Rusiya prezidenti Vladimir Putin İrana S-300 zenit raket komplekslərinin satılmasını qadağan edən qərarı ləğv edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qərar silahın Rusiya ərazisindən (o cümlədən hava yolu ilə) tranzitinə və neytral ərazilərdə hərbi-hava və hərbi dəniz qüvvələrinin köməyi ilə təhvil verilməsinə imkan verir.
Bu silahların İrana satışının qadağan olunması 2010-cu ilin sentyabrında o zamankı Rusiya prezidenti (indiki baş nazir) Dmitri Medvedev tərəfindən verilib. Kreml ABŞ-la mülayim münasibətlər şəraitində bu addımı atmışdı.
Buna görə İrana satılmalı olan və 2007-ci ildə imzalanan müqaviləyə görə 700 milyon dollar dəyəri olan 5 “S-300 PMU-1” zenit raket divizionu geri qaytarılmışdı. Haaqa Məhkəməsinə müraciət edən İran Rusiyadan 4 milyard dollar təzminat istəmək hüququ əldə etmişdi.
İran prezidenti 2010-cu ildə silah müqaviləsinin Rusiya tərəfindən pozulmasını “şeytanın təsiri” ilə əlaqələndirmişdi.
Vüqar İsmayılov