Modern.az

Məşhur tələbə yoldaşım: “Səhnədən düşəndə Aybəniz məni itələdi ki, “o yana dur”” - Aybəniz Haşımovanın tələbə yoldaşı - FOTOLAR

Məşhur tələbə yoldaşım: “Səhnədən düşəndə Aybəniz məni itələdi ki, “o yana dur”” - Aybəniz Haşımovanın tələbə yoldaşı - FOTOLAR

2 May 2015, 13:00

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasının bugünkü qonağı əməkdar artist, xanəndə, tanınmış muğam ifaçısı Zakir Əliyevdir. O, tələbə yoldaşı, dostu, əməkdar artist, müğənni Aybəniz Haşımova haqqında danışır.

“Kasıb uşaqlara da şərait yaradılmışdı ki, oxusunlar” 

-Aybəniz xanım məndən əvvəl Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunub. O, ilk qaranquşlardandır, yəni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olan ilk uşaqlardandır. Könül Xasıyeva, Pəri Həsənova, Aybəniz Haşımova-bunlar o vaxt bir qəbul olunublar. Amma mən 1983-cü ildə müsabiqə qalibi olub Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşam, Arif Babayevin sinfində oxumuşam. Aybəniz xanım isə Şövkət Ələkbərovanın sinfində oxuyub. Onda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində vəzifəli adamların övladları oxuyurdular. Amma biz hamımız kasıb ailələrdən gəlib o məktəbə daxil olmuşduq. Çünki kasıb uşaqlara da şərait yaradılmışdı ki, gəlib orada oxusunlar.  Belə ki, Allah ruhunu şad etsin, ulu öndərimizin qərarına əsasən, 1978-80-ci illərdə hörmətli xanəndələrimizin hərəsi bir rayona ezam olunmuşdu ki, oradan-bütün kəndlərdən istedadlı uşaqları seçib gətirib hökümət hesabına Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxutdursunlar. Biz də hərəmiz bir rayondan, kənddən yığılmış uşaqlar idik. Elə güclü müəllimlər heç bir təmənna güdmədən bizə dərs deyirdilər. O vaxt adi bir kənd uşağını gətirib Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul etdirmək çox böyük işdir ki, bizim üçün görülüb, dövlətimizin bizə qayğısı olub. Ruhu şad olsun, rektorumuz Nazim Əliverdibəyovun da doğrudan da bizə xüsusi diqqəti olub, bir ata kimi rəğbəti olub. Onu heç vaxt unutmuram.

Vallah, biz hamımız bir yerdə böyümüşük. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində bir yerdə oxuyan uşaqlar-hamımız bir atanın, bir ananın balaları kimiyikdik. O vaxtdan da o ünsiyyət, o səmimiyyət qoruyub saxlanılıb.

Aybəniz xanımla ilk tanışlığımız indiki Heydər Əliyev adına Sarayda olub. Mən müsabiqəyə gəlmişdim. Qalib uşaqlardan biri də mən idim. Çıxdım səhnədə “Samovar almışam silənim yoxdur” mahnısını oxudum. Səhnədən enəndən sonra Aybəniz xanım məni qucaqladı. Mən də balaca oğlan idim- boyum balaca idi, boyum elə bil üçüncü-dördüncü sinifdə oxuyan uşaqlar kimi idi. Aybəniz xanım da hündür idi. Məni qucaqladı, bağrına basdı. Dedi, “oyy, sən nə qəşəng oxuyursan. Neçənci sinifdə oxuyursan?”. Səkkizinci sinifdə oxuyurdum. Cavab verəndə ki, “səkkizinci sinifdə”, tez məni itələdi: “Ayy, o yana dur” (gülür).
Aybəniz xanımla tanışlığımız oradan başlayıb. Sonra bir yerdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxumuşuq. O vaxt bütün konsertlərdə, hökümət tədbirlərində çıxış etmişik. Yadımdadır ki, 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında Aybəniz xanımla bir yerdə çıxışımız olub, Azərbaycanı təmsil edirdik. Aybəniz xanım, Anar Ağayev ( o da gözəl müğənnimiz idi, indi deyəsən oxumur) və mən orada yaxşı çıxışlar etdik, Aftandil İsrafilovun ansamblı bizi müşayiət edirdi.

Sonra həmin ildə xalq artisti Arif Babayev Moskvada Böyük Teatrda “Leyli və Məcnun”u hazırlamışdı, Aybəniz xanımla orada çıxış edirdik. Bunlar əlbəttə, ömrümüzə yazılan unudulmaz günlərdi. Balaca uşaqların gedib Böyük Teatrda Arif müəllimlə bir səhnəni bölüşməyi... Möhtəşəm, çox gözəl ifamız oldu. Ulu öndərimiz də onda həmin konsertdə iştirak edirdi. O heç fəxri kürsüdə oturmamışdı, gəlib qabaqda oturmuşdu. Biz oxuyanda elə bil özünün zəhmətinin bəhrəsi kimi kövrəldi. O xatirələr unudulmazdır, həm də hər insanın həyatında yaşanmayan anlardı.  

“Aybəniz güclü qadındır”

-Aybəniz heç vaxt sakit olmayıb. Bəzi qızlar var, məsələn, sakit, dinməz, amma  Aybəniz xanım şən əhval-ruhiyyəlidir, həmişə də bizim uşaqlara bacı kimi qayğıkeş münasibət göstərib. Birinin kefi olmayanda onun əhvalını qaldırardı ki, darıxmasın. Çünki hamımız rayondan, kənddən, valideynlərdən ötrü darıxırdıq. Bir gün pulun olurdu, bir gün olmurdu. Yəni kənddən gələn necə olar... İndi də o uşaqlarımızla-hamımız münasibətimiz yaxşıdı, eyni qazanda  yemək bişib, hamımız o yeməkdən yemişik. Düzdür, bir neçəsi- Elçin Cəlilov, Xeyransa Məmmədova, Nüşabə vardı, dünyalarını dəyişiblər, Allah ruhlarını şad etsin.

Aybənizin uşaqlarımızın hamısına xüsusi münasibəti olub, məsləhət verib. Çünki Aybəniz özü musiqi ocağında böyüyüb. Bilirsiz ki, xalq artisti Şahnaz Haşımovanın bacısıdır. Bir var gəlib sonradan sənətə düşürsən, o mühitdə qaynayıb-qarışırsan. Amma bu adam elə uşaqlıqdan bu sənətin içərisində olub.

Aybəniz xanım səhnəyə çıxandan elə sənətkar idi. Bu insan səhnəyə çıxandan bugünkü günə qədər sevilib. Məsələn, Könül Xasıyeva idi, Aybəniz Haşımova idi, elə o vaxtdan sevilən sənətkarlar olublar. Düzdür, oğlanlarda bir az, məsələn, məndə müəyyən vaxt səsdəyişmə oldu, hərbi xidmət, filan, amma onlar həmişə seviliblər. Aybəniz xanım bizim gözəl sənətkarımızdır, xalqımızın fəxridir.

Aybəniz çox əziyyət çəkib, vaxt olub ki, səhhətində də problemlər yaşayıb. Çox əziyyətlə, zəhmətlə gəlib bu səviyyəyə çatıb. O, çox güclü qadındır. Hamımıza da enerji verir. Məsələn, həvəsdən düşəndə ünsiyyətdə oluruq, görürsən, enerji verir, yəni adamı sınmağa qoymur. Maşallah, çox mərddir, çox gözəl insandır.

“Birinci insan olmaq lazımdır, sonra sənətkar..”


-Aybəniz xanım həm də gözəl müəllimədir, yaxşı tələbələri var. Tələbələrindən Fərid Məmmədov “Eurovision”da yaxşı iştirak etdi. Mən onun dərslərində iştirak etmişəm. Aybəniz xanım təkcə müəllim kimi dərs keçmək, ancaq mahnı öyrətmək və yaxud da xalq musiqisi öyrətməklə kifayətlənmir. Onlara həm də bir ana kimi həyatda yol göstərir, onların tərbiyəsinə təsir edir ki, həyatda birinci insan olmaq lazımdır, sonra sənətkar. Oxuyub sənətkar olmaq olar, amma birinci cəmiyyətdə insan kimi formalaşmaq lazımdır. Çünki cəmiyyətin gözü bizlərdə, biz sənət adamlarındadır. Biz öz əxlaqımız, davranışımız, insanlığımızla bu cəmiyyətə örnək olmalıyıq. Yəni bu təbliğat ki, o vaxt bizə aşılanıb, indi də Aybəniz xanım görürsüz, öz tələbələrinə bunu aşılayır. Aşılayır ki, xalqı sevmək lazımdır. Bilirsiz, bəzi müğənnilərimiz var, camaata yuxarıdan aşağı baxırlar. Bizi dolandıran xalqdır, yüksəldən xalqdır. Xalqa yuxarıdan aşağı baxmaq olmaz. Ona görə Aybəniz xanım həmişə öz tələbələrinə həm yaxşı dərs keçir, həm də deyərdim, onlara bir insanlıq məktəbi keçir.

Bu gün də Aybəniz xanımla dostluğumuz davam edir, münasibətimiz çox yaxşıdır.  Şükür Allaha, səmimiyyətimiz həmişə yerindədir. Ailəvi yaxınlığımız var, gedirik, gəlirik. Aynişan da bizim balamızdır. Aybəniz kimi ana var ki?.. İndi gözəl balası Aynişan maşallah, Türkiyədə oxuyur. Arada ailəvi gedib-gəlirik də, internetdə Aynişanla danışır, yarıcanı ordadır. Bir övladı var, Allah gözünə çıraq etsin. Əsl Azərbaycan anası necə olmalıdırsa, Aybəniz xanım elədir. Yəni çox qayğıkeşdir. Bu insan Aynişanla nəfəs alır. Bizdə ümumiyyətlə, valideynlər necədir, hamısı öz balaları, övladları ilə nəfəs alırlar, ömürlərini övladladlarına həsr edirlər. Aybəniz xanım da elə. Yəni zəhmət çəkir. Bü gün görürsüz, bir xanım üçün toylara getmək o qədər əziyyətdir. Nə üçündür? Hamısı övladına görədir ki, övladı gözəl həyat qura bilsin, ona kömək edə, qayğılarını qarşılaya bilsin.

Allah Aybəniz xanıma cansağlığı versin. Onu öpürəm, bağrıma basıram. Ay Aybəniz xanım, Allah Aynişanı xoşbəxt etsin. O gün olsun, Aynişanın toyunu görək, çoxlu nəvələrin olsun, biz də səni təbrik edək.





















Misranə Həsənzadə
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı