Modern.az

Razi Nurullayevin KƏNDİ: “Sevgi yasaq olunmuşdu” - RUBRİKA

Razi Nurullayevin KƏNDİ: “Sevgi yasaq olunmuşdu” - RUBRİKA

21 Aprel 2015, 12:49

Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə tanınan siyasətçi, “Yeni Demokratiya” Hərəkatının rəhbəri, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev doğulub-böyüdüyü İmişli rayonunun Xəlfəli kəndi, oradakı uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:

Razi Nurullayev o yerləri, o illəri belə xatırlayır: 

Mənim kəndim…

- Kəndimiz Xəlfəli adlanır. İmişli rayonunda yerləşən bu kəndi şoran torpaqları və kəskin iyli yovşanları ilə sevmişəm. Hərdən yovşan iyi üçün Bamsı Beyrəyin çəkdiyi xiffət qədər darıxıram. Tozlu yolları indi asfalta dönsə də, amma xatirəmdə maşınlar gedən zaman hər tərəfi bürüyən toz-duman qalıb.  Aran kəndi olduğu üçün durna gözlü bulaqları yoxdur. Suyu Araz çayından süni qazılmış arxlar vasitəsilə gəlir. Adamlar onu xüsusi quyularda duruldub içirlər. Nə SSRİ zamanı, nə də indi kəndimizdə qaz olub. Buna görə də insanlar qışda özlərinə normal şərait qura bilməyiblər. Kəndimizin bəzəyi əkinçilik sahələridir. Yüz hektarlarla pambıq, taxıl və qarpız, yemiş, pomidor, soğan və digər bostan-tərəvəz məhsulları əkilir.  

Kəndimiz may ayında daha gözəl olur, ağaclar çiçək açır, bağçalar gülə-çiçəyə bürünür. Hər tərəfdən gələn gül-çiçək ətri adamı məst edir.

O kənddəki uşaqlıq illəri

-Deməzdim ki, kənd həyatımız çox gözəl keçib. Yox, əslində çox çətin və keşməkeşli bir kənd həyatımız olub. Yadımdadır, qışda soyuqdan, dizə qədər çıxan palçıqdan, yayda istidən və qara milçəkdən əzab çəkərdik. Bütün bunlara rəğmən, yenə də o kənd mənim üçün əzizdir, elə keşməkeşli yolları, soyuğu və istisi ilə.

Yayın qızmar günəşində özümüzü palçıqlı suya vurar və sərinlənərdik. Uşaqlar bir-birindən qisas almaq üçün bəzən çimdikləri yerə boş şüşələri sındırıb tökərdilər. Bir də görərdik ki, su al qana boyandı. Qışda isə sobada yandırılan kərmənin iyi və tüstüsü paltarımıza və bədənimizə hopardı. Çünki külək sobanın hisini və tüstüsünü qaytarıb evə doldurardı.

Kənddə oturub şəhərin həsrətini çəkirdik. Yadımdadır ki, Bakıya gedib-gələn adama kənddə bir neçə gün hörmət qoyardılar. Hamı onun şəhər qoxusunu almaq və onun bir az da şişirdərək danışdığı şəhər nağıllarına qulaq asardı. Bakıya gedib-gələnlər ləhcələrini də dəyişirdi və biz də buna çox gülərdik.

Tez-tez dalaşardıq. Ağzımız-burnumz qana boyanardı. Dava da çox zaman top üstündə olurdu. Parça və paltar qırıntılarından hazırladığımız topla oynayar və bütün oyunların da sonu dava ilə bitərdi.

Balıq tutmağa gedirdik. Mayın 1-də - beynəlxalq əmək günündə yemək-içmək götürüb piknikə gedir və axşama kimi əylənirdik. Elə ilk dəfə də spirtli içkini belə günlərin birində dadmışdım.

Heç zaman unudulmayan xatirələr


-Ətrafımdakıların çoxu siqaret çəkirdi. Uşaqlar avtomobil yolu boyu gəzər və atılmış siqaret kötüklərini toplayardılar. Mən də onlarla bərabər olurdum. 10-cu sinifdə oxuyanda valideynlərim məni danlamışdı. Gedib bir qutu “İnter” siqareti aldım və onu həyətimizdə bir ağaca söykənib çəkməyə başladım. İlk dəfə tüstünü içimə çəkdim. Yaxşı ki, ağaca söykənmişdim. Bir neçə qullabdan sonra başım hərləndi. Yıxılıb ağacın dibində qaldım. Beləcə, siqaret sərgüzəştim başladı. Amma heç zaman gündə 5 ədəddən artıq çəkə bilmirdim. Bu macəra bir neçə il davam etdi, indi isə siqaret çəkmirəm.

Bir dəfə gecə vaxtı siqaret çəkə-çəkə evə gəlirdim. Arxadan maşın gəldiyindən siqareti əlimin içində gizlətdim. Maşın saxladı və bu zaman siqareti tez yerə atdım. Maşını saxlayan bizə coğrafiyadan dərs deyən Camal müəllim idi. Dedi ki, Nurullayev, siqareti götür və çək. Maşını sürüb getdi. Bu günə kimi o epizodu unuda bilmirəm. O, söz məni qılıncdan pis kəsmişdi.

Bizi məktəb açılandan noyabr ayına kimi pambıq yığmağa aparırdılar. Məktəb bağlanırdı. Qızmar günəş altında pambıq yığırdıq. Həyatımda pambıq yığımı qədər çətin bir peşə görmədim. Nifrət edirdim. Əslində hamı nifrət edirdi. Müəllimlər də üstümüzdə dayanırdı. Hər dəfə də uşaqlar narazılıq edəndə müəllimlər deyərdi ki, bu Lenin babanın tövsiyəsidir. Bir dəfə dedim ki, “Lenin mənim babam deyil”. Müəllimlərdən biri qulağımı bərk dartıb dedi: “Yaxşı ki, bunu çox adam eşitmədi, yoxsa gecə ilə ata və ananı tutub aparardılar”. 



O kənddəki evimiz

-Kənddə normal evimiz olmayıb. 10-cu sinfi qurtaran zaman biz də daşdan ev tikdirdik. Amma mən orada çox az yaşadım. Əsgərlikdən bir il sonra Bakıya daşındım. Atam ustadır və kəndin yarısının evini o tikib. Amma nədənsə  bizim evimiz yox idi. İkiotaqlı ev və qarşısında zal. Torpağın üzərinə palaz salıb otururduq. Hər gün də palazlar yerdən su çəkərək nəm olurdu. Yağış yağan zaman bir neçə yerdən evin içinə damırdı. Evimizin belə olmasının səbəbi atamla-anam arasında olan anlaşılmazlıq idi. Atam əslində Xəlfəlidə ev tikmək istəmirdi. O, dədə-baba yurduna - Masallıya dönmək, anam isə İmişlidə öz qohum-əqrəbası ilə qalmaq istəyirdi.

Məktəbimiz

-Oxuduğum məktəbin binası köhnə idi. İndi sökülüb və yerində daha müasiri tikilib. Məktəbimiz kömür sobası ilə qızdırılırdı. Bizim üçün məktəbdə ən əziz saat müəllimin dərsə gəlməməyi olurdu. Bu zaman topu müəllim otağından alıb futbol oynayırdıq. Məktəbimizin əkin sahəsi də var idi. Amma indi heç nəyi qalmayıb. Qız uşaqları məktəbə maksimum 6-cı sinfə kimi gəlirdilər. Bundan sonra valideynləri  onları məktəbə buraxmırdılar. Beləcə, qız uşaqları “Tükəzban”a çevrilirdilər. İndi isə deyəsən, vəziyyət azacıq dəyişib.



Borclu olduğum müəllimlər...

-Mənə dərs deyən bütün müəllimlərə borcluyam. Ədəbiyyat və Azərbaycan dilindən dərs deyən Famil və Ərkivan müəllimləri xoş hisslərlə xatırlayıram. Famil müəllim deyirdi ki, “sənin yaxşı gələcəyin olacaq, amma xəttin çox pisdir”. İmla yazanda yüksək qiymət verirdi, amma deyirdi ki, “xəttinə heç  “2” də düşmür”. Doğurdan da xəttim çox pisdir. İndi kompüter məni xilas edir. Qubuş, Siyab, Xəlil, Şahsuvar, Vəzir, Əlyar, Famil, Camal, Kamal, rəhmətlik Məhəmmədəli, İbadulla və digər müəllimləri hər zaman xatırlayıram.

Kəndimizin özəlliyi və gözəlliyi

Kəndimizin özəlliyi seyidlərə və pirlərə çox inanclı yanaşması, gözəlliyi isə insanları ilə yanaşı, yəqin ki, taxıl zəmiləridir. 

Kəndimiz: əvvəllər və indi...

Kəndimiz əvvəllə müqayisədə çox böyüyüb. Mənim balıq tutmağa getdiyim və at çapdığım sahələr indi yaşayış məskənidir. Kəndimizin heç zaman asfalt yolu olmamışdı. Keçən il kəndə asfalt yol çəkilib. Keçmişdə kənddəkilər daha ənənəyə sadiq və bir az da mühafizəkar idilər. Amma indi qloballaşma və kompüter əsri ora da ayaq açıb.

Yaddan çıxmayan sevgi...


Kəndimiz, dediyim kimi, çox mühafizəkar idi. Sevgi bəlkə də yasaq olunmuşdu. Ona görə də hər kəs xəyalında və gizlində sevirdi. Uşaqlarla oturub gözəl qızlardan danışırdıq. Xəyallar qururduq, onları suda batırıb, sonra da xilas edib qəhrəman olurduq. Don Kixot kimi yel dəyirmanları ilə savaşırdıq. Hə, bizim sevgimiz Don Kixotluq idi. Uzaqdan-uzağa sevdiyimiz çox olub və hamısı da gözümüzün önündə başqasına ərə gedib. Uşaqlıq sevgisi ötəri hissdir və zaman-zaman unudulur. Amma təbii ki, ən xoş xatirə kimi yaddaşlardan silinmir.

Bizi darıxdıran kənd

-Əslində insan yaşlaşdıqca kəndinə dönmək istəyir. Kənd sakitdir, gözəldir və havası da xoşdur. Kənd məni yormur, amma arzularla kənd imkanları uyuşmur. Kənddə karyera qurmaq mümkün deyil, kənddə böyümək və inkişaf etmək də mümkün olmur. Onun üçün, açığını deyim, kənd məni darıxdırır. Tez şəhərə dönmək və yarımçıq işlərimi tamamlamaq istəyirəm. Azərbaycan kəndlərinin infrastrukturu da yox dərəcəsindədir. Onun üçün bizə nə qədər doğma olsa da, kənd bizi darıxdırır.

Yaddan çıxmayan ata şilləsi

-Atam məni hər zaman dərs üstündə döyüb. O, bizim əlaçı olmağımızı istəyirdi. Görürdük gəlir məktəbə və müəllimlərlə danışır. Ürəyimiz ayağımızın altına düşürdü. Bir dəfə tezdən dərsə gedəndə, dedi ki, dərsini danış get. Dərsi danışa bilmədim və şillə yedim. Yadımdan çıxmayan şillədir. Amma unutmadığım bir an da var. Bir dəfə atam mənə yaxşı oxuduğuma görə bütöv yüzlük verdi. O yüzlüyü sonra anam əlimdən aldı. Atama da irad tutub dedi ki, uşağı pis öyrətmə.



Unutmadığım danlaq

-Məktəbdə sinif nümayəndəsi idim. Bir dəfə uşaqlar müəllimlərdən birinin şəklini yazı lövhəsinə çəkmişdi. Müəllim bunu görüb bərk əsəbiləşdi. Məktəb direktorunu çağırdı. O da qışqır-bağır saldı və tələb etdilər ki, bunu edənin adını açıqlayım. Çox pis bir vəziyyət yaranmışdı. Bir tərəfdə sinif yoldaşlarım, digər tərəfdə sinif rəhbərimiz və məktəbin direktoru. Görmədiyimi söylədim. Direktor bərk danladı və hətta mənə attestat verməyəcəyi ilə hədələdi. Çox ağır gün keçirdim və təbii ki, zamanla hər şey ötüşdü və unuduldu...

Bir gün möhkəm savaşmışdım

-Bir gün möhkəm savaşmışdım. Çox möhkəm. Məndən polis idarəsinə şikayətə getmişdirlər. İş sonunda  məhkəməyə çıxarıldı. Yadımdadır, məhkəmədə ötkəm danışdım və qışqır-bağırla özümü müdafiə edirdim. Sonunda, hakim hər ikimizə eyni cərimə qərarı çıxardı. Qarşı tərəf isə mənim həbs edilməyimi istəyirdi. Həkimdən kağız da gətirmişdilər.

O kənddə qoyub gəldiklərim

-Kənddə anam və atam qalıb. Bakıdan müalicədən yeni göndərmişəm kəndə. Onun üçün şəhər evi bir zindandır.  O, saçlarını toyuq-cücəyə, mal-qaraya baxaraq, əkib-becərərək ağardıb. İnsanı doğulduğu yurda bağlayan birinci bağ ata və anadır. Övlad onlar üçün qayıdır qoyub gəldiklərinin yanına. Yaşadıqları zaman baş çəkməyə, dünyalarını dəyişdiyi zaman isə məzarlarını ziyarət üçün gedir o kəndə. Əsasən ata və anamı görmək üçün gedirəm. Onlar həm də qardaş və bacıları bir-birinə bağlayan tellərdir. Kənddən gələn telefon zəngi görəndə, hər dəfə içimdə nəsə qırılır. Qorxuram ki, məni sevindirməyəcək bir xəbər versinlər. Qoyub gəldiklərimin  - anamın, atamın, bacı və qardaşlarımın yanına dönmək və hər dəfə onları həyatda görmək istəyim yatır içimdə. Başımdan bu duyğular çıxmır və bəlkə buna görə də fikir dağınıqlığı və narahatlıq məni tərk etmir.









Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir