Modern.az

Azərbaycanda dövlət sığorta sistemi qurulmalıdır

Azərbaycanda dövlət sığorta sistemi qurulmalıdır

Təhsil

25 Aprel 2015, 10:40


İqtisadçı Qubad İbadoğlu Azərbaycanda tibbi sığorta sisteminin indiyədək qurulmamasına ciddi narazılığını bildirib.

Modern.az saytının verdiyi xəbərə görə, ekspert neft gəlirlərinin tükənmək üzrə olduğu bir məqamda tutarlı, vacib işlərə sərmayə qoyulmamasına qarşı çıxıb:  

“Azərbaycanın qazandığı neft gəlirləri bu ilə qədər 115 milyard dollar olub ki, onun da 78 milyardı artıq xərclənib və 37 milyardı isə saxlanılır. Neft gəlirlərimizin 67,8 faizinin xərclənməsinə baxmayaraq, hələ də Azərbaycanda nə gənc, nə də ahıl yaşlı ölkə vətəndaşları heç olmazsa ildə bir dəfə də olsun dövlət hesabına pulsuz tam tibbi müayinədən keçmir.  

Gənc oğlanlar yalnız hərbi xidmətə gedəndə formal olaraq tibbi yoxlanışa cəlb olunur. Qız övladlarımızın böyük əksəriyyəti isə hamilə olanadək tibbi müayinəyə müraciət etmir. Hətta onların bir çoxu hamiləlik dövründə də imkansızlıq ucbatından müntəzəm tibbi yoxlamalardan yayınır.

Ahıl ata-analarımız, əlil vətəndaşlarımız da daimi və tam tibbi nəzarət üzünə həsrətdirlər”.  

Qubad İbadoğlunun sözlərinə görə, xərclənən 78 milyard dollar neft gəlirlərinin 5 faizi də kifayət edirdi ki, Azərbaycan vətəndaşının sağlamlığının mühafizəsi üçün dövlət təminatlı tibbi sığorta sistemi qurulsun və heç olmasa uşaqlar müntəzəm müayinədən keçsin: “İki su kanalının tikintisinə 2 milyard manata (Oğuz-Qəbələ su kəmərinin çəkilməsi – 779,6 milyon manat, Samur-Abşeron kanalının rekonstruksiya edilməsi – 1 149,6 milyon manat) qədər vəsait xərcləyən hökümət ölkənin iqtisadi baxımdan “qızıl dövrü”ndə də bunu etmədi.

Yenə də gec deyil. İnsana dəyər verən, onun sağlamlığını qorumaq istəyən hakimiyyət vətəndaşına da sərmayə qoymalıdır.
Bir azdan gec olacaq, hətta istək yaransa da, bu islahat üçün maliyyə mənbəyi tapılmayacaq.

Artıq yığdığımız 37 milyard dollar da azalmağa başlayıb və ildən-ilə artan xərclər, məhdudlaşan gəlirlər onu da tezliklə “yeyəcək”. Odur ki, dövlət tibbi sığorta sistemi qurulmalı və ölkə vətəndaşlarının saglamlığına birbaşa kapital qoyulmalıdır”.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə