçkün həyatı yaşayan insanların çətinliyi xüsusilə təhsildə özünü büruzə verir. Vaxtaşırı çıxışlarımda bildirirəm ki, bəlkə bu sahədə müəyyən güzəştlər tətbiq olunar. Bilik əsas meyardır və buna diqqətlə yanaşmalıyıq.

Məcburi köçkün məktəblərindən məzun olanların əksəriyyəti qəbul imtahanında 500-600 bal toplayır. Ancaq aşağı bal toplayıb ödənişli təhsil alanlar da az deyil. Təmsil etdiyim rayondan olan tələbələrlə bağlı müəyyən müraciətlər olur. Həmin təhsil müəssisələrinin rektorları ilə əlaqə saxlayıram. Bəzən deputat səlahiyyətlərindən istifadə etməklə çalışıram ki, köməklik göstərim. Elə təhsil müəssisəsi olur ki, maliyyə vəziyyəti tələbəni təhsil haqqından tam azad etməyə imkan verir, eləsi də olur 30-50 faiz azad edir. Sağ olsunlar, bu vaxta qədər tam imtina edən rektorla üzləşməmişəm. Bu tələbələr rəsmi qaydada təhsil haqqından tam azad olunsa, daha yaxşı olar. Təbii ki, həmin təhsil müəssisələrinin maliyyə vəziyyətini də nəzərə almalıyıq. Hər şeydən üstün övladlarımızın təhsil almasına şərait yaradılmasıdır. Tərəfdarıyam ki, məcburi köçkün uşaqları təhsil haqqından azad olunsun”.

Ağcabədi, Füzuli dairəsindən deputat seçilən Aqil Abbas bildirib ki, dövlətin özəl universitetlərə belə göstəriş verməsi mümkün deyil: “Sovet dövrü deyil ki, göstəriş verəsən ki, bunu belə et. Bunu dövlət məcbur etsə, onda Azərbaycan demokratik ölkə olmaz. Ancaq müəyyən tövsiyə edilə bilər. Bilirəm ki, özəl universitetlərdə məcburi köçkün tələbələrə güzəştlər var. Dəfələrlə “Odlar Yurdu”və “Təfəkkür” universitetlərinə məktubla müraciət etmişəm. Onlar məmnuniyyətlə həmin tələbənin təhsil haqqında 30-40 faiz güzəştlər ediblər. Bu işdə dövlət başqa bir addım ata bilər. Belə ki, həmin universitetlərə tələbələrin təhsil haqqını köçürdə bilər. Ancaq bu, yanlış olar, çünki hər şeyi dövlətin boynuna qoymaq olmaz. Qaçqın və məcburi köçkünün hamısı əldə-ayaqda qalmayıb. Qaçqının biri mənəm, yaxud bacımdır. Əgər övladımız təhsil alırsa, deməli, ailənin imkanı var. İmkanı olanla olmayanı eyni tərəziyə qoymaq düzgün deyil. Maddi imkanı olmayan ailələrin mənə etdiyi müraciətlərə görə özəl ali təhsil ocaqlarına göndərdiyim məktub məmnuniyyətlə nəzərə alınıb. Vaxtı ilə “Ədalət” qəzeti şəhid ailəsindən olan bir neçə tələbənin, o cümlədən Tibb Universitetində təhsil alan məcburi köçkün olan bir tələbənin təhsil haqqını ödəyib”.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə