Modern.az

“Xalq ulduzu” yarışmasının ifaçısı: “Telekanallar efirə çıxmaq üçün pul istəyirlər” - MÜSAHİBƏ

“Xalq ulduzu” yarışmasının ifaçısı: “Telekanallar efirə çıxmaq üçün pul istəyirlər” - MÜSAHİBƏ

22 Aprel 2015, 15:58

Şəhla Həmidova: “Xalq mahnısı oxuyanda ağız büzürlər”

Bir vaxtlar ATV-də yayımlanan “Xalq ulduzu” yarışmasının ifaçısı, “Dan ulduzu” instrumental ansamblının solisti  Şəhla Həmidova Modern.az saytına müsahibə verib:

- Hazırda Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının solistiyəm. Yaradıcı heyətlə bərabər bir çox klassik bəstəkar və xalq musiqiləri üzərində çalışırıq. Bundan başqa, özüm fərdi şəkildə bir neçə mahnı üzərində işləyirəm. Konsert vermək, layihələr hazırlamaq üçün kifayət qədər maliyyə lazımdır.

- “Dan ulduzu” ansamblı bir zamanlar  çox populyar idi. Ansamblın hazrıki durumu necədir?

- Ansambla hələ ki dövlət statusu verilməyib. Ancaq həm biz solistlər, həm də musiqiçilər bacardığımız qədər əlimizdən gələni edirik  ki, Gülarə xanım rəhmətliyin dəst-xəttindən kənara çıxmayaq. Bildiyiniz kimi, “Dan ulduzu” hər zaman indiki artmaqda olan və baş alıb gedən ürəkbulandırıcı bayağı musiqilərdən uzaq olub. Biz də bu gün həmin bayağılıqdan tamamilə uzaq olub “Dan ulduzu”nun xəttinə sadiq qalmağa çalışırıq. Mən şəxsən öz adımdan buna əməl edirəm. Doğrudur, o ansamblda bayağı musiqi onsuz da yoxdur. Amma ifa tərzindən də çox şey asılıdır. Bayağı musiqi ilə bərabər bayağı boğazlardan da qaçmaq lazımdır. Çalışırq ki, bizə ötürülən estafeti layiqincə qoruya bilək.
Bədii rəhbər əməkdar artist Tariyel Abbasovdur. Məni də bura o dəvət etdi. Ötən il həm ansamblın 45 illiyi, həm də Gülarə Əliyevanın 80 illiyi münasibətilə Dövlət Filarmoniyasında konsert verdik. Hələ ki başqa konsertimiz olmayıb. Görək, bundan sonra necə olacaq.

- Siz “Xalq ulduzu” musiqi yarışmasından sonra tanındınız. Bir neçə ildən sonra ciddi musiqi təbliğ edən həmin yarışmanın davamı gəlmədi. Necə düşünürsüz, televiziyalardakı bayağılığın artdığı dönəmdə o yarışmanın yeri hiss olunur?

 - Biz “Xalq ulduzu”nun ilk yarışmasının iştirakçısı olmuşuq. İlk buraxılış çox böyük rezonans doğurdu. Çünki həqiqətən də səviyyəli bəstəkar və xalq musiqiləri elə səviyyəli şəkildə də ifa olunurdu. Biz o zaman Ağacəbrayıl Abbasəliyevdən çox şeylər öyrəndik. Bizi yönləndirən o idi. Gərək düzünü deyəsən. Birmənalı anlaşılmasa da, deməliyəm ki, səsi yalnız öz qulaqlarına çatan bəzi müğənnilər elə hey “mənəm”, “mənəm” deyirlər, keçmişi unudurlar. Amma mən dana bilmərəm. O zaman o müəllimdən çox şeylər öyrəndim. Elə indi də musiqi bilicilərindən, yaxşı ifaçılardan nəsə öyrənirəm. Daha sonra “Xalq ulduzu”nun ikinci, üçüncü, dördüncü buraxılışları da oldu. Mən, əslində o yarışmanın dayandırılmasına razı idim.

- Niyə?

- Keyfiyyətli seçimlər artıq get-gedə azalmaqda idi. Fikrim yanlış anlanılmasın, bir şeydən çox olanda sonradan ürək bulandırır. O mənada ürək bulandırır ki, artıq kəmiyyət keyfiyyəti öldürür.

Bayağı musiqilərə gəldikdə, bu, mənim də yaralı yerimdir. Bu gün müğənnilər ya efirdə, ya da toyda oxuyurlar. Başqa harada oxuyurlar ki?! Konsert də ildə-ayda bir dəfə olur. O zaman hər müğənni cəmi bir mahnı ifa edə bilir. Bizim ifa etdiyimiz yerlər əsasən toylardır. Toylarda klassik musiqilər ifa edən zaman camaatın üzündə elə bir ifadə görürəm ki, sanki, baxışları ilə “bu nədir oxuyursan” deyirlər. Hərdən elə mahnı sifariş edirlər ki, özüm mat qalıram.Həmin adamlara deyirəm ki, mən heç belə mahnı ifa edənə oxşayıram?! Amma tək mənimlə və mənim kimi 3-4 adamla da iş bitmir. Bir neçə adam bayağı musiqi ifa etməsə, vəziyyət düzəlməyəcək!

Sovet dövründə böyüdüyümə görə indi fəxr edirəm. Nə yaxşı ki, əsl sənətkarların ifalarını dinləmişəm. Nə yaxşı ki, Elmira Rəhimovanı, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Nəzakət Məmmədovanı, Gülağa Məmmədovu, Oqtay Ağayevi dinləyə-dinləyə böyümüşəm. İndiki zamanda böyüsəydim və indiki musiqiləri dinləsəydim, axırımın necə olacağını təsəvvür etmirəm...

- “Xalq ulduz”undan sonra sanki efirdən uzaqlaşdınız. Bunun səbəbi nə ilə bağlı idi?

- Hər zaman açıq-şkar demişəm ki, əvvəl də, indi də efirə çıxmağım  problem  olub. Nəyə görə? Çünki efirlər pulludur və ifaçıdan da efir müqabilində müəyyən məbləğ tələb olunur. Televiziyalardakı müğənni siyahısından da çox şey asılıdır. Əgər sənin adın o siyahıda varsa, pulsuz dəvət edirlər. Mənim adım o siyahılarda yoxdur. İndiyə qədər hansı kanal çağırıbsa,  hamısı sağ olsun. Amma mən pul verib efirə çıxmamışam. Əvvəla, maddi imkanım ona yol vermir. Çünki onların istədiyi məbləğ az deyil. İkincisi, mən niyə pul verib efirə çıxmalıyam ki?! Musiqini tək özüm üçün ifa etmirəm ki?! Bunu Azərbaycan xalqı, gələcək nəsil, musiqidən zövq alanlar üçün oxuyuram. Burada tək mənim mənafeyimdən söhbət getməməlidir.

İndi televiziyalara çağıranda da deyirlər ki, ancaq oynaq mahnılar oxuyun. Lirik mahnılara ehtiyac yoxdur. Nə qədər oynaq mahnı oxumaq olar? Əvvəla, oynayası gündə deyilik. O qədər problemlərimiz var...

İkincisi, lirik musiqiləri kimin üçün yazıblar?! Sən oxu, mən oynayım, nə qədər olar?! Bəs, mənəvi dəyərlər hara getdi? Musiqinin özü mənəvi dəyərdir, qidadır. Ancaq çalıb oynamaqla insanlara hansı qidanı vermək olar?! 

- Sizcə, televiziyalarda sadaladığınız problemlər hansı səbəblərdən yaranıb? Bəlkə, auditoriya ancaq bunu tələb edir?

- Auditoriya insandan çox şey tələb edə bilər. Biz müğənnilərdən də çox şey istəyə bilərlər. Amma insanlara həm də onların nə istəmək lazım olduğunu öyrətmək gərəkdir. Məsələn, bir müəllim sinifdə ola bilər ki, şagirdlər başına çıxsınlar, ona heç qulaq asmasınlar, ola da bilər ki, ona diqqətlə qulaq asıb nə isə mənimsəsinlər. Burada hər şey şəxsin özündən asılıdır. Biz çox layiqli ifaçıları dinləyirdik və onların təsiri altında böyüyürdük, indiki nəsil də kaş elə böyüyə bilərdi. O zaman da toy var idi. Amma efir mədəniyyəti tamam fərqlənirdi. Bu gün televiziyalardan çıxmayan bayağı müğənnilər o zaman heç efirə yaxın da düşə bilmirdilər. Ancaq kasetləri satılırdı. Auditoriyanı düzgün istiqamətləndirmək lazımdır. Burada ifaçı maarifləndirmə işini də öz üzərinə götürməlidir. Hərdən oğlumda da görürəm bunu. Təsadüfən onun dinlədiyi musiqiləri eşidirəm. Soruşuram ki, bala, məndən bu cür mahnılar eşitmisən?! Onu da qınamıram, cavan uşaqdı, avtobusdan tutmuş hər yanda eşitdikləri ona öz təsirini göstərir.

- Biz nə zaman bizə lazım olan musiqilərimizi sevəcəyik?

- Hərdən xalq mahnısı oxuyanda ağız büzürlər. Sonra üzdəniraq qonşularımız o xalq, yaxud bəstəkar mahnılarını götürüb oxuyandan sonra hamı başlayır onları ifa etməyə. Vaxtilə mən həmin mahnını oxuyanda ağız büzürdünüz, bəs sonra nə oldu?

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi