“Bizim millətin bir xüsusiyyəti var. Biz milli məsələlərdə birləşməyi bacarmırıq. Mən ermənilərin milli məsələlərdə fərqli mövqedən çıxış etdiyini görməmişəm. I Avropa Oyunlarına qarşı çıxmaq Azərbaycanı sevməməkdir”.
Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. O, Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı bəyanatını da şərh edib:
“Vatikanda olmuşam. Oranı gəzəndə gördüm heykəl var. Dedilər, erməni katolikosunun heykəlidir. Dedilər, bu da bizim kardinaldır. Ancaq arxa qapıdan gələn kardinal. Əgər onlar bunu belə qəbul edirlərsə, biz normal yanaşmalıyıq. Dünyada siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri siyasətə qarışmamalıdırlar. 100 il əvvəl olan məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”.
Spiker əlavə edib ki, Türkiyədə 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüb: “Bu barədə tarixi sənədlər də var. Bu, tarix məsələsidir. Təəssüf edirəm ki, Roma Papası bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni koatolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır”.
Aqşin Kərimov