“Xaricdəki bəzi təhsil şirkətlərinin xidmətlərindən istifadə edənlər üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Təhsil Nazirliyinə tez-tez müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, yay aylarında, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə vaxtı daha da intensivləşir”.
Modern.az saytının məlumatına görə, bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də dövlət proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır:
“Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd dövlət proqramına seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) məlumat versinlər”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, müsabiqə zamanı elektron ərizənin doldurulması, sənədlərin təqdim olunması tamamilə ödənişsizdir və sənəd qəbulu prosesi üçün heç bir vəsait tələb edilmir:
“Təhsil Nazirliyi dövlət proqramına sənəd qəbulu prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam etdirir və proqramda iştirak etmək arzusunda olan tələbələrə birbaşa Təhsil Nazirliyinə müraciət etmələrini tövsiyə edir”.
Gülşən RAUFQIZI