Milli Məclisin 14 aprel tarixindəki iclasında aşağıdakı fikirləri səsləndirdim.
Roma Pamasının yalançı erməni soyqırımını tanıdığını bəyan etməsinə təəccüblənməməliyik. Çünki tarixi vəhşiliklərlə dolu bu katolik kilsəsinin başçısı, Yaxın Şərqdə özləri kimi vəhşiliklər törətmiş ermənilərlə bir platformadan çıxış etməliydilər. Ancaq onların həmrəyliyindən təəssüf ki, biz bir şeylər öyrənmək istəmirik.
Ötən iclasda məsələ qaldırdım ki, gəlin 24 apreli Azərbaycanda Çanaqqala Zəfərinin 100 illiyini bayram edərək, Türkiyə ilə həmrəylik göstərək, rəsmi səviyyədə hansısa münasibət ortaya qoyulmadı.
Yaxud da daxilimizdə Azərbaycanın bir çox vəzifəli şəxslərinə başa salmaq mümkün deyildir ki, Məhəmməd Əmin Rəsulzadə bu millətin ən uca dəyərlərindən biridir, onu aşağılamaq olmaz, adamlar öz bildiklərini davam etdirirlər.
Baxın, son 15 ildə 10 şəhərdə Rəsulzadənin büstü götürüldü, Bakı Dövlət Universitetindən adı və abidəsi yığışdırıldı, indi də “Bakmil” metrostansiyasından büstü guya, yararsız vəziyyətinə görə yığışdırılıb harasa atıldı.
Buyurun cənab məmurlar, Allah deyirik, tanımırsınız, Konstitusiya deyirik, tanımırsınız, Qanun deyirik, əməl etmirsiniz, heç olmazsa sizi vəzifəyə təyin edən prezidentin Rəsulzadənin 130 illiyinin qeyd olunması ilə bağlı verdiyi sərəncamı oxuyub əməl edin. Orada harada yazılıb ki, Rəsulzadənin büstünü götürmək olar?
Prezident sərəncam verir ki, Rəsulzadənin xatirəsini uca tutmalıyıq, siz gedib büstünü dağıdırsınız, yaxud da heykəlinin başına torba keçirirsiniz. Məhəmməd Əmin bəyə qarşı hörmətsizliyi kimsə bu məmurlara bağışlamayacaq.
İndi öz ölkəmizdə baş verən bu cür davranışlar qarşısında niyə Papanın ermənilərlə həmrəyliyinə irad bildiririk?