Hüquqşünas Aslan İsmayılov Xətai rayonu Nobel prospektində yanmış bina ilə bağlı fikirlərini bölüşüb. Modern.az xəbər verir ki, o, yanğınla bağlı Baş Prokurorluğa iradlarını bildirib:
“200 manat rüşvət alan, 10 min manat mənimsəyən iş icraçısı haqqında dərhal cinayət işi qaldırıb, xüsusi bəyanatla çıxış edən Zakir Qaralovun başçılıq etdiyi Baş Prokurorluğun aprelin 10-da Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı susduğundan bəzi məqamları yadlarına salmaq istəyirəm.
Baş vermiş yanğın hadisəsi sıradan bir cinayət deyil. Söhbət təkcə milyonlarla manatlıq dövlət vəsaitinin yanmasından getmir. Şükürlər olsun ki, bu dəfə də insan tələfatı olmadı. Təsəvvür edin ki, insanlar əşyalarını mənzillərindən çıxararkən pilləkənlərdə qarışıqlıq, panika yaransaydı diri-diri yanıb külə dönənlərin sayı onlarla olardı”.
A.İsmayılovun sözlərinə görə, evsiz, eşiksiz, gündəlik tələb olunan əşyalarından mərhum olan insanların minimum yaşayışını təmin etmək üçün yenidən dövlət büdcəsindən on milyonlarla manat silinəcək, hələ nə qədər də mənimsəniləcək:
“Yanan binanın yenidən təmiri də milyonlarla manata başa gələcək, yenə də kimlərinsə cibindən deyil, bizim, vergi ödəyicilərinin büdcəyə ödədiyi pullar xərclənəcək.
Normal cəmiyyətdə orada yaşayanların hamısı birinci növbədə psixoloji reabilitasiya keçməli, yanğın zamanı ayrılan zəhərli tüstünün təsirinə məruz qalan hər bir insan toksikoloji müayinədən keçirilməlidir. Bu müayinələr də külli miqdarda vəsait tələb edir.
Təkcə bu yanan bina ilə dövlətə on milyonlarla ziyan dəyib. Həmin binalarda yaşayan insanların sağlamlıqlarına hər dəqiqə vurulan dəhşətli ziyandan danışmıram”.
Aslan İsmayılov binaların fasadına vurulan və yanğına səbəb olan materialın zərərli tərəfinə də toxunub:
“Ən acınacaqlısı binanın yanması yox, onun təmirində istifadə olunan materialın tərkibidir. Tikintidə istifadə olunan istənilən material eyni zamanda beş prinsipial tələbə - kimyəvi, fiziki, bioloji, yanğın, mexaniki təhlükəziliyə cavab verməlidir.
Bu material isə sadalanan tələblərin heç birinə cavab vermir. Ən dəhşətlisi isə onun ekoloji göstəriciləridir. Onun tərkibi polistiroldan ibarətdir. Polistirol termodinamik cəhətdən möhkəm olmayan polimerdir və o hər dəqiqə stirol-monomer buraxır. Stirol-monomer isə insan həyatı üçün ölümcül təhlükəlidir və insanlarda sürətlə xərçəngi inkişaf etdirir. 2001-ci ildən artıq bütün dünya bunu etiraf edib. Bu cür materialdan istifadə artıq öz millətinə qarşı yönələn soyqırımdır”.
Hüquq müdafiəçisi qeyd edib ki, hazırda yanmaq təhlükəsi olan yüzlərlə bina var:
“Deməli, minlərlə insanın həyatı hər dəqiqə təhlükədədir. Havalar istiləşdikcə, bu təhlükələr daha da artacaq. Çünki həmin materiallar tez bir zamanda, heç bir kənar müdaxilə olmadan belə həddindən artıq isti hava şəraitində də alışıb yana bilər. Yəni bizi qarşıda yüz milyon manatlarla ölçüləcək maddi ziyan və Allah eləməsin, çoxsaylı insan itkisi gözləyə bilər.
Bütün sadaladığım hallar baş verməyə bilərdimi, qanun bunu tənzimləyirdimi, yoxsa, bu təbii fəlakətdir? Əsla yox! Heç bir təbii fəlakətdən söhbət gedə bilməz. Bu hamısı ölkəmizi məhv edən korrupsiyadır.
Əgər Baş Prokururluq və cavabdeh strukturlar vəzifələrini layiqincə yerinə yetirsəydilər bu biabırçılıqlar baş verməzdi”.
Hüquqşünas məsələyə nəzarət edən qurumların işə məsuliyyətsiz yanaşmasının yolverilməz olduğunu deyib:
“Prezident İlham Əliyevin 28 fevral 2006-cı il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılıb, 2010-cü il iyunun 25-də isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Şəhərsalma Şurasının 12 nəfərdən ibarət tərkibi təsdiq edilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi yanında Bakı şəhər Reklam və İnformasiya, eləcə də şəhər ərazisinin tikinti-planlaşdırma idarələri də fəaliyyət göstərir.
Bütün bu təşkilatlar Bakı şəhərinin planlaşdırılmasına və tikilməsinə rəhbərlik edir, tikintinin məqsədəuyğun və əlverişli yerləşdirilməsini, yeni yaşayış və sənaye rayonlarının planlaşdırılmasını və tikintisini, eləcə də əhalinin məişət, istirahət və əmək şəraitinin daha əlverişli şərtlərini təmin etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasını təmin edir, onlara nəzarət edir. Tikinti, yenidənqurma, bərpa, əsaslı təmir, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir”.
Aslan İsmayılov hesab edir ki, əgər Baş Prokurorluq öz vəzifəsini layiqincə yerinə yetirsəydi, son hadisə ilə bağlı dərhal onlarla vəzifəli şəxs haqqında cinayət işi qaldırar, onları məsuliyyətə cəlb edər, həmin təhlükəli qaplamaların dərhal sökülməsini təmin edər, dövlətə vurulmuş ziyanı günahkar vəzifəli şəxslər hesabına ödətdirərdi.
Gülşən RAUFQIZI