Azərbaycanda neft maşınqayırma sənayesi 1970-1980-ci illərdə əsaslı inkişaf etdirilib və nəticədə bir sıra vacib istiqamətlər üçün məhsul istehsal edən maşınqayırma sənayesi kompleksinə çevrilib.
Yüksək əmək və elm tutumuna malik olan bu sənaye sahəsi vaxtilə özündə 160-a yaxın müəssisə və təşkilatı, 110 min nəfərdən çox fəhlə və mütəxəssisi birləşdirib, minlərlə çeşiddə məhsul istehsal etmək imkanına malik olub, respublikanın ümumi sənaye istehsalının 1/5 hissəsi məhz bu sahənin payına düşüb.
Ölkədə qeyri-neft sektorunun inkişafına ehtiyac olduğu bir dönəmdə bu sahənin yenidən dirçəldilməsi istiqamətində hansı addımlar atılmalıdır?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bu sahənin inkişafına ciddi ehtiyac olduğunu vurğulayıb:
“Mən 1976-1992-ci illərdə bu sahədə çalışmışam və bir neçə zavodda baş direktor olmuşam. O vaxtı Bakı SSRİ-ni neft avadanlıqlarının 70 faizi ilə təmin edirdi. SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik qazandıqdan sonra zavodların da fəaliyyəti dayandı. Çünki bu zavodların istehsalatı ittifaqa daxil olan ölkələrlə iqtisadi əlaqələr şəraitində qurulmuşdu.
Buna baxmayaraq, bir neçə dəfə Milli Məclisdə bu məsələyə toxunmuşam.
Təklif etmişəm ki, Azərbaycanda neft avadanlığı istehsalına dair xüsusi proqram hazırlanmalıdır. Çünki Azərbaycan neft və qaz istehsal edən ölkədir. Ona görə bu sektoru inkişaf etdirməli və lazım olan avadanlıqları xaricdən dollarla almamalıyıq”. Vahid Əhmədovun fikrincə, bu sektorun inkişafı gəlir əldə edilməsi üçün önəmlidir:
“Bu, önəmli və gəlirli, əmək tutumlu bir sahədir. Sovet dövründə 8-10 minə qədər işçi qüvvəsi çalışan zavodlarımız vardı. Düşünürəm ki, indiki məqamda bu sahənin inkişafına ehtiyac var. Hesab edirəm ki, hətta gecikmişik. Azərbaycanda sənaye sahələrinin inkişafı ilə əlaqədar dövlət proqramı var. Xüsusilə Bakıətrafı və regionlarda-əsasən də Qaradağ ərazisində bu sahəni mütləq inkişaf etdirmək lazımdır”.
Onun sözlərinə görə, yaxın gələcəkdə bu sahəninn yenidən inkişafından söhbət gedirsə, bu, Azərbaycan hökumətinin mövqeyindən asılıdır: “Neftin indiki qiymətini və neft hasilatının aşağı düşməsini nəzərə alaraq bu sahəni inkişaf etdirməyə məcburuq.
Dövlət başçısının da dediyi kimi vətəndaşlarımızın daha çox əziyyət çəkməməsi üçün qeyri-neft sektorunun və onun əsas qolu olan sənaye sahəsini, o cümlədən neft- maşınqayırma sektorunu ciddi inkişaf etdirmək lazımdır”.
Gülşən RAUFQIZI