Türkiyədə Gap Gazeteciler Birliyi tərəfindən Gap Oscarları ödül törəni keçirilib. Gap Gazeteciler Birliyi, Adıyaman Valiliyi, Adıyaman Bələdiyyəsi, Adıyaman Universiteti tərəfindən təşkil edilmiş tədbirdə Türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-lər, mətbuat qurumları, alimlər iştirak edib və mükafatlandırılıblar.
GAP Gazeteçiler Birliyi başqanı Zeynalabidin Kıymaz və bir sıra dövlət xadimlərinin çıxışlarından sonra mükafatlandırılanlar arasında azərbaycanlı deputat Qənirə Paşayeva da olub.
Qənirə Paşayevaya ilin ən uğurlu millət vəkili mükafatı təqdim edilib. Türk dünyasından tanınmış media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsində bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır, onların problemlərini beynəlxalq tribunalardan səsləndirir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bölgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır. Münsiflər heyəti Türk Dünyasında ilin ən uğurlu millət vəkili mükafatının ona verilməsi haqqında qərar qəbul edib.
Millət vəkilinə mükafatı Adıyaman valisi Mahmut Demirtaş təqdim edib.
Qənirə Paşayeva çıxışında deyib: “Bu mükafatı mənim burada ola bilməyim üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, fədakarca çalışan böyük dövlət adamlarımız və aydınlar adına, gözəl ölkəm Azərbaycan və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz, Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam edən bütün qaçqın və köçkünlərimiz adına alıram. Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm”.
Qənirə Paşayeva çıxışının sonunda tədbir təşkilatçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, hədiyyələr təqdim edib.
Modern.az