Modern.az

Metyu Brayzanın nominasiyası ABŞ mətbuatında müzakirə edilib

Metyu Brayzanın nominasiyası ABŞ mətbuatında müzakirə edilib

Təhsil

21 Sentyabr 2010, 10:42

Sentyabrın 21-də Amerika Senatının Xarici Əlaqələr Komitəsində Metyu Brayzanın Azərbaycana ABŞ səfiri qismində nominasiyası müzakirə olunacaq.  Modern.az “Amerikanın səsi”nə istinadən bildirir ki,  Amerika mətbuatında Bryazanın Azərbaycana səfir nominasiyası geniş müzakirə olunub. 

Washington Times qəzeti amerikalı ermənilərin Bryazanın nominasiyası əleyhinə kampaniyanı gücləndirdiklərini yazır.  Adı çəkilən qəzetə müsahibəsində Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan bildirib ki, “hər bir addımı ilə Brayza düşdüyü quyunu bir qədər də dərin qazaraq Azərbaycanda ABŞ səfiri kimi xidmət etmək üçün səhv seçim olduğunu göstərir”.   
O, əlavə edib ki, Bakıda və bütün Qafqaz boyu mühüm diplomatik posta özü ilə əlavə yük gətirməyən və qərəzsiz adamın təyin edilməsi ABŞ maraqlarına daha yaxşı xidmət edərdi. Artıq Brayzanın əleyhinə düzənlənən kampaniyaya Kipr Hərəkət Şəbəkəsi də qoşulub. 
Washington Times bu mövqeyi Brayzanın Türkiyədə anadan olmuş həyat yoldaşının türkpərəstliyi ilə əsaslandırır.  Kiprli-amerikalılar şikayət edirlər ki, Brayza Şimali Kiprdə türk qüvvələrinin mövcudluğunu pisləməkdən boyun qaçırıb.  Onlar həmçinin Brayzanın Birinci Dünya müharibəsi illərində baş verən hadisələri “erməni genosidi” adlandırmaqdan imtina etməsini tənqid edirlər. Kaliforniyadan senator Barbara Bokser və Nyu Cersidən Bob Menendez birinci dinləmədə Brayzanı sual atəşinə tutmuş və xanım Bokser Brayzanın  səfir nominasiyasının təsdiqini dayandırmışdı.

Wall Street Journal
qəzeti senator Bokserin səfir nominasiyasına qarşı aparıdğı mübarizəni sərt tənqid edən redaktor məqaləsi ilə çıxış edib.  Barbara Bokserin Kaliforniyanı deyil, Ermənistanı təmsil etdiyinə eyham vuran yazıda Metyu Brayza seçki siyasətinin və dar maraqlardan çıxış edən etnik lobbiçiliyin qurbanı kimi təsvir edilir.

“Cənab Brayzanın namizədliyinə ən kəskin müxalifət Amerika Erməni Milli Komitəsindən qaynaqlanır.  Nüfuzlu lobbi qurumu iddia edir ki, cənab Brayza Ermənistanın regional rəqibləri olan Azərbaycan və Türkiyəyə meyl göstərir.  Sübut kimi onlar türk əsilli Zeyno Barana istinad edirlər,”- deyə yazıda bildirilir. 

Halbuki Zeyno Baran hazırkı türk iqtidarını dəfələrlə tənqid edib və cənab Brayzanın həm Ermənistan, həm də Azərbaycan hökumətləri ilə yaxşı münasibətləri var.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü