Modern.az

Zərərçəkənlərin “AMAY” rəhbərinin məhkəməsinə məcbur gətirilməsi müzakirə olunacaq

Zərərçəkənlərin “AMAY” rəhbərinin məhkəməsinə məcbur gətirilməsi müzakirə olunacaq

17 Aprel 2015, 12:25

Aprelin 17-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.

Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə “Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan 1 nəfər dindirilib: “O ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslərdən heç bir tələbi yoxdur. 8 nəfər zərərçəkənin şikayətlərinin olmadığı haqda notarial qaydada təsdiq olunan ərizələr də məhkəməyə təqdim olundu.

 İclasda çıxış edən Abdulla Abdullayev ümumilikdə “Xudafərin” MMC-də tikintiyə başlamasından, tikintinin dayanmasından, vətəndaşlara alqı-satqıda nə dərəcədə güzəştlərin olunmasından, binanın bünövrəsinin möhkəmliyindən, tikintiyə vətəndaşlardan alınan pullardan artıq vəsaitin sərf olunması ilə bağlı geniş çıxış etdi. Eyni zamanda məqsədinin, ancaq vətəndaşlara yaxşı şəraitin yaradılması üçün evlər tikilib təhvil vermək olduğunu ifadə etdi. Abdulla Abdullayev onu da qeyd etdi ki, ondan asılı olmayan səbəblərdən tikintinin dayandırılması işi yubadıb.

Növbəti məhkəmədə zərərçəkən qismində tanınan şəxslərin məhkəməyə məcburən gətirilməsi müzakirə olunacaq. İclas aprelin 20-də davam edəcək”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. 

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə