Modern.az

2015-ci ilin Ağdamı

2015-ci ilin Ağdamı

Təhsil

13 Aprel 2015, 10:17

Xıdırlı kəndi Ağdamın qədim kəndlərindən sayılır. Kənd sakinlərinin qədim türk - Xıdır tayfasından olduğunu deyən  bir qrup tarixçi alim kəndin Ağa Məhəmməd şah  Qacar dövründə Qazax-Şəmsəddin sultanlığından, digər qrupu  yaşayış məntəqəsinin XV əsrdə Qarabağın dağlıq ərazisindən köçürüldüyünü iddia edirlər. Hətta kəndin XII əsrdə Teymurləngin dövründə Suriya istiqamətində köçürülməsi faktının olduğu da deyilir.  Lakin hər üç fikir hələ ki iddia olaraq qalmaqdadır.  

Kənd əsasən beş məhəllədən ibarət olub, Çuxurməhəllə kəndindən başlamış düz xətt boyunca   “Dəlikdaş” istiqamətinədək uzanırdı.  Əvvəlcə “Revolyütsiya”, sonra isə “İnqilab” adlandırılan kolxozda  (sonralar sovxoza çevrilmişdi) beş biriqada həmin məhəllələrdə formalaşdırıldığından, elə kəndin məhəllələri də məhz biriqadaların sıra  nömrəsi ilə adlanır.

”Daş təpə”  kəndin ən hündür yeri sayılır. Bu yüksəkliyin hesabına sovet dövründə təpədə televiziya  verilişlərinin ötürcüsü quraşdırlmışdı. Odur ki, kənd sakinləri daim respublika və mərkəzi televiziyanın  verilişlərinin yayımını keyfiyyətlə izləyə bilirdilər.

Xıdırlı kəndini digər kəndlərdən fərqləndirən iki məqam var idi. Birincisi Xıdırlı kəndinın əhalisi daim işlək olması ilə seçilirdi.  Uzun illər sudan korluq çəksədə, kənd camaatı öz əziyyəti hesabına inkişafda idi. Kənddə maldarlığın inkışafı  yüksək  səviyyədə idi.  Etiraf edilməlidir ki, Ağdam bazarında satılan Xıdırlı qaymağının ayrı bir ləzzəti var idi. Qaymağın keyfiyyətinə söz ola bilməzdi.

Kəndi fərqləndirən ikinci məqam rayon rəhbərliyinə daim kadr təminatını həyata keçirməsiydi. Rüstəm Rütəmov müharibə illərində ikinci katib, ötən əsrin əllinci illərində Məmməd Əliyev birinci katib  və  Səlim Abdullayev üçüncü katib vəzifəsində çalımışdılar. Telman Allahverdiyev, Hüseyn Hüseynov, Nizami Əliyev və Allahverdi Əliyev uzun müddət rayonda müxtəlif rəhbər vəzifələrdə çalışmışdılar.  Qeyd etməliyəm ki, İstanbulda təhsil almış Mirzə Davud Ağamirzəyev xeyli müddət “Abbas bəyin” məktəbində dərs demişdi. Rayon əhalisinin savadlanmasında onun xüsusi yeri vardır. Müxtəlif vəzifələrdə çalışmış Xanpəri Məmmədova,  Mehdi Mehdiyev (Qara Mehdi),  Şəkəralı Allahverdiyev və Əhməd Hümmətov da  kəndin sayılan ziyalılarından hesab edilir…


Etiraf etməliyəm ki, erməni hücumlarının ən gərgin vaxtlarında bu kəndin sakinlərinin necə mərdliklə döyüşdüklərinin şahidi olmuşam…

Təəssüf ki, bu gün Ağdamın  işğal altında olan  72 faizlik  ərazisində Xıdırlı kəndinin   torpaqları da vardır. “Çömçəli” bulagı, “Narlı” bulağı  və digər onlarca bulağı, “Toy  gədiyi”, “Çay bağçası”, “Mərək” və “Qozlu bağ” kənd sakinlərinin ən yadda qalan istirahət və otlaq yerləri idi. Bundan əlavə   beş nömrəlidə “Kukuşka” adlanan kiçik dəmiryol xəttinin stansiyası da var idi…

Həmsöhbətim Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da bu kəndin yetirməsidir.  Hələ keçmiş sovet dövründə sovxozda mühəndis vəzifəsindən rayon komsomol komitəsinin birinci katibi vəzifəsinədək yüksələn R.Məmmədov üzün müddət milli təhlükəsizlik nazirliyi sistemində çalışıb…

1986-cı ildən tanıdığım Raqub müəllimlə növbəti görüşüm “”Heydər Əliyev” Mərkəzi üçün inşa edilən tikinti sahəsində oldu. Müasir və milli üsluba söykənən layihənin icrası artıq iki aya yaxındır ki, davam edir. Bu gün binanın yarım zirzəmi və birinci mərtəbəsində işlər yekunlaşmaq üzrədir. Cari ilin sonunadək mərkəzin tikintisnini başa çatacağı deyilir...

Hər dəfə olduğu kimi, bu dəfədə görüşə gəlincə, mən  artıq Əfətli kəndindəki tikintisi başa çatmış məktəbin, Evoğlu kəndindəki inşası başa çatmaq üzrə olan uşaq bağçasının, doğma kəndimdə inşa edilən litsey və avtovağzalda aparılan tikinti işləriylə tanış olmuşdum. Ürəkaçan fərəhli hal odur ki, Soltanbuddan başlanan abadlıq quruculuq işləri üzü Qaradağlı kəndini, oradan Çıraqlı, Bənövşələr,  Xındırıstan və Quzanlını əhatə edir. Demək olar ki, rayonun elə bir kəndi yoxdur ki, orda quruculuq işləri həyata keçirilməmiş olsun. Artıq Quzanlı qəsəbəsiylə İmamqulubəyli kəndini yeni salınmış  xiyabanla çox rahat  şəkildə piyada  gedib gəlmək olur. Adıçəkilən ərazidə istifadəyə hazır olan məşhur “Çay evi”də buranın çəkisini bir qədərdə artırmışdır.

Söhbət zamanı Raqub müəllim Quzanlı kəndindən Xındırıstan kəndinədək olan yol qırağı ərazıdə 600 ədəd qoz ağacının   artıq əkildiyini bildirdı:

- Bu günədək rayon ərazisində  əlli minə yaxın ağac əkilib. Eldar şamı, “Xan” çınar və küknar ağacları iki-üç ildən  sonra bütün rayona gözəllik verəcəkdir. Mərkəzi yoldan Üçoğlan kəndində istiqamətində  böyük bir ərazidə meyvə bağı salınmışdır. Soltanbud təpəsi tamamilə ağaca bürünüb. Keçən il təpədə damcı suvarma sisteminin quraşdırlıması orada əkilən ağaclara can verib. Qoz ağaclarını isə sənin kəndinin üstündə  əkəcəyik. Nə fikirləşirsən, nətər olacaq?- deyərək sualı mənə ünvanladı.

- Əla olar. Deyim ki, Xıdırlının da məşhur qoz bağı var idi. Yadımdadı ki, bağ kəndin altında, “Qaraçava” arxının həndəvərində olduğundan buradakı digər meyvə ağacları da çox “fərmuda” böyümüşdü. Şəhərdən gələn yol bağın yanından keçirdi. Bu gün Quzanlıdan Xındırıstana gedən yol, sözün həqiqi mənasında, Seyidlidən Xıdırlıya gedən yolu xatırladır mənə…

Sözüm Raqub müəllimi tutsa da büruzə vermir. Mövzunu özü dəyişir…

- Hər gün camaatımızın içindəyəm. Onların hər birinin problemini özümünkü hesab edirəm. O ağır günləri məndə yaşamışam.  Əhalinin hansı əziyyətlərdən keçdiyini özümdə şahidəm. Bu gün əsas vəzifəm səlahiyyətim çərçivəsində həmyerlilərimin illər boyu yığılıb qalmış problemini  həll etməkdir…



Bu günkü məqsədim Quzanlı qəsəbəsini şəhərə çevirməkdir.  Ağdama qayıdışın yolu məhz belə hazırlıqdan keçir. Odur ki, hamımız qayıdış gününə hazır olmalı və Ali Baş Komandan   cənab İlham Əliyevin əmrini gözləməliyik…

Yüz faiz əminəm ki, Ağdamda quruculuq işlərini bundan da daha sürətli, yaraşıqlı və məzmunlu şəkildə həyata keçirəcəyik…

Başçı ilə söhbətim  bir xeyli çəkdi. Çox mətləblərə toxunduq. Ancaq söhbətimdə Raqub müəllim ikinci bir arzusunu da bildirməyi unutmadı.

- Bu gün 28 faizlik ərazimizdə formalaşan gəncliyimizi rayonda 70-80-ci illərdə formalaşan nəhəng ziyalı ordusunun səviyyəsinə çatdıra bilsək, inanıram ki, şəhərə qayıdışımız zamanı hər hansı çətinliyimiz olmayacaq. Bununla o illərlə mənəvi bağlılığımızı bərpa edə biləcəyik…

Raqub Məmmədovla keçən hər görüş məni Ağdama qayıdacağımız günə daha da yaxınlaşdırır. İnanıram ki, rayon ziyalıları və sahibkarları icra başçısının ətrafında birləşməklə  bundan sonra daha sıx birlik nümayiş etdirəcəklər…

Sonda  belə nəticəyə gəlmək olar ki, 2015-ci ildə  Ağdam qayıdış gününə ciddi şəkildə hazırlaşır. Xatirələrimizi yenidən yaşacacağımıza və xəyallarımızın gerçəkləşəcəyi günə hamımız öz tövhəmizi verməliyik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə