Modern.az

Qərbi Azərbaycanlılardan bəyanat: Rədd edirik!

Qərbi Azərbaycanlılardan bəyanat: Rədd edirik!

17 Aprel 2015, 08:19


Əvvəl Roma Katolik Kilsəsinin başçısı Papa Fransisk, onun ardınca Avropa Parlamenti qondarma erməni soyqırımını qəbul etməklə islam dünyasına qarşı 1000 il əvvəl səlib müharibəsi başladan o vaxtkı ədalətsiz kilsənin və ədalətsiz Avropanın sadiq varisləri olduqlarını bir daha ortaya qoydular.

Katoliklər tərəfindən yer üzərində İsa peyğəmbərin nümayəndəsi hesab edilən Papa ən azı son 30 ildə Şərqdə, xüsusilə Yaxın Şərqdə, Qafqazda tökülən müsəlman qanlarına, soyqırımlarına göz yumaraq erməni yalanlarına alət olmaqla, ilk növbədə Müqəddəs İsanın ruhuna hörmətsizlik etmiş, Papa adına layiq olmadığını dünyaya sübut eləmiş, Dantenin Cəhənnəmində özünə yer qazanmışdır.

Əfqanıstanda, İraqda, Liviyada, Suriyada, Yəməndə və başqa ölkələrdə müsəlman qanı tökməkdən, qardaşı qardaşa qırdırmaqdan usanmayan, Qarabağ, Xocalı soyqırımına 23 ildir gözləri kor olan Avropa isə yüz il əvvələ qayıdaraq qondarma erməni soyqırımını qəbul etməklə, əslində, yüz il əvvəl Atatürk Türkiyəsinə qarşı müharibədəki biabırçı məğlubiyyətinin qisasını almağa çalışır.

Erməninin kim olduğunu, “erməni soyqırımı”nın uydurma və yalandan başqa bir şey olmadığını hamıdan gözəl bilən Avropa İslam və Türk dünyasına qarşı nifrətini gizlətməyə belə çalışmır. 20-ci yüzildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı qondarma dövlət yaradılıb, son qarışına qədər Azərbaycan türklərinin yaşadığı 29,8 min kv.km ərazidə azərbaycanlı əhali soyqırımına məruz qalıb, bu azmış kimi, 1990-cı illərdə Azərbaycan Respublikasının daha 20 faiz torpaqları işğal olunub, bir milyondan artıq azərbaycanlı 25 ildən artıqdır qaçqın həyatı yaşayır. Amma Avropa susur, dünya susur! Nəinki işğalçı, terrorist Ermənistana “dur” demir, hətta onun müdafiəsinə qalxır.

Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, bütün Azərbaycan qaçqınları adından Vatikan kilsəsinin və Avropa Parlamentinin bu ikiüzlü, ədalətsiz qərarlarını pisləyir və qətiyyətlə rədd edirik! 

Bəyanat Modern.az saytına  Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli tərəfindən təqdim olunub.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə