Modern.az

Deputat: “General Şərif Əsədullayev oğlunun hərəkətini ört-basdır da edə bilərdi”

Deputat: “General Şərif Əsədullayev oğlunun hərəkətini ört-basdır da edə bilərdi”

Təhsil

13 Aprel 2015, 14:22


Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevi törətdiyi cinayətə görə istintaq orqanlarına təhvil verməsi məsələsi hələ də müzakirə olunur.

Modern.az bildirir ki, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Şərif Əsədullayevin addımına haqq qazandıb:

“Alqışlanmalı, bəyənilməlidir. O, yüksək çinli bir zabitdir, hər zaman dövlətə xidmət edib. Belə insanın oğlunun xuliqanlıq etməsi və kiməsə xəsarət yetirməsi bağışlanmazdır. Əgər ata öz oğlu barədə bu tədbiri seçibsə, onu yalnız alqışlamaq olar. Onun bu hərəkəti digər məmurlara da nümunədir. Vəzifəli şəxslər hər zaman öz övladlarının ipini çəkməlidirlər. Onları cəmiyyət arasında yaxşı olmağa sövq etməli, yeri gəldikdə tənbeh etməlidirlər.

Hörmətli prezidentimiz də dəfələrlə deyib ki, hər bir şəxs öz ailəsinin, uşağının tərbiyəsilə məşğul olmalı, harınlamamalı, cəmiyyətdə ziyanlı bir insana çevrilməməlidirlər. Ona görə Şərif Əsədullayevin əməlini təqdirəlayiq hesab edirəm. Şübhəsiz ki, hadisə cəmiyyətdə böyük rezonans yaradıb, insanların əksəriyyəti bu addımı müsbət qiymətləndirir. Qarşıdakı şəxs ciddi xəsarət almadığından, ölmədiyindən Şərif Əsədullayev oğlunun hərəkətini gizlədə, ört-basdır da edə bilərdi. Bəzən cinayət törədib onu gizlədənlər də olur. Belə olan halda həmin cinayəti törədən şəxslər daha da azğınlaşır, kənardan baxanlar da fikirləşir ki, filankəsin oğlu belə hərəkətə yol verib, mən niyə etməyim? Burdan görünür ki, neqativ halların gizlədilməsi cəmiyyətə pis örnəkdir”.

Azər Badamov da həmkarı ilə həmfikirdir: “Hesab edirəm ki, təqdirəlayiq haldır və bütün məmurlar üçün nümunə olmalıdır. Hər bir məmur öz övladını tərbiyə etməlidir. Hər bir övlad da bilməlidir ki, kimin oğlu olmasında asılı olmayaraq hər hansı cinyati törədərsə qanun qarşısında cavab verməlidir. Hesab edirəm ki, cəmiyyət üçün də müsbət haldır, alqışlanasıdır. Və nəticə kimliyindən asılı olmayaraq qanun aliliyinin yüksək olmasının göstəricisidir”.

Aprelin 10-da Bakının “Senator” restoranında Tamerlan Əsədullayevin iştirakı ilə dava-dalaş baş verib. Davada bir nəfər bıçaqlanaraq yaralanıb. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. 

Generalın oğlu Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə