Modern.az

Dünyada London, Nyu-York və Pekinin əhalisi qədər məcburi köçkün var

Dünyada London, Nyu-York və Pekinin əhalisi qədər məcburi köçkün var

7 May 2015, 10:39

Dünyada rekord sayda – 38 milyon məcburi köçkün var, bu da 2014-cü ildə hər gün ortalama 30 min insanın evini tərk etmiş olması deməkdir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə Məcburi Köçkünlərin Monitorinq Mərkəzindən Modern.az-a verilən məlumatda belə deyilir.  

38 milyon insan münaqişə və ya zorakılıq səbəbindən öz ölkəsi daxilində köçkün düşüb ki, bu da rekord göstəricidir.

Bu, Londonun, Nyu-Yorkun və Pekinin əhalisinin ümumi sayının ekvivalentidir. "Bunlar bizim dövrdə zorla didərgin salınmanın ən acınacaqlı rəqəmləridir və bizim günahsız mülki şəxsləri müdafiə etmək iqtidarında olmadığımızı göstərən əlamətdir", – deyə Norveç Qaçqınlar Şurasının (NQŞ) baş katibi Yan Egeland (Jan Egeland) bildirib.   NQŞ-nin tərkib hissəsi olan Məcburi Köçkünlüyün Monitorinq Mərkəzi (MKMM) Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində "2015-ci il üzrə qlobal icmal: Münaqişə və zorakılıq səbəbindən ölkə daxilində köçkün düşən insanlar" adlı hesabatını təqdim edib. Hesabatda dalbadal üçüncü il rekord həddə çatan məcburi köçkünlük rəqəmləri əks etdirilməklə yanaşı, həmçinin qeyd edilir ki, 2014-cü il ərzində zorakılıq hadisələri səbəbindən daha 11 milyon insan köçkün düşüb.   "Qlobal səviyyəli diplomatlar, BMT qətnamələri, sülh danışıqları və atəşkəs sazişləri insani prinsipləri deyil, siyasi və ya dini maraqları rəhbər tutan amansız silahlı şəxslərə qarşı mübarizəni uduzmuşlar", – deyə Egeland bildirib. 

"Bu hesabat hərəkətə keçmək üçün böyük bir çağırış olmalıdır. Biz milyonlarla kişi, qadın və uşaqların bütün dünyada münaqişə zonalarında girova çevrilməsi tendensiyasını dayandırmalıyıq".  

BMT QAK-ın Ali Komissarının himayə məsələləri üzrə köməkçisi Volker Türk bildirmişdir ki, münaqişə və zorakılıq səbəbindən ölkə daxilində köçkün düşən insanların heyərətamiz dərəcədə çox olması hərəkətə keçmək üçün xəbərdarlıqdır.

"Biz bilirik ki, getdikcə çoxlu sayda məcburi köçkünlər öz ölkələri daxilində dəfələrlə köç etməyə məcbur olurlar. Münaqişə nə qədər uzun sürürsə, onlar özlərini bir o qədər güvənsiz hiss edirlər və ümidsizliyə qapıldıqda çoxları sərhədləri keçir və qaçqına çevrilirlər", – deyə o bildirib.   "Məsələn, yaxın keçmişdə Aralıq dənizi bölgəsində gördüyümüz kimi, ümidsizlik insanları riskə getməyə və hətta təhlükəli səfərlərə yollanmaq riskinə baş vurmağa vadar edir. Məsələnin açıq-aydın həlli müharibənin viran qoyduğu ölkələrdə sülhə nail olmaq istiqmətində hamının səy göstərməsindən keçir", – deyə cənab Türk əlavə edib.  

 Hesabatda həmçinin uzunmüddətli və ya həddən artıq çox çəkən köçkünlüyün qlobal səviyyədə köçkünlərin sayının bu cür həyəcan doğuran dərəcədə yüksək olmasına necə şərait yaratdığı vurğulanır. 2014-cü ildə MKMM-in monitorinq etdiyi 60 ölkə və ərazinin az qala 90%-ində on illərlə və ya daha artıq müddət ərzində köçkün halında yaşayan insanlar olmuşdur.  

 "Ukrayna və ya İraq kimi ölkələrdə yeni böhranlar meydana çıxdıqca və ya böhranlar təzələndikcə artıq qlobal səviyyədə çoxlu sayda olan və didərginliklərinə son qoyulması üçün yollar tapılması mümkün olmayan köçkün əhalinin sırasına məcburi köçkünlərin yeni dalğaları əlavə olunur", – deyə MKMM-in direktoru Alfredo Zamudio bildirib.   "Bu çoxsaylı əhalinin çox hissəsini uzun illər öncə Azərbaycan və ya Kipr kimi yerlərdən köçkün düşənlər təşkil edir və adətən biz görürük ki, köçkünlük faktının özü insanları qapalı dairəyə (çıxılmaz duruma) salır və onlar bu durumda nə qədər çox olurlarsa, ondan çıxmaq bir o qədər çətin olur", – deyə Zamudio bildirib.   MKMM-in hesabatında həmçinin çox zaman köçkünlüyün ölkə daxilindəki struktur problemlərini üzə çıxarması və hökumətin məsələni bilərəkdən siyasiləşdirməsinin və ya böhranı rəsmən həll etməyə başlamaqdan imtina etməsinin onu uzatması qeyd edilir.   "38 milyon insan (çox vaxt heç bir ümidlərinin və gələcəklərinin olmadığı dəhşətli bir şəraitdə) əzab çəkir və biz bu məsələyə yanaşmamızı dəyişməyə qalxmasaq, bu münaqişələrin şiddətli dalğaları qarşıdakı onilliklər ərzində bizi təqib etməkdə davam edəcək", – deyə Egeland bildirib. 

  "2015-ci il üzrə qlobal icmal"da 2014-cü ildə baş vermiş əsas köçkünlük hadisələri, o cümlədən aşağıdakılar öz əksini tapmışdır: 2014-cü ilin sonunda 38 milyon məcburi köçkünün olması MKMM-in hesabatında 33,3 milyon nəfərin məcburi köçkün kimi göstərildiyi 2013-cü ilin göstəricisi ilə müqayisədə 4,7 milyon artım təşkil edir. Təkcə beş ölkədə: İraq, Cənubi Sudan, Suriya, Konqo Demokratik Respublikası (KDR) və Nigeriyada insanların 60%-i yenicə köçkün düşmüşdür. 2014-cü ildə didərginliyə ən çox İraq lı əhalisi məruz qalmışdır, belə ki, azı 2,2 milyon insan ev-eşiyini tərk etməli olmuşdur. Suriya əhalisinin azı 40%-i və ya 7,6 milyon insan məcburi köçkündür ki, bu da dünyada ən yüksək rəqəmdir. "Boko Haram" qruplaşmasının Nigeriyanın şimal-şərq ərazisini nəzarətə almaq və orada İslam şəriət qanunlarını tətbiq etmək kampaniyası yüz minlərlə insanı ev-eşiyini tərk etməyə vadar etmişdir. On ildən artıq müddət ərzində ilk dəfə olaraq Avropada kütləvi məcburi köçkünlük baş vermişdir ki, bunun da səbəbi Ukraynadakı müharibədir, orada 2014-cü ildə 646.500 insan ev-eşiyini tərk etməli olmuşdur.

 Hesabat 2014-cü ildə baş vermiş didərginlik hallarını işıqlandırır və hökumətlər, tərəfdaş QHT-lər və BMT orqanları tərəfindən təqdim edilmiş məlumatlara əsaslanır. Orada 60 ölkə və ərazidə münaqişə və geniş yayılmış zorakılıqlar nəticəsində yaranan məcburi köçkünlüklə bağlı rəqəmlər qeyd edilir və təhlil aparılır. Faizlər yuvarlaqlaşdırılmış rəqəmlər əsasında deyil, faktiki rəqəmlər əsasında hesablanmışdır. Bu hesabat ölkələrin daxilindəki didərginliyə həsr olunmuşdur və 2015-ci ilin iyununda təqdim olunacaq "BMT QAK-ın Qlobal tendensiyalara dair hesabatı" ilə qarışıq salınmamalıdır.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat