Modern.az

Bir daha “Qarabağ muzeyləri” haqqında

Bir daha “Qarabağ muzeyləri” haqqında

Təhsil

22 Aprel 2015, 14:32

1988-ci ilin fevralından başlanan Ermənistan Silahlı Qüvvələrinin təxribatları sonda ərazilərimizin  iyirmi fazinin itirilməsi ilə nəticələndi. Araşdırmalar göstərir ki, işğal altında və ümumlikdə münaqişə zonasında ölkəmizə məxsus 35-40%-lik maddi-mədəni irs  nümunələri Ermənistan Silahlı Qüvvələri tərəfindən ya məhv edilib, ya da belə bir  təhlükəylə üz-üzə qalmışdır.

 

“Qarabağ muzeyləri” layihəsinin ideya müəllifi olaraq artıq üçüncü ildir ki, bu istiqamətdə araşdırmalarımızı davam etdiririk. Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırlımasına, habelə beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaların yayılmasına nail olmaqdır.

 

Bu günədək gəldiyimiz nəticə odur ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında  ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan  31 muzeydən, 29 rəsmi  statusla, ikisi - Şuşa qalası Gəncə qapısının yanında “Daş sənətkarlığı Muzeyi”  və “Molla Pənah Vaqifin məqbərə muzey kompleksi” ictimai əsaslarla fəaliyyət göstərmişdir. Hesablamalara görə,  ümumi   mövcud olmuş 125 min  ədədə yaxın eksponatdan bu gün 103 minlik daşınan eksponat fondu  Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir. Yüzlərcə daşınmaz tarixi abidələrimiz isə mənfur qonşularımız tərəfindən erməniləşdirilib.

 

Beləliklə, xeyli vaxtdır üzərində çalışdığım “Qarabağ muzeyləri” layihəsində yeni məqamları üzə çıxarmağa nail olmuşam.

 

Mətləbə keçməmişdən əvvəl bir məqamı qeyd etməliyəm ki, sözügedən ideya ilkin olaraq mənimdə vaxtı ilə çalışdığım Söz Azadlığını Müdafiə Fondunun əməkdaşlarının iştirakıyla Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində gerçəkləşdirmək mümkün olmuşdur.

 

Araşdırmalar zamanı ictimai əsaslarla fəaliyyət göstərən və fondunda kifayət qədər eksponat olan üç muzeyin olduğu aşkara çıxarılmış və məlum olmuşdur ki,  işğaldan əvvəl Ağdamda  Süleyman Sani Axundovun ev muzeyi və Xurşud Banu Natəvanın xatirə muzeyi, habelə Şuşada  isə “Dərman bitkiləri muzeyi” fəaliyyət göstərmişdir.

 

***

 


Süleyman Sani Axundovun ev muzeyi onun doğuldugu Seyidli kəndində idi. Seyidli kəndi isə o illərdə artıq şəhərə qarışmışdı. Ötən əsrin 70-ci illərində  dramaturqun adını daşıyan küçədə xeyli abadlıq işləri həyata keçirilmiş, hətta həyatyanı sahələri keçməklə küçə üzü Sarıhacılıyadək uzadılmışdı.  S.S.Axundov küçəsinin Sarıhacılı kəndi istiqamətindəki hissəsində  20 maşınlıq avtomobil təmir stansiyasının inşası küçənin çəkisini bir qədər artırmışdı. Bundan əlavə Şuşa, Laçın və Xankəndi istiqamətində gedən bütün marşrutlar şəhərin mərkəzinə daxil olmadan məhz bu küçə vasitəsiylə gedirdilər. S.S.Axundov küçəsi həm mərkəzi, həm də işlək küçələrdən idi.

 

Ev muzeyi  1975-ci il oktyabrında dahi dramaturqun  yüzilliyi ərəfəsində  43 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin inşaatçıları tərəfindən  yenidən inşa edilərək ziyarətçilərin ixtiyarına verildi. Bundan xeyli əvvəl isə dramaturqun adını daşıyan küçənin baş tərəfində, yəni “soyuztransla” üzbəüz bağda onun heykəli də ucaldılmışdı. Ancaq bundan bir qədər sonra yəni 1985-ci ildə  heykəlin yeri dəyişdirilərək muzeyin həyətinə köçürüldü.  Qeyd edilməlidir ki,  Xan çinara bürünmüş həyət səliqə-səhmanı ilə daim seçilirdi.

 

Səksəninci illərdə  rayonda mədəniyyət şöbəsinin müdiri işləmiş Çimnaz Əliyeva bizimlə söhbətində bildirdi ki, binada olan otaqların  birində yerləşən muzeydə dramaturqa aid edilən yüz əlliyədək eksponat toplanılmışdır. Burada onun geyimlərindən tutmuş əlyazmalaradək müxtəlif eksponata rast gəlmək olardı. Ev muzeyinin yerləşdiyi binada həmdə S.S.Axundovun adını daşıyan rayon uşaq kitabxanası da fəaliyətdə idi. 1977-ci ildə kitabxananın fondunda 6640 kitab fondu var idi.  Kitabxananın müdiri vəzifəsini isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin  məzunu  olmuş Nazilə Hüseynova   icra edirdi. Ştatda olan yeddi nəfərdən iki nəfəri məhz muzeyin fəaliyyətinə nəzarət edir, gələn qonaqları müşaiyət edirdi.  Füruzə Rəsulovanın 1977-ci ildə “Lenin yolu” qəzetinə yazdığı məqalədə qeyd edir ki, “kitabxananın 340 nəfər daimi oxucusu vardır. Kitabxanaçı Səkinə Eyvazova uşaqlara kitab təbliğində fəallıq nümayiş etdirir. Muzey-kitabxanada keçirilən tədbirdə şəhər 8 nömrəli və Seyidli orta məktəbin şagirdləri yaxından iştirak edirlər.”

 

Maraq doğuran sual ondadır bu mədəniyyət ocağı muzey kimi niyə qeydiyyata alınmayıb, yəni dövlət statusu verilməyib.  O dövrdə çalışmış ziyalılarla söhbətdən sonra belə qərara gəlmək olar ki, uşaqlarda kitaba olan maragı artırmaq və  xüsusəndə  S.S.Axundovun yaradıcılığında uşaq  mövzunun üstünlük təşkil etdiyindən belə bir qərar verilmişdir. Kitablar vasitəsiylə uşaqlarda S.S.Axundovun həyat və yaradıcılığına maraq yaradılırdı.  Xatırladaq ki, bu ilin oktyabrında dahi həmyerlimizin anadan olmasının 140 illik yubileyidir.

 

***

 

Xurşud Bani Natəvanın Ağdamla çox böyük bağlılığı var idi. Bu şəhərdə həm özünün, övladlarının mülkləri olmaqla yanaşı, həmdə ailə qəbirstanlığı (İmarət) bu şəhərdə idi.  Tanınmış şairənin 1982 - ci ildə 150 illik yubileyinə həmyerliləri də ciddi şəkildə hazırlaşırdılar. Həmin ilin may ayında ilk ilaraq Natəvan Qızlar bayramı  keçirildi. Bununla bağlı  əməkdar mədəniyyət işçisi Cimnaz Əliyevanın fikirləri diqqətimizi daha çox çəkdi.

 

Çimnaz Əliyeva: “Ağdam  bu bayrama ciddi çəkildə hazırlaşmışdı. Həmin  illər dünya şöhrətli alimimiz Xudu Məmmədov,  şair Famil Mehdi və Şahmar Əkbərzadə elə bir ay olmurdu ki şəhərə gəlməsin. Onlar hər gəlişiylə birinci katib Sadiq Murtuzayevə hansısa təklifi verməliydilər. İmarətdə təmir bərpa işlərinin aparılması, X.B.Natəvanın qəbrüstü abidəsinin yenilənməsi və  şairənin büstünün  qoyulması da həyata keçirilmişdi. Məhz həmin ərəfədə tarix - diyarşünaslıq muzeyinin sərgi salonu“İmarətə”  köçürülmşdü. İmarətə bitişik iki böyük otağın birində isə xatirə muzeyi təşkil etmək təklif olundu. Yadımdadı ki, az müddət ərzində şairəyə məxsus yüzdən artıq hörmə, geyim və  əlyazmaların surəti yığıldı. Muzey ictimai əsaslarla fəaliyyət göstərəsi oldu.  Mədəniyyət şöbəsinin və tarix diyarşünaslıq muzeyinin hər birindən bir əməkdaş  muzeyin fəaliyyətinə nəzarət edir və ziyarətçiləri muzeylə tanış edirdilər.”

 

***

 

 

Ötən əsrin səksəninci illərində ölkəmizdə otlarla müalicəyə diqqət artırılmışdı. İlk olaraq İçərişəhərdə fəaliyyətini bu gündə davam etdirən “Yaşıl aptek – muzey” açılmışdı. 1984-cü ildən fəaliyyətə başlayan “Yaşıl aptek-muzey” bu gün fito-aptek kimi xidmətini davam etdirir.

 

Həmin ərəfədə Şuşanın Təzə məhəlləsində Kərim bəy Mehmandarovun yaşayış kompleksindəki məscid binasında “Dərman bitkiləri  muzeyi” fəaliyyətə başladı. Bura həmdə “Yaşıl aptek- muzey” adlandırılırdı. Bu muzeyin açılması ilk növbədə Şuşa təbiətinin qorunması  yolunda atılan uğurlu addımlardan hesab olunur. Muzeyin Azərbaycanda tibb elminin banılərindən hesab olunan Kərim bəy Mehmandarovun  kompleksində  açılması da rəmzi məna daşıyırdı. Xatırladaq ki, Kərim bəy Mehmandarov inqilabdan əvvəl Şuşada dərman bitkiləriylə müalicənin ən samballı mütəxəssislərindən hesab olunur.

 

Muzeydə yüzlərlə quru bitkilərlə yanaşı, milli təbabətimizdə istifadə olunan qab-qacaqlar - saxsıdan yonulmuş bel küpü, mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülabqabı, sənətkarlıqla düzəldilmiş kasa və camlar sərgilənirdi. Muzeydə həmçinin Şuşada tanınmış tibb biliciləri olan Mirzə Sadıq, Mirzə Cavad, Məmmədqulu Qarabağı, Mirzə Hüseyn və Kərim bəy Mehmandarov haqqında bilgilər  nümayiş etdirilirdi.

 

Muzeydə ayrıca bir bölmədə  XX əsrin tanınmış ziyalıları-Mir Mövsüm Nəvvab, Səttar Əsədov, Validə Tytayuq haqqında    foto və yazılı məlumatlar sərgilənirdi.

 

Qeyd edim ki, muzeyin fəaliyyət göstərdiyi binada, həmdə  666 saylı aptek fəaliyyətdə idi. O illərdə muzeyin direktoru vəzifəsini Əmirşah Məmmədov icra edirdi. Muzeyə xarici qonaqların maraq göstərdiyini nəzərə alaraq izahlar ana dilimizlə yanaşı, həm  rus, həmdə ingilis dilində verilmişdi...

 

Beləliklə, deyilənlərdən belə qənaətə gələ bilərik ki, işğal altında və münaqişə zonasında 34 muzeyimizin 29-u rəsmi statusla, digər beşi isə ictimai əsaslarla fəaliyyət göstərmişdir. Bu muzeylərin onu Şuşada, altısı Ağdamda, üçü Zəngilan və Füzulidə, ikisi Laçın, Xocavənd  və Cəbrayılda, biri isə Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Qubadlı və Kəlbəcərdə fəaliyyət göstərmişdir. Üst-üstə muzeylərimizdə sərgilənən eksponatların sayı 125 mindən artıq olmuşdur.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!