Kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 24-də Tərtər şəhərində Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, yonca toxumu təmizləyən avadanlığın alınması, su problemi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Heydər Əsədov sakinlərlə görüş zamanı ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamları ətraflı şərh edib, qəbul olunmuş sərəncam və qərarların bütövlükdə kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə hərillini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Heydər Əsədov Bərdə rayonunun Mehdili kəndində “Qarabağ” Aqrar Sənaye Kompleksində fermalarla, sağım sistemi ilə, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş səyyar yem sexinin iş prinsipi ilə tanış olub, həmçinin Bərdə Yem Fabrikində quraşdırılan müasir avadanlıqlara baxış keçirib.
Bərdə rayonunun Türkmən kəndində 500 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksinə gələn H.Əsədova məlumat verilib ki, inşasına ötən il başlanılan kompleksdə mexanikləşdirilmiş ferma, sağımxana, yem və su anbarları, silos quyusu, ofis, işçilər üçün otaqlar tikilib, “Aqrolizinq” xəttilə Almaniyadan 325 baş cins inək gətirilib.
Təsərrüfat rəhbərləri “Aqrolizinq” ASC-nin xəttilə gətirilən cins mal-qara və müasir kənd təsərrüfatı avadanlıqlarından bəhrələndiklərinə görə nazirə minnətdarlıqlarını bildiriblər.
Kənd Təsərrüfatı Naziri sonda Tərtər rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında tikintinin gedişi ilə tanış olub.
Modern.az