Modern.az

“AMAY”ın rəhbərinin işi üzrə 269 nəfər zərərçəkən var

“AMAY”ın rəhbərinin işi üzrə 269 nəfər zərərçəkən var

Təhsil

14 Aprel 2015, 14:08

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.

Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə “Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan üç nəfər dindirilib: “Onlar ifadələrində Abdulla Abdullayevə qarşı heç bir tələb və şikayətlərinin olmadığını bildiriblər. Özlərini zərərçəkən hesab etmədiklərini dedilər.

Zərərçəkənlərin məhkəməyə məcburi gətirilməsi məsələsi müzakirə olundu. Vəsatət qaldırdım ki, onların məcburi gətirilmə məsələ müəyyən müddətə təxirə salınsın. Çünki hər bir halda üç günlük çağırış müddəti vermək lazımdır. Məhkəmə vəsatətimi təmin edib, baxılması üçün müəyyən müddətə təxirə saldı. Növbəti iclasda zərərçəkənlərlə bərabər digər sübutlar araşdırılacaq”.

 Əkbər Bağırovun sözlərinə görə, iş üzrə zərərçəkən kimi tanınan 269 nəfər var: “Bu vaxta qədər keçirilən proseslərdə təxminən 45-50 nəfər arası zərərçəkən dindirilib. Müdafiə tərəfi olaraq işin obyektiv araşdırılması üçün zərərçəkən kimi tanınanların hamısının dindirliməsində maraqlıyıq. Növbəti proses aprelin 16-nə təyin olunub”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. 

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Yeganə OQTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə