
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 15, 16, 17, 20 və 21 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirəcək.
Komissiyadan
Modern.az saytına verilən məlumata görə, imtahanlar ümumilikdə 421 orta məktəbdə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən ayrı-ayrı günlərdə keçirilir. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən 1 saatdır. Prosesdə 23336 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş Respublikanın 22 şəhər və rayonunun (
Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) məktəblərində keçirilir.
Qeyd edək ki,
monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.
Modern.az