Modern.az

Yatmağa ata qəbri...

Yatmağa ata qəbri...

Təhsil

14 Aprel 2015, 16:50

“Olur , olur, belə işlər də olur” silsiləsindən

Səfər müəllim Ərazi Rəhbəri seçiləndən ilk dəfə idi ki, nahar fasiləsində evə gəlirdi. Özü də tək gəlməmişdi, yanında iki nəfər bazburutlu kişi də vardı. Qonaq otağında tələm-tələsik edilən nahardan sonra uzun dəhlizin lap başında yerləşən kiçik otağa girdilər

-Papa, necəsən, gözümə nə isə birtəhər dəyirsən, - deyə divanda uzanıb kitab oxuyan ağsaqqala müraciət edən Səfər müəllim kişinin kürəyinə yüngülcə bir şapalaq da vurdu.

 -Yaxşıyam a bala, səksəni keçən adam necə olar, elə o cürəm – deyə astadan mızıldadı Haqverdi kişi.

 -Papa, şükür Allaha, lap yaxşısan. Yadındadırsa bir dəfə söhbətimiz də olub. İndi mütəxəssis də gətirmişəm. Boyunu, enini-uzununu ölçəcəklər. O yeri ki, demişdim sənə ha, ölməyən şeytandır, qoy abırlı-başlı bir məkan, sonuncu mənzil hazırlatdırım sənə, tamaşasına aləm dursun.

Haqverdi kişinin başı hərləndi gözünə qaranlıq çökdü.

-Ay bala, sənə o vaxt da demişdim. Anan Yaşıltəpədə yatır, məni də onun yanında basdırarsınız. Nə işim var mənim buralarda.

-Yox papa, dəniz görünür, qarşı tərəfdə də dağlar, təpələr... Düzdür Yaşıltəpə kimi olmasa da yaraşıqlı yerdi. Atkaz-zad eləmə. Dur ayağa, bircə sənin boy-buxununu ölçüb-biçsinlər, heykəlini qoyduracam axı...

Səfər Verdiyeviç ( işdə onu bu cür çağırırlar ) özü ilə gətirdiyi qonaqlara səsləndi

-Borya, papamı ölçün, şəklini də çəkin. İşim çoxdur, tələsirəm.

Borya, deyilən adam cibindən çıxardığı metrəni Haqverdi kişinin ayaq barmağından başının tükünədək uzadıb dəftərçəsinə qeydlər etdi. Lap dərzilər sayağı bütün ölçüləri götürdü. Yura adlı oğlan da ağsaqqalın bir neçə variantda şəklini çəkdi.

-Borya deməli kişini ölçdünüz, o ölçüdə qəbir, ayaq üsdə heykəli, ətrafı gül-çiçək, sinə daşı qara mərmər, sürahi də, giriş qapısı da qiymətli metallardan, qəbirin üst qapağı da elə kip oturmalıdır ki, papamı ora aparanadək yağış-zad tökülməsin. Oldu?  Di haydı, gedin işə başlayın.

Haqverdi kişi heç nə demirdi, amma qırışmış yanaqlarından üzü aşağı elə hey göz yaşı axıdırdı.

Səfər Verdiyeviç gətirdiyi mütəxəssislərlə çıxıb gedəndən sonra Haqverdi kişi güc-bəla ayağa qalxdı. Mətbəxə keçib bir stəkan çay içdi, sonra bir-iki loxma pendir-çörək yedi. Əllərini göyə qaldırıb Allaha xitabən pıçıldadı

-Xudaya, niyə Zərnişanı məndən ayırdın. İndi bu harınlamış, qanmaz gədənin əlində qalmışam. Özü də, balaları da qudurub, pul, var-dövlət bunları yalandan azdırıb. Gör nə qədər cızıqlarından çıxıblar ki, diri adam üçün qəbir qazdırırlar, heykəl qoydururlar. Belə hörmət nəyimə lazımdır. İlahi, sənə ağır gedər axı. Bu gədə özünü kimə göstərir, nə oyun çıxarır baş aça bilmirəm

Səfər Verdiyeviçin ölçü-biçi əməliyyatından heç bir ay keçməmişdi ki Haqverdi kişinin son mənzili bütün dəm-dəstgahı ilə hazır idi, sahibini gözləyirdi. Aparıb kişini tanış da eləmişdilər. Haqverdi kişi öz heykəlini, yatacağı məzarı görüb sözün əsl mənasında heyrətlənmişdi. Amma ürəyi yenə sızıldamışdı, “vallah Allaha ağır gedən işdi” – deyə öz-özünə pıçıldamışdı.

Elə həmin günlərdə Ərazi İdarəsinə mötəbər bir yoxlama komissiyası gəldi. Rəhbərin cəhdlərinə, çalışmalarına baxmayaraq heç nəyə güzəşt etmədilər. Açdılar sandığı, tökdülər pambığı. İl ərzində yol verilən nöqsanlar, yeyintinin miqyası yoxlama komissiyasını dəhşətə gətirmişdi. Elə ona görə hüquq-mühafizə orqanlarını da bu işə cəlb etdilər. İşin şirin yerində isə gözlənilməz hadisə baş verdi- Səfər Verdiyeviçi elə kabinetindəcə geniş infakt vurdu xəstəxanaya düşdü. Atasına demədilər ki qoca kişidir, ürəyi xarab olar. Oğlanları, qonşuları bir neçə gün xəstənin keşiyini çəkdilər. Müalicənin heç bir xeyiri olmadı. Həftənin tamamında Səfər Verdiyeviç bu gen dünyaya əlvida dedi.

Təbii ki, hər bir insanın xəstələnməsi, dünyasını dəyişməsi heç kəsin öz əlində deyil, Allahın işidir. Ancaq bəzən elə qəliz məsələlər də ortaya çıxır ki, bilmirsən bu, bəndəlikdir, yoxsa... Elə bu ailədə baş verənlər də elə izaholunmaz, gözlənilməz sonluqla başa çatdı ki, eşidib bilənin əlini dizinə vurmağdan savayı heç nəyə gücü çatmadı.

Necə oldu, qoy deyim. Səfər müəllimin cənazəsi məscidə yola salınan kimi böyük oğlu Alik (əsl adı Əlidir ) babasının yanına cumdu.

-Dedulya (yəni ki, “babacığım”) sənin o qəbrin, o heykəlin ki, var ey, yaman xoşuma gəlir, sən gəl dobro (yəni ki, “icazə”) ver, qoy papamı orada basdıraq. Öldü axı papam. Komissiyası vardı, dözmədi, getdi, tak çto təzədən kimdi ey yer alan, qəbir qazdıran, heykəl qoyduran. Boyunuz da birdi, hər ölçünüz də. Bir dənə başını sroçnı (yəni “təcili”) dəyişdirərik, kişini yerləşdirərik ora. Özgə deyilsən ki, nə olacaq. İnşAllah səni də babulyamın yanına apararıq vaxtı çatanda...

-Ay bala elə mən də Zərnişanın yanını istəyirdim da, bəs papan niyə belə tez getdi, heç başa düşə bilmədim,-deyə Haqverdi kişi çarpayıya sərələndi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə