Bu barədə Modern.az saytına komitənin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O qeyd edib ki, başçəkmə aprelin 21-də baş tutub:
“Qızıl Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb”.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər.
Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun nəşi danışıqlardan sonra həmin oktyabr ayının 2-də Azərbaycana qaytarılıb və dəfn olunub.
Girovluqda olan iki azərbaycanlıya qarşı “cinayət işi” açılıb. Dağlıq Qarabağdakı separatçı rejimin “birinci instansiya məhkəməsi”nin ötən ilin dekabrın 19-da keçirdiyi “proses"lə Dilqəm Əsgərovu ömürlük , Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
Gülşən RAUFQIZI