“Azadlıq-2015” seçki blokuna daxil olan partiyaların sədrləri parlament seçkilərində iştirak etməkdə qərarlıdır. Bəs, bu bloka daxil olan partiya sədrləri hansı dairədən deputatlığa namizədliklərini irəli sürəcəklər?
Modern.az saytı bu sualla “Azadlıq-2015” blokuna daxil olan partiya sədrlərinə müraciət edib.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn:
“2010-cu il də Nəsimi rayonun 22 saylı seçki dairəsindən namizədliyim irəli sürülmüşdü. Həmin dairənin seçki komandası yenidən oradan namizəd olmağımı istəyirlər. Amma bizim partiya təşkilatının üzvləri Sabirabad, Saatlı və Kürdəmir rayonlarını əhatə edən 65 saylı seçki dairəsindən namizəd olmağımı təklif edirlər. Yəqin ki, bu iki dairədən birini secəcəyəm”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:
“Sumqayıt şəhərinə aid olan iki dairədən və ya rayonlardan birindən namizədliyimi verməyi planlaşdırıram. Hələ ki dairə dəqiqləşmədiyindən, dəqiq sayını deyə bilmərəm”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev:
“Hansı dairədən namizədliyimi irəli sürəcəyim hələ ki dəqiqləşməyib”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc:
“Ötən seçkilərdə Nərimanov və Nizami rayonlarını əhatə edən 18 saylı dairədən namizədliyimi vermişdim. Əgər bu il seçilərdə iştirak etsəm, həmin dairədən də namizədliyimi irəli sürəcəyəm. Amma seçkilərdə iştirak edib-etməməyimlə bağlı qəti qərarım yoxdur”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:
“2005-ci ildə Nərimanov və Nizami rayonları üzrə 18 saylı, 2010-cu ildə 15 saylı seçki dairəsindən namizədliyimi vermişdim. Bu il isə tam qərar verilməyib. Hazırda bununla bağlı iş gedir”.
Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər:
“Əvvəlki seçkilərdə Nərimanov rayonundan 19 saylı və Sumqayıt şəhəri üzrə isə 43 saylı seçki dairəsindən namizəd olmuşam. Bu il isə qərar verilməyib. Hələlik araşdırma aparırıq”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev:
“Hazırda bir necə variant var. Əvvəlki seçkilərdə Binəqədi rayonundakı 9 saylı dairədən bir necə dəfə nazmidəliyimi verib qələbə qazanmışam. Bu il isə Xətai rayonuna daxil olan bir necə dairə üzrə namizədliyimi verməyimi təklif ediblər. Hazırda bununla bağlı müzakirələr gedir. Hansı qərar qəbul olunsa, o dairə üzrə də namizəd olacağam”.
Aydınlar Partiyasının sədri: Qulamhüseyn Əlibəyli:
“2005 və 2010-cu illərdə keçirilən seçkilərdə Cəlilabad, Biləsuvar və Astara rayonlarını əhatə edən 69 saylı seçki dairəsindən namizəd olmuşam. Çox güman ki, bu il də eyni dairə üzrə namizədliyimi verəcəyəm”.
Sevinc Yasinqızı